azia.az
azia.az

“...Efirlərdə biabırçı epizodlar çox olacaq”

7-05-2022, 07:12

“...Efirlərdə biabırçı epizodlar çox olacaq”
Qulu Məhərrəmli:“ Tamaşaçı anlayanda ki, aparıcının heç bir səviyyəsi, adi elementar hazırlığı yoxdur, daha nə o telekanala baxır, nə də o proqramı izləyir”

Kamran Həsənli: “Onların Əhməd Cavaddan xəbərləri yoxdur, tarixi bilgiləri çox azdır. Əsas meyarları sadəcə yalançı reytinqdir

Ötənlərdə ARB-nin canlı yayımlanan “Xəbər-ətər” proqramında əsl rəzalət yaşanıb. Milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi çərçivəsində təşkil olunan proqrama onun nəvəsi Anar Axundzadə dəvət olunub. Zümrüd Bədəlova adlı aparıcı isə görünür, qarşısındakı qonağını efirinə çağırdığı ənənəvi adamlardan biri hesab etdiyindən özünü gülüş hədəfinə çevirəcəyini düşünməyib. Belə ki, aparıcının A.Axundzadəyə “Babanızı görmüsünüzmü?” sualı elə müsahibin özünü təəccübləndirib. Bir anlıq jurnalistə nəzər salan A.Axundzadə də təəccübünü gizlətməyərək, “Babam 1937-ci ildə güllələnib” deyə cavab verib. Aparıcının növbəti açıqlaması isə əsl biabırçılıq olub.

Tamaşaçılara üz tutan Z. Bədəlova “Bir azdan sizə Əhməd Cavad kefi yaşadacağıq” deyib. ARB-də baş verən bu olay sosial şəbəkələrdə də müzakirə mövzusu olub.Tanınmış jurnalist Rövşən Hacıbəyli bu olayın ölkə televiziyalarının real mənzərəsinin ifadəsi olduğunu deyib: “ Bu aparıcı hələ bilmir ki, Əhməd Cavad güllələnəndə Anarın atasının 2 yaşı olub”.

Telekanalda baş verən hadisəni “Sherg.az”a şərh edən media eksperti, professor Qulu Məhərrəmli bildirib ki, efirdə bu cür halların yaranması təəssüf doğurur:

“Tamaşaçı anlayanda ki, aparıcının heç bir səviyyəsi, adi elementar hazırlığı yoxdur, daha nə o telekanala baxır, nə də o proqramı izləyir.Yəni, insanda telekanala qarşı mənfi münasibət yaranır. Hesab edirəm ki, bu kimi halların yaranmasının əsas səbəbi aparıcıların verilişə, müsahibəyə lazımınca hazırlaşmaması ilə bağlıdır. Veriliş hazırlanması ilə bağlı adi qayda var ki, bu mövzunu dərindən bilmək, araşdırmaq, əl altında olan mənbələr vasitəsilə mövzunu mənimsəmək və qonağın bioqrafiyasını bilməkdir. İndiki halda bu o deməkdir ki, aparıcı studiyaya kimin gəldiyini, söhbətin nədən getdiyini lazımı səviyyədə bilmir. Sadəcə formal olaraq, müsahibə edib, özü də o müsahibənin predmetinə uyğun olmayan leksikadan istifadə edib”.

Professor bu hadisələrin qarşısını almaq üçün atılmalı olan addımları sadalayıb:

“Televiziya rəhbərləri aparıcıların seçilməsinə çox həssas yanaşmalıdır. Çünki hər bir aparıcı televiziyanın siması, onun təmsilçisidir. Bu təmsilçilik nə qədər yüksək səviyyədə olarsa, bir o qədər yaxşıdır. Bu səbəbdən ilk olaraq, tələblər artırılmalıdır. İkincisi, proqram üzərində iş gedən zaman bu məsələlərə diqqət verilməlidir. Adi görülməli olan işləri vicdanla və yüksək səviyyədə reallaşdırmaq lazımdır. Belə olmayanda, əlbəttə ki, biabırçı epizodlar çox olacaq”.

Sözügedən hadisəni tanınmış jurnalist Kamran Həsənli də tənqid edib. O, bildirib ki, biz illərdir nəinki, televiziya aparıcılarını, habelə rəhbərlərini tənqid edirik:

“Onların Əhməd Cavaddan xəbərləri yoxdur, tarixi bilgiləri çox azdır. Əsas meyarları sadəcə yalançı reytinqdir. Özləri üçün bahanə yaradıblar ki, insanlarımız ciddi verilişlərə baxmırlar. Ancaq internetdə görürük ki, insanlar 1-2 saatlıq siyasi verilişlərə böyük maraqla baxırlar. Heç televiziyaların elə baxışları yoxdur.

Ümumiyyətlə, rəhbərlikdən çox şey asılıdır. Dediyim kimi heç bir milli düşüncələri, tarixi bilgiləri, milli təəssübkeşlikləri yoxdur. Çünki Əhməd Cavad sıradan şair deyil. O , təkcə Azərbaycan Demoraktik Respublikasının yaradıcılarından deyil. O, himnimizin sözlərini yazan bir şəxsiyyətdir.

İnanmıram ki, normal ölkələrdə, Fransada, Almaniyada, Türkiyədə kimsə himnin sözlərini yazan şairin və ya ədibin tərcümeyi-halını bilməsin”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi