azia.az
azia.az

“Kübar adamlar”ın “Dəli Kür”də batan “Namus”u

21-08-2022, 16:09


Bu coğrafiyada, yəni 39-42-ci paralellərdə yerləşən ölkələrdə (Özbəkistandan Portuqaliyaya qədər) ta qədimlərdən günümüzə qədər namus üstə cinayətlər çox olub.
“Kübar adamlar”ın “Dəli Kür”də batan “Namus”u
Cinayət deyəndə başqasının arvadına, qız-gəlininə sataşanların tutulub eşşək qədər döyülməsi nəzərdə tutulmur, axırı molla-mürdəşirlə qurtaran döyülmələr, bıçaqlanmalar, güllələnmələr nəzərdə tutulur.

Bəlkə də günahın bir hissəsi həmin o coğrafi paralellərin iqlimində, günəş şüalarının yayılma tezliyindədir ki, bu regionun adamları qaynar qanlı və qısqanc olur, ona görə də əllərindən xəta çıxır.

Elm sübut edir ki, şimal qütbünə yaxınlaşdıqca insanlarda qısqanclıq hissi azalır, təmkin və soyuqqanlılıq artır. Ona görə də o tərəflərdə xəyanətlə üzləşən ərlər məsələni ya dinc yolla həll edir, boşanırlar, ya da ömür-gün yoldaşlarına “bir daha belə şey eləmə” deyir, bağışlayırlar.

Əvvəllər bu tərəflərdə bağışlama söhbəti qətiyyən yox idi, təzə-təzə əmələ gəlib. Hərçənd yenə də vaxtaşırı namus cinayətləri baş verir.


Azərbaycanın ilk xalq yazıçısı, Şamaxı ermənisi Aleksandr Şirvanzadənin “Namus” adlı bir romanı var. Həmin romanda uşaqlıqdan bir yerdə böyüyən iki gənc nişanlanır, amma qızın atası bir gün onları görüş zamanı tutur deyə nişan pozulur. (Görün, o vaxtlar necəymiş, adam öz nişanlısı ilə görüşə bilməzmiş). Daha sonra qız Rüstəm adlı birinə ərə gedir. Qızın köhnə nişanlısı Seyran, indiki jarqonla desək, cındırlıq edir, içir, küt olur, gedib Rüstəmə deyir ki, sənin arvadın Susanla aramızda intim məsələ olub. Gədə sübut olaraq Susanın sinəsində xal (birlikdə böyüdüklərindən xalın yerini bilirmiş) olduğunu deyir. Rüstəm də daha əlavə izahat işləri aparmır, aldadıldığını düşünərək Susanı öldürür. Hərçənd öldürülməli şərəfsiz o Seyran idi (Bu arada Seyran Ohanyana da lənət olsun).


Nobel ödüllü məşhur kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin “Gözlənilən bir qətlin tarixçəsi” romanında da namus üstə qətl törədilir. Bayyardo və Anxela evlənir, ancaq toy gecəsi Anxela, el dilində desək, üzüqara çıxır. Bayyardo onu valideyinlərinin evinə qaytarır. Qızın qeyrətli qardaşları Pablo və Pedro Anxeladan soruşurlar ki, bu işi kim edib. Ləçər Anxela heç bir günahı olmayan 21 yaşlı Santyaqo Nasarın adını çəkir. Qardaşlar ailənin namusunu təmizləmək üçün Santyaqonu öldürmək qərarına gəlirlər və öldürürlər.



Mərhum yazıçımız İsmayıl Şıxlının “Dəli Kür” romanında namus üstə üç faciəvi hadisə baş verir. Biri odur ki, Cahandar ağa başqasının - Allahyarın arvadı Mələyi atının tərkinə alıb qaçırdır, aparıb özünə arvad edir və buna görə Allahyar onun üstünə silahla gəlir, atışmada gözündən vurulur. İkinci də odur ki, ağanın bacısı eyş-işrət məclisi quran sekta üzvlərinə qoşulur və Cahandar kişi bunu ona bağışlamır, öldürür. Bir də sevimli atının yalının, quyruğunun qırxılmasını ağa özünə namus ləkəsi sayır və atı güllələyir.

1982-ci ildə SSRİ və Kolumbiya kinematoqrafçılarının çəkdiyi “Kübar adamlar” filmində şantaja məruz qalan alman baron öz sevdiyi qadını öz əlilə şantajçının, onun taleyini həll edə biləcək şəxsin yanına zorlanmağa göndərir, öz canını qurtarır, amma bu qurumsaqlığa görə qadının azyaşlı oğlu Qabriel onu bağışlamır, güllələyir.

Axtarsan, belə epizodlar olan romanlar və filmlər N qədərdir. Bunların hamısı həyatdan götürülüb, uydurma-filan deyil. Bir ara qardaş türklərin çəkdiyi filmlərin çoxunda mütləq kiminsə başı namus üstdə gedirdi. İstanbul soyuqqanlı olsa da, əyalətlərdə törə cinayətləri hələ də aktualdır.

Üç-dörd il öncə Gürcüstanda çəkildiyi deyilən bir video vardı. Bir dəstə adam yığılmışdı döyülüb leşi atılmış, şalvarı əynindən çıxarılmış bir nəfərin başına, ara-sıra təpikləyirdilər. Axırda bir nəfər – güman ki, namusuna sataşılmış qardaş və ya qayın – hardansa butulka tapdı və “havayı arvad varmı, əəə” deyə-deyə yerdə döşəli olan və artıq özünü qoruya bilməyən adama yaxınlaşdı... Əgər həmin şəxs o qədər döyülmədən sonra ölmədisə, canını bir butulka ilə qurtardığına görə hər il qurban kəsməlidir.

Yəni bu ölkədə başqasının namusuna sataşmaq xətalı işdir – istər yerə papaq soxmaqla məşğul olan tərəflər könüllü olsun, istərsə də könülsüz.

Bir var, cavan oğlan gənc qızın dalınca gəlib-gedəndə bir axşam iş başında yaxalansın – bu halda o, “fikrim ciddidir, özündən “hə” alan kimi elçi göndərəcəm” deyib canını qurtara bilər.

Bir də var, iş başında yaxalananların hər ikisi ailəli olsun – bu halda artıq onların fikirlərinin nə dərəcədə ciddi olduğu ortadadır, soruşmağa ehtiyac yoxdur.

Ona görə də adam gərək Ərdoğan abimiz demişkən, əlinə, belinə, dilinə sahib çıxsın – xüsusilə də ortadakına.

Bu söhbət ona görə fövqəladə dərəcədə aktuallaşıb ki, neçə gündür ortada xoşagəlməz hallar, “namusuna sataşılmış kübar adamlar” söhbəti var. Bir deyil, beş deyil, deyilənə görə, 18+-dur. Yəni eyni işarəli intim və yasaq məsələlərdə adı keçənlərin sayı 18-dən çoxdur.

Xalqımızın hirsi soyumaq bilmir. Bəziləri hətta zinakarlar üçün daş-qalaq cəzası tələb edir. Amma ölkəmizdə şəriət rejimi mövcud olmadığından bu iş olmayacaq və olmalı da deyil.

O hadisənin başqalarına dəxli yoxdur, varsa da, azdır və heç kəs “zərərçəkən”lərdən hansısa radikal qərarlar gözləməməlidir. Hər kəs öz namusuna cavabdeh olmalıdır və başqasını kəskin hərəkətlər etməyə təhrik və sövq etməməlidir. Bu, ağır cinayətdir.

Ondan da keçən yerdə, bəlkə kimsə qəbul edir, bağışlayır, kimə nə? Özləri bilər. İntuisiya deyir ki, heç zad olası deyil. Yoxsa son 12 ildə ictimailəşən seks videolarına görə indi butik qəbristanlıq salınmış olardı.

Samir SARI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi