azia.az
azia.az

Fars-molla rejiminin Azərbaycandakı EYBƏCƏR TƏZAHÜRÜ... - Onların dinlə əlaqələri yoxdur...

21-06-2022, 10:22

Fars-molla rejiminin Azərbaycandakı EYBƏCƏR TƏZAHÜRÜ... - Onların dinlə əlaqələri yoxdur...
Rəsmi Bakı hər zaman çalışıb ki, Azərbaycan-İran münasibətləri qonşuluq və dostluq münasibətləri üzərində inkişaf etsin. İranla əlaqələr bəzən qarşıdurma həddinə çatsa da, məhz Azərbaycanın qonşuluq prinsiplərinə əsaslanan cəhdləri və təşəbbüsləri nəticəsində Tehranla əməkdaşlıq davam etdirilib. Xüsusən, dövlət başçılarının görüşündən sonra ölkələrarası əməkdaşlıqda yeni dövrün başlandığı deyilir. Nəzərə alaq ki, İranla Azərbaycan bir çox regional layihələrin birgə iştirakçısıdır. Cənub-Şimal nəqliyyat dəhlizi zəncirinin bir hissəsi İran üzərindən keçir.

O cümlədən, Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni yol nəqliyyat kommunikasiya layihəsinin icrası ilə bağlı memorandum da imzalanıb. Təəssüf ki, bununla yanaşı dini müstəvidə Azərbaycan-İran arasındakı münasibətlərə xələl gətirmək istəyən qüvvələrin cəhdlərinə də rast gəlirik. İrandakı bəzi dairələr din pərdəsi altında gizlənərək Azərbaycana qarşı çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Ölkəmizdə din-dövlət münasibətləri yüksək səviyyədə qurulsa da, İranın bəzi mollaları və təxribatçı televiziya kanalları Azərbaycanda guya dindarlara təzyiq edildiyini, həbsə atıldığını iddia edirlər. Reallığı əks etdirməyən hadisələri həqiqətmiş kimi təqdim edən İran mediası əsassız ittihamlarla rəsmi Bakını suçlayır. Hətta daha da irəli gedərək Azərbaycanı hədələyənlər də olur. Şübhə yox ki, düşmən qüvvələrin ölkəmizlə bağlı məkirli planları baş tutmayacaq. Çünki təhlükəli radikal meyillərin ölkəmizə daxil olmasının qarşısı həm din sahəsində fəaliyyət göstərən qurumlar, həm də dövlətin müvafiq orqanları tərəfindən vaxtında alınır. Son günlər cəmiyyətdə baş verən neqativ hadisələri “Şərq”ə təhlil edən ilahiyyatçı, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan deyib ki, İranın strateji mövqelərindən biri anti-Azərbaycan, anti-türk siyasətdir. Ekspert bildirib ki, Qarabağın və İranla həmsərhəd olan rayonların azad edilməsi, Zəngəzur dəhlizinin müzakirəsi İranda bərk narahatlıq yaradıb:

“Tehran qorxur ki, Azərbaycanın, Türkiyənin digər dünya dövlətləri ilə türk dünyası ilə əlaqələri daha da genişlənəcək. Tehran hökuməti İsraillə Azərbaycan əlaqələrinə də şiddətlə qarşı çıxır. İran bütün dünyada müsəlmanlar arasında məzhəbçi ideologiya yürüdür. Bir sistem yaradaraq, buna qarşı çıxan, qəbul etməyən müsəlmanları “kafir”, “zalım” hesab edir. 44 günlük savaş zamanı və sonrakı mərhələdə İranın qısqanclığını, haqq işimizə nə qədər maneələr yaratdığını gördük. Biz qonşuluq, sülh, qarşılıqlı əlaqələr naminə bəzən bu məsələləri çox qabartmadıq.

Lakin İran öz bəd niyyətindən geri durmur və hər fürsətdə Azərbaycanı ittiham edir. Prezident İlham Əliyevin mətbuat konfranslarından birində iranlı jurnalistlərin əsassız iddiaları, qərəzli sualları yadımızdadır. Cənab Prezident onların cavablarını verdi və öz mesajını göndərirdi. İran tərəfi əvvəlcə iddia edirdi ki, Qarabağ savaşında guya biz tərəfdən “terrorçular” vuruşub. İsrailin Zəngilanda baza yaratdığı kimi absurd açıqlamalar verirdilər.

Ancaq bunlardan bir şey çıxmadığını gördükdə başqa yollara əl atdılar. Yəni daxildəki əlaltıları vasitəsi ilə qarışıqlıq yaratmaq, “şəriət dövləti” qurmaq fikirlərini yaymağa başladılar.

Hamı gözəl bilir ki, Azərbaycanda dindarlara heç bir təzyiq yoxdur. İranın buradakı təxribatçılarının isə dinlə əlaqəsi yoxdur. Onlar dini alət kimi istifadə edərək inanclı kəsimdən öz məqsədləri naminə yararlanmaq istəyirlər. Radikal fikirlər səsləndirirlər, əhalini konstitusion quruluşa itaətsizliyə çağırırlar. Xaricdən və daxildən açıq-aşkar dövlət əleyhinə fəaliyyət göstərirlər”.

T.İrfan hesab edir ki, hüquq-mühafizə orqanları operativ işləməli, ilahiyyatçılar, din xadimləri susqunluq göstərməməlidir:

“Cəmiyyətə nüfuz etmiş təxribatçılar islah edilməlidir. İran özü milli fəalları asır, işgəncə verir, sürgün edir. Azərbaycan xalqı İranda heç bir hüquqa malik deyil. Öz dillərində danışmağa imkan vermirlər. Dini ayrı-seçkilik, məzhəbçilik baş alıb gedir.

Ancaq Azərbaycandakı tolerantlıq dünyaya nümunədir. Bütün Qafqazın şeyxi, cənab Allahşükür Paşazadə İranın ittihamlarına yüksək səviyyədə cavab verməlidir. Çünki məlum tərəf dini əldə bayraq edir. Sonrakı mərhələdə isə siyasilər cavab verməlidir.

Ermənistan Qarabağda məscidləri təhqir edəndə, dağıdanda İran niyə susurdu? İranın Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, ənənəvi dini etiqadına yad olan siyasiləşmiş şəxsləri qabağa verməsi, Azərbaycanda təxribata cəhd etməsi yolverilməzdir”.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi