azia.az
azia.az

Elman Məmmədov: "Saytlara baxırdım, Fəzail Ağamalının "Mən gilas ala bilmirəm” söhbətini gördüm"

23-06-2022, 14:26

 Elman Məmmədov: "Saytlara baxırdım, Fəzail Ağamalının "Mən gilas ala bilmirəm” söhbətini gördüm"
"Bu günə qədər aldığım maaş şəxsən məni qane edir, mənim üçün kifayətdir. İndiyə qədər də deputat maaşı az deyildi”.

Azia.az xəbər verir ki , bu sözləri Milli Məclisin deputatı Elman Məmmədov deyib. O, qeyd edib ki, maaş artımı digər sahələrdə də olmalıdır:

"Maaş artımı respublikada çox sahələrə şamil olunub, bu gündən sonra da şamil olunacaq. Maaşlar, pensiyalar, müavinətlər artırılır. Hesab edirəm ki, bütün sahələrdə işləyənlərin əmək haqları artmalıdır, pensiya və müavinətlər artmalıdır. Veteranlara verilən pullar artmalıdır. Müəllim və həkimlərin hamısının əmək haqlarının artmasının tərəfdarıyam. Bu günə qədər aldığım maaş şəxsən məni qane edir, mənim üçün kifayətdir. Bu günə qədər mövcud olan deputat maaşı az da deyildi. Məni qane edir və bu barədə narahatlığım da yoxdur. İndi əgər deputatların maaşı artırılırsa, bunu deputatlar özləri artırmır ki. Bu, yəqin ki, dövlət rəhbərliyinin xüsusi tapşırığı ilə olan məsələdir. Yəni, bu mənim deyib-deməməyimlə artıb-azalan deyil. Ancaq mən bu günədək mövcud olan deputat maaşımdan razıyam”.

Fəzail Ağamalının açıqlamasına münasibət bildirən Elman Məmmədov qeyd edib ki, deputat bunu o mənada deyib ki, ərzaq və qeyri-ərzaq məhsulları da o qiymətə olsun ki, onu hamı ala bilsin:

"Elə mən bayaq saytlara baxırdım, Fəzail Ağamalının "Mən gilas ala bilmirəm” söhbətini gördüm. Bəzən bu məsələni çox da dərinliyinə getmədən şərh edənlər var. Fəzail Ağamalı gilas ala bilər və maaşı kifayətdir, imkanı da var. Fəzail müəllim bunu o mənada deyib ki, yəni gilas da, digər ərzaq və qeyri-ərzaq məhsulları da o qiymətə olsun ki, onu hamı ala bilsin. Fəzail Ağamalı çox hörmətli yoldaşdır, çox da düz fikir söyləyib. O da, mən də yüksək deputat maaşı alırıq. Biz gilas ala bilərik. Amma bizim gilas almağımızla bərabər gilas yemək istəyən digər insanları da düşünmək lazımdır axı”.

Elman Məmmədov həmçinin deyib ki, bazarlardakı qiymətlərə ciddi nəzarət olunmalıdır:

"Bazarlardakı qiymətlərə nəzarət etmək lazımdır. Axı o gilası, kartofu, soğanı yetişdirən kəndli özü onu çox münasib qiymətə satır. Bunları yetişdirən kəndli özü o qədər gəlir götürə bilmir. Yəni, qiymət artımını kəndli etmir, işbazlar edir. Gedib 30-40 qəpiyə aldığı pomidoru, xiyarı gətirib bazarlarda 2-3 manata, 5 manata qoyurlar. Bu gün marketlərdə gilası 10-15 manata qoyurlar. Zülmlə xiyar-pomidor yetişdirənlər yerində, bəlkə də, onu 20-30 qəpiyə sata bilir, ya bilmir. Yəni bu, qınanılmalıdır. Bu sahəyə nəzarət etməli olan rəsmi qurumlar bahalaşmaların qarşısını almaq üçün çox ciddi fəaliyyətə keçməlidirlər. Söhbət təkcə gilasdan yox, bütün ərzaq və qeyri-ərzaq məhsullarından gedir. Sanki heç bir nəzarət yoxdur, kim hansı qiyməti istəyirsə, onu da qoyur, istədiyi qiymətə satır. Belə olmamalıdır, bu qiymətlərə ciddi nəzarət olmalıdır, süni qiymət artımına yol verənlər ciddi cəzalandırılmalıdır”. /azxeber.com/


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi