azia.az
azia.az

Təzə gəlinləri evdən nə qaçırdır?

14-11-2018, 00:29

2-3 ay əvvəl idi, yolum rast dümüşdü, “Elit” tərəfdə bir məhəllə dükanından xırda-para alış-veriş edirdim, bir də fikir verdim ki, satıcı mənim istədiyim şeyləri qablaşdıra-qablaşdıra telefonuna baxır və başını bulaya-bulaya söylənir.

Belə görünürdü ki, adama xoşagəlməz məzmunlu mesaj gəlib. Yaxınlaşanda məlum oldu ki, yox, onun başını bulaması və söylənməsi “İnstaqram” sosial şəbəkəsinə qoyulmuş bir informasiyaya, oxumuş adamlar demişkən, spontan reaksiyasıdır.

Satıcı 29-31 yaşlarında adam idi, dedim, əmoğlu, nə məsələdir, nə yazıblar. O, təəssüf və hiddət qarışıq bir sifət ifadəsi ilə dedi ki, məllim, yenə bir gəlin qoşulub qaçıb. (“Yenə” deməsindən belə anlaşılırdı ki, əmoğlu qoşulub qaçan gəlinlərin məsələsini artıq xüsusi nəzarətə götürüb).

Hə, o xəbər. Günarotanın xəbəriydi. Saytlar bu hadisəni eninə-uzununa çək-çevir etmiş, hər üzünü yazmışdılar.

Satıcı qardaş isə o xoşagəlməz hadisəyə dair öz rezümüsini təqdim etdi, məsələyə sırf öz baxış bucağından yanaşdı: “Məllim, vallah, belə şeylərin hamısı, bax, (əlindəki telefona işarə ilə) bu internetin, mobil telefonun, ”Feysbuk"un, “İnstaqram”ın zibilləridir".

O, fikrini bir az da inkişaf etdirdi. Belə çıxdı ki, kiməsə qoşulub qaçan gəlinin mobil telefonu olmasa, “Feysbuk”da profili olmasa, “İnstaqram”a şəkil qoymamış olsa, qoşulub qaçmayacaqmış.

“Əvvəllər niyə belə şeylər olmurdu, məllim?”, - satıcı qardaş çıxışının ən zərbəçi sualını səsləndirdi və mən sakitcə dedim: “Əmoğlu, əvvəllər də belə şeylər olurdu, ölkənin bütün rayonlarında və kəndlərində bənzər hadisələr baş verirdi, sadəcə, biz ondan xəbər tutmurduq, yalnız öz kəndimizdə, uzağı, qonşu kəndlərdə olan hadisələri bilirdik. Çünki informasiya yaymaq üçün vasitələr, telefon, internet yox idi”.

“Hə də. Mən də onu deyirəm, internet, telefon yox idi, hər şey yaxşıydı”, - o dedi.

Əslində biz fərqli şeylərdən danışırdıq. Amma ta mübahisə yeri deyildi. Üstəlik, adam çıxışını davam etdirərək öz əsas problemindən danışmağa başlamışdı, deyirdi ki, bu üzdəndir, yaşı otuzu keçib, amma subay qalıb: “Kimi alım? Kimə göz qoyuram, görürəm, telefonu var, araşdıranda görürsən ki, ”Feysbuk"a da girir, “İnstaqram”a şəkil də qoyur".

Heç şübhə yox idi ki, bu düşüncə ilə o adam ya ömrünün axırına qədər subay qalacaq, ya da kiminsə qızını aldadıb, alıb, bədbəxt edəcək.

Budur, xəbər yayılıb ki, Bakıda 21 günün gəlini yoxa çıxıb. Gənc xanım hara gedib, başına nə iş gəlib, hələlik bilinmir. Qayınanası deyir, evdən bayıra çıxmırdı, özünəqapalıydı, ola bilər, azıb, yaxud kimsə başını aldadıb harasa aparıb.

Bax, bu yerdə sual çıxır, evdən bayıra çıxmayan gəlini kim aldada bilər? Qayınana da elə virtual yoldançıxarmaya işarə edir.

İndi yuxarıda sözü gedən satıcı qardaş kimi adamların əlinə fürsət düşəcək, təzə gəlinin sirli şəkildə yoxa çıxmasının sirrini çözəcək, əsl səbəbini tapacaqlar: “Hamısı internetin zibilidir”.

Qalxıb deyəndə ki, qardaşlar, bu ölkədə internetdən istifadə edən, “Feysbuk”a, “İnstaqram”a girən yüzminlərlə gəlin, milyonlarla qadın var, elə bu saat hamısı qoşulub qaçmır, ya da türkiyəli maqazinçilərin sözü olmasın, yasaq aşka yelkən açmır ki. Belələri mində, on mində bir ola, ya olmaya.

Yox, günah internetdədir, telefondadır, onlar olmasa, heç kim evdən qaçmaz. Düşüncə budur. Heç kəs gəlinləri evdən qaçırdan səbəblərdən danışmır. Sən qızını sevmədiyi, hörmət etmədiyi birinə, eşşəyin yekəsinə verərsən, o da 1-2 aydan, yarım ildən sonra qadını təpiyinin altına salanda, o qadın bir dəfə dözəcək, iki dəfə təhəmmül edəcək, üçüncüdə, əlbəttə, qaçacaq.

“Yox, internet olmayan vaxtlarda niyə qaçmırdılar” deyəcəklərsə, yenə deyək. İnternet olmayan vaxtlarda ər evində zülmə-zillətə məruz qalan qadınlar ya özlərini asırdılar, ya yandırırdılar, ya da sirkə turşusu içirdilər. Bunlara cəsarət etməyənlər il on iki ay gözlərinin altı göyərmiş halda yaşayırdılar. İnternet olmadığına görə bu durumdan heç kəs xəbər tutmurdu.

Amma indi elə deyil, durum fərqlidir. Əsas fərq də odur ki, indi evdən qaçan, özünü öldürən, vəhşicəsinə döyülən qadınlardan xəbərimiz olur. Olur da, nə edirik, ayrı məsələdir.

Samir SARI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi