AZAL bərbad gündədir, təcili ciddi addımlar atılmalıdır - ÇAĞIRIŞ
“Quru sərhədləri uzun müddətdir bağlıdır. Karantin şərtləri və tədbirləri də xeyli yumşalıb. Amma quru yolların nə zaman açılacağı ilə bağlı ağlabatan bir açıqlamalar verilməyib. Yolların bağlı olması müxtəlif fikirlərin formalaşmasına yol açır. Bəziləri bunu AZAL-ın maraqları üçün, bəziləri təhlükəsizlik məqsədilə, bəziləri isə daxili turizmin inkişafı üçün edildiyini düşünürlər. İstənilən halda, düşünürəm ki, Rusiya və ya İran istiqamətində məhdudiyyətlərin mərhələli formada aradan qaldırılması, Gürcüstanla isə yolların dərhal açılması üçün şərait artıq çoxdan yetişib”.
Azia.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Bildirib ki, mövcud şəraitdə bu yolların qapalı saxlanılması doğru deyil; bu hal həm ciddi narazılıqlar yaradır, həm də müxtəlif sahələri inhisarda saxlayanların maraqlarına xidmət etmiş olur.
O.Gündüz bildirib ki, AZAL-ın “ən bahalı uçuş” problemi isə uzun müddətdir ki, öz həllini tapa bilməyib. Bu problem hazırda yenidən cəmiyyəti ciddi narahat edən məsələyə çevrilib. Müxtəlif şəhərlərdən müxtəlif istiqamətlər üzrə, İrəvan-X, Kutaisi-X, Tbilisi- X, Bakı –X istiqamətləri üzrə aviabiletlərin qiymətinin müqayisəsi AZAL-dakı durumun hədsiz dərəcədə bərbad olduğunu göstərir: “Xatırlayıram ki, Prezident səviyyəsində də bu məsələyə münasibət bildirilmişdi. O zaman qısa müddət bu sahədə qayda yaradılsa da görünən odur ki, problem daha pis formada davam edir.
AZAL-ın rəqabət qabiliyyətini yüksəltmək və vəziyyəti yaxşılaşdırmaq üçün yaradılan Müşahidə Şurası da görünür, hələlik bu sahədə ciddi dönüş yaratmaqda çətinlik çəkir. Bu qurumda audit işlərinin aparılması və nəticələri haqqında da cəmiyyət məlumatsızdır. Düşünürəm ki, Müşahidə Şurası və aidiyyəti qurumlar ən qısa müddətdə büdcədən xeyli vəsaitlər alan AZAL-ın qiymət siyasətinə yenidən baxılması üçün ciddi addımlar atmalı, bununla bağlı hökumətə təkliflər verməlidir. Naxçıvana təyyarə biletləri tapılmır, uzun növbələr yaranıb, aviabiletlərin turizm şirkətlərinə satıldığı bildirilir. AZAL bu istiqamətə də uçuşların biletini qaldırıb. Təyyarələr çatışmır. Quru yollar bağlı olduğundan və Türkiyəyə birbaşa reyslərin bileti də hədsiz baha olduğundan sərnişinlər Bakı - Naxçıvan reysini seçərək Naxçıvan üzərindən Türkiyəyə keçmək istəyir. Bu səbəbdən də həmin istiqamətdə uçuş tələbat artıb və AZAL bu tələbatı ödəyə bilmir. Düşünürəm ki, hökumət bu məsələyə ciddi müdaxilə etməlidir, təyyarələrin sayının artmasına diqqət yetirməli, gediş üçün seçim imkanlarını artırmalıdır”.
Forum prezidenti qeyd edib ki, uzun müddətdir ki, Azərbaycanda dəmir yolunda da daxili istiqamətlərdə sərnişin daşımaları dayandırılb. Ölkədaxili qatarların hərəkətinin ləğv edilməsi ilə bağlı heç bir ağlabatan açıqlamalar verilməyib. Yalnız bir dəfə ADY bu haqda məlumat verib ki, yerli istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçid işləri aparılır: “Bu işlər tamamlandıqdan sonra qatarların ölkədaxili fəaliyyəti bərpa ediləcək”. Müşahidələr isə göstərir ki, yerli dəmir yol xətləri də bərbad gündədir və aparılan yenidənqurma işləri haqqında heç bir açıqlama verilməyib. Nazirlər Kabinetinin rəsmi açıqlamasına görə dəmir yolu ilə sərnişin daşımasındakı problemlər Operativ Qərargahın göstərişi deyil və bu, təbii inhisar subyekti olan ADY ilə bağlıdır. Lakin iki ildir ki, yerli istiqamətlər üzrə, Bakı- Balakən, Bakı – Ağstafa, Bakı –Astara , Bakı – Qazax istiqamətləri üzrə qatarlar işləmir. Düşünürəm ki, təbii inhisar subyektləri olan AZAL və ADY-nin apardığı siyasət, formalaşdırdığı mühit və cari addımları mövcud normalara ziddir. Əgər uzun illər fəaliyyət göstərən təbii inhisarçı göstərdiyi xidməti süni olaraq əngəlləyərsə onda ölkəmiz üçün və vətəndaşlarımız üçün daha dözülməz mühit formalaşacaq. Ümid edirəm hökumət, xüsusilə də Antiinhisar Dövlət Xidməti, RİNN və hər iki qurumun Müşahidə Şurası mövcud durumu dəyişmək üçün səylərini gücləndirəcəklər”.