azia.az
azia.az

Şəkidə vətəndaşı DÜŞÜNƏN YOXDUR... - NARAZILIQ VAR!

30-06-2022, 22:56

Şəkidə vətəndaşı DÜŞÜNƏN YOXDUR... - NARAZILIQ VAR!
Şəki rayonunun Bolludərə kəndində 130 ev var və orada 500 nəfərdən artıq sakin yaşayır. 1992-ci ilədək kəndin tələbatı Əlican çayından götürülərək xüsusi nasoslarla anbarlara vurulan və buradan paylanan su ilə ödənirdi. Sonradan həmin nasoslar sıradan çıxıb və 8,5 km məsafədə yerləşən Sarıca kəndindən başqa nasoslarla bu yaşayış məntəqəsinə su vurulmağa başlanıb.
Daha sonra həmin boru da tutularaq yararsız vəziyyətə düşdüyündən, sakinlər kənddən xeyli aralıda xüsusi avadanlıqlar vasitəsi ilə su mənbəyi yaratmalı olublar. Azia.az xəbər verir ki, sakinlərin Sputnik Azərbaycan-a bildirdiyinə görə, qışda bu qurğular vasitəsilə kəndin tələbatı ödənsə də, yaz-yay aylarında su üzünə həsrət qalırlar.

Bolludərə kənd sakini Rafiq Alməmmədov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, suya olan ehtiyacı ödəmək üçün sudaşıyan xüsusi maşınlardan istifadə edirlər. Suyun azlığı isə onların günlərlə növbə gözləməsinə səbəb olur.
"Kəndin su tələbatı bu maşınlarla ödənilir. Su çox azdır, yox dərəcəsindədir. Saatlarla burada növbə gözləyirik. Gecə saat 4-də maşını burda saxlayıb 23-cü adam oluram. Su götürə bilmirəm".
Hətta kənd sakini Qalib Hüseynov kimi günlərlə növbə gözləyənlər də olur.
"Üç gündür maşınım burada növbədədir. Su götürə bilmirəm. Həm içmək, həm də təsərrüfatda istifadə üçün bu sudan yararlanırıq. Qoyun-quzu da susuzluqdan qırılır", – deyə Qalib Hüseynov qeyd edib.
Yaranmış vəziyyətlə əlaqədar demək olar ki, hazırda bu kənddəki əksər sakinlərin su daşımaq üçün maşını var. Bu cür nəqliyyat vasitəsi olmayanlar isə suyu pulla almalı olurlar. Kənd sakini Firuzə Məmmədova kimi.

"Hər dəfə 10-15 manat pul verib su alırıq, bir neçə günə ancaq yetir. Hər şeyə görə bu sudan istifadə edirik deyə çatdırmaq olmur", - Firuzə Məmmədova əlavə edib.
Məsələ ilə bağlı Bolludərə İcra nümayəndəsi Sahib Həsənov Sputnik Azərbaycan-a bildirib ki, kənddə yerli su mənbəyi də yoxdur. Yaşayış məntəqəsinin hazırki təlabatı isə Yaponiya layihəsi əsasında Sarıca kəndindən nasoslarla su vurulması hesabına ödənir. Lakin problemin həllinə ümid var:
"Oğuz rayonunun Böyük Söyüdlü kəndindən yaxınlıqdakı Qaratorpaq kəndinə "Azərsu" ASC-nin layihəsi əsasında su xətti çəkilib. Taxıl yığımından sonra isə bu xəttin kəndimizə də gətiriləcəyi bildirilir".
"Azərsu" ASC-dən isə Sputnik Azərbaycan-a məlumat verildi ki, həmin layihə Qaratorpaq kəndində başa çatıb. Yəni, davamı gözlənilmir.
Görünən odur ki, Bolludərə sakinləri hələ bir müddət də bu cür su növbəsində dayanmalı olacaqlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi