Əhməd Cavadın nəvəsi Anar Axundzadə: “ DNK testini məndən götürəcəklər”
Azərbaycanın görkəmli şairi, ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan, 1937-ci ildə repressiyanın qurbanı olmuş Əhməd Cavadın nəvəsi Anar Axundzadə “Sherg.az”a müsahibə verib
Azia.az müsahibəni oxucularına təqdim edir.
– Nakam şairimiz Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı iddiaların araşdırılması üçün ölkə başçısı işçi qrupunun yaradılması barədə göstəriş verib. Bu məlumatlardan sonra babanız Əhməd Cavadın da nəşinin məhz Qaradağ rayonun Puta qəsəbəsində olduğuna dair ehtimallar irəli sürüldü. Buna münasibətiniz necədi ?
-Babamın qalıqlarının tapılması ilə bağlı həmin işçi qrupu araşdırma aparır. Amma hələ ki, heç nə dəqiq bilinmir. DNK testi lazım olarsa, bizə xəbər edəcəklər. İşçi qrupu ilə danışmışam. Onlar bildirdilər ki, nə isə lazım olarsa, mənə xəbər edəcəklər.
-Əhməd Cavadın harada qətlə yetirilməsi ilə bağlı yəqin ki, maraqlanmısınız, araşdırmalar aparmısınız. Sizin özünüz hər hansı bir məlumat əldə edə bilmisinizmi ? Onun qalıqlarının harada olmasına dair sizdə bir ehtimal, məlumat varmı ?
– Əlbəttə, araşdırmalar aparmışıq. Amma dəqiq məlumat tapa bilmədik. Əvvəllər bir neçə bir neçə versiya vardı. Kimi iddia edirdi ki, Kürdəmirdə güllələyiblər. Kimi deyirdi ki, işgəncələr məruz qalıb rəhmətə gedib. Dəqiq bilinmirdi. Onu deyim ki, atam MTN-nin arxivində repressiya ilə bağlı sənəd və ya işlə tanış olub.O sənədlərdə də yer göstərilməyib. Ə.Cavadın qalıqlarının Qaradağın Puta qəsəbəsində olmasına dair versiya o vaxt da var idi. İndi də iddia edirlər ki, ola bilsin Əhməd Cavadın da qalıqları oradadır.Y enə deyirəm bunlar sadəcə iddialar və ya ehtimallardır. Heç kim dəqiq heçnə bilmir.
-Əhməd Cavadla bağlı DNK testini yəqin elə sizdən götürəcəklər…
– Oğul nəvəsi mənəm, yəqin məndən götürüləcək. Ona deyim ki, işçi qrupu məndən soruşdu ki, Əhməd Cavadın ana tərəfindən kimsə varsa, o da yaxşı olardı. İndi də araşdırıram. Əhməd Cavadın ana tərəfi Şəmkirin Seyfəli kəndindəndir. O kəndə sorğu göndərimişəm. Bildiyim qədər Əhməd Cavadın ana tərəfindən kimsə qalmayıb. Amma hər halda axtarırıq. Hələlik dəqiq bir məlumat yoxdur. Görək, necə olur. Tapılsa yaxşı olar.
– Anar bəy, millət vəkili Tahir Kərimli Milli Məclisin ötən həftə baş tutan plenar iclasında sözləri Əhməd Cavada məxsus himnimizin sözlərinin ya qısaldılması, ya da dəyişdirılməsi təklifi ilə çıxış etdi…
– T.Kərimliyə cavab verməyə ehtiyac qalmadı. Elə öz həmkarları onun cavabını verdilər. Mən ona nə deyim ?! Bu məsələyə münasibət bildirmək istəmirəm. Deputat həmkarları və sosial şəbəkələrdə ona tutarlı cavab verdilər. Əlbəttə, bu məslənin müzakirəyə çıxarılması bizə də pis təsir edir. Xoşagəlməz haldır, narahat oluruq. Buna rəğmən düşünürəm ki, T.Kərimliyə cavab verməyə ehtiyac yoxdur.
– Anar bəy, Əhməd Cavdın nəvəsi olmaq necə bir hissdir, bu sizə nə verib və ya tam əksinə sizdən nə alıb ?
-Bu, çox qürurverici məsələdir. Ə.Cavadın nəvəsi, varisi olmaq asan deyil. Bu, çox çətin və məsuliyyətli məsələdir. Mən hansısa bir addım atmazdan öncə, birinci Əhməd Cavadı, sonra öz atam Yılmaz Axundzadəni düşünürəm. Çünki atam da Azərbaycanda tanınmış şəxsiyyətlərdən biri idi, millət vəkili olub. Bu, üzərimə ikiqat məsuliyyət qoyur.
– Atanız Yılmaz Axundzadə Əhməd Cavadla bağlı sizə hər hansı bir xatirə ərz edirdimi ?
– Xatirə deməzdim, amma atam Əhməd Cavadın bir istəyini, arzusunu yerinə yetirib. O vaxt payız fəsli idi, atam evə gəldi və bizi başına yığıb, söylədi: “Mən atamın – Əhməd Cavadın bir ali arzusunu yerinə yetirdim. Bu gün Azərbaycanın müstəqillik aktına ilk imza atanlardan biri də mən oldum”.
– Atanız Y.Axundzadə sağ olsaydı, Əhməd Cavadla bağlı cərəyan edən bu proseslərə necə reaksiya verərdi?
– Atam rəhmətə gedənə kimi bir arzusu vardı. O çox istəyirdi ki, Əhməd Cavadın qalıqları tapılsın, onu müsəlman adət-ənənələri ilə torpağa dəfn edək. Əhməd Cavadın bir qəbri olsun, gedib üstündə “Quran” oxutduraq, məzarı üstünə gül qoyaq. Bu, atamın ən müqəddəs arzusu idi. Bu arzu atamın ürəyində qaldı. Amma indi bu məsələlərin üstündə düşüblər. Babamın qalıqlarının tapılacağına inanıram, buna çox ümid bəsləyirəm. Əhməd Cavad, Mikayıl Müşafiqlə yanaşı çox aydınları məhv ediblər.
– Babanızın qalıqları tapılarsa, onun harada dəfn olunmasını istərdiniz ?
– Yanılımıramsa, ötənlərdə millət vəkili Rəfael Hüseynov bildirdi ki, köhnə “26- lar” bağının adını dəyişib, “Repressiya qurbanları bağı” etsinlər. Həmçinin repressiyya qurbanlarını orada dəfn edib, hər birinə üzərində adları yazılmaqla heykəl qoysunlar. Düzdü, istərdim, babamın qalıqları tapılsa, Fəxri Xiyabanda dəfn olunsun. Amma hər halda bu, ölkə rəhbərliyinin qərarından asılı məsələdir.
– Cənab Prezidentin bu məsələlərə diqqət göstərib, işçi qrupunun yaradılmasına dair göstərişini necə dəyərləndirirsiniz?
– Ölkə başçısının bu addımına ailmiz də çox sevindi. Ailəm və şəxsən öz adımdan Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm Çox təqdirəlayiq addımdır. Çox xoş oldu. Cənab Prezident tapşırıq verib, bütün məsələlər onun nəzarətindədir. Hesab edirəm ki, bütün qaranlıq məsələlərin hamısı aydınlığına qoşuvaşacaq.