azia.az
azia.az

Parisdə Azərbaycanın Müstəqillik Günü və UNESCO-ya üzvlük qeyd edilib

24-05-2022, 07:42


Azərbaycanın Müstəqillik Günü və UNESCO-ya üzvlüyünün 30 illiyi Parisdə qurumun igamətgahında qeyd edilib.
Parisdə Azərbaycanın Müstəqillik Günü və UNESCO-ya üzvlük qeyd edilib
“Report”un Fransa bürosu xəbər verir ki, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə respublikamızın UNESCO yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilən tədbirdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Elman Abdullayev, UNESCO baş katibinin müavini Firmin Edouard Matoko, İcraiyyə Şurasının prezidenti Tamara Rastovac Siamaşvili, qurumun digər rəsmiləri, diplomatik korpusun təmsilçiləri, akademiklər və ictimaiyyət nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Elman Abdullayev Azərbaycan Demokratik Cumhuriyyəti haqqında məlumat verib, onun qadın hüquqları və demokratiyanın inkişafındakı rolundan danışıb. E.Abdullayev Azərbaycanın UNESCO-ya üzvlüyünün 30-cu ildönümü, Azərbaycan ilə qurum arasındakı əməkdaşlığa da toxunub.

Mərasimdə çıxış edən UNESCO rəsmiləri Azərbaycanın təşkilatdakı aktiv fəaliyyətindən bəhs ediblər.

Tədbirin rəsmi hissəsi “Qarabağ” muğam qrupunun konserti ilə davam edib. Konsertdə Azərbaycanın Xalq artisti Mənsum İbrahimov və gənc xanəndə Gülzar Fərəcova, Xalq artisti Elçin Haşımov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) müşayiətində Azərbaycan xalq mahnıları, təsniflər və muğam nümunələri ifa ediblər.

Həmçinin konsertdə “Junior Eurovision-2021” mahnı müsabiqəsində Azərbaycanın təmsilçisi olmuş gənc musiqiçi Sona Əzizova tamaşaçılara “Şuşam mənim” və “O günlərdən biri” mahnılarını təqdim edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi