“Revanşist qüvvələr və rəhbərləri gec-tez məhkəməyə cəlb olunacaq” - Başqa yolu YOXDUR!
44 günlük müharibənin nəticələri Ermənistanın ölkədaxili vəziyyətinə təsirsiz ötüşməyib. İrəvan hökumətində istefalar səngimir. Mövcud situasiyada güc strukturlarında da “təmizləmələr” aparılır.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan vəzifəsindən azad edilib.Bu barədə Prezident vəzifəsini icra edən Alen Simonyan sərəncam imzalayıb.
Qeyd edək ki, o, ötən ilin martın 22-də bu vəzifəyə təyin edilmişdi. DİA.AZ-ın məlumatına görə, Ermənistandakı vəziyyəti "Sherg.az"a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, rəsmi İrəvanda 44 günlük müharibənin nəticələri ilə bağlı müəyyən araşdırmalar aparılır:
"Araşdırmaların məqsədi hər bir vəzifəli şəxsin işini yerinə yetirməsinin qiymətləndirilməsidir. Paşinyan gələndə Müdafiə Nazirliyinin şəxsi heyətini, komandirləri dəyişə bilməzdi. Elə bir kadr potensialı yoxdur. Ermənistan Ordusunda hələ də revanşist qüvvələrə rəhbərlik edən, Köçəryan, Sarkisyan cütlüyünə meyl göstərən, sifarişləri gerçəkləşdirən şəxslər var.
Post müharibə dövründə seçkilər keçirilmişdi, hərbçilərin çox hissəsi Köçəryanı dəstəkləyir, Paşinyana qarşı idi. Bugünə qədər atəşkəsin pozulmasının səbəblərində revanşist qüvvələrin təsiri altında komandir heyətinin təxribatlar törətməsi üçün şərait yaradılması istisna olunmur. Ordu iqtidar yox, müxalif mövqedədir. Bu hələ azad olunacaq birinci vəzifəli şəxs deyil. Baş qərargah rəisinin azad olunması onun mövqeyindən, Paşinyanın siyasətini Orduda düzgün həyata keçirməməsindən xəbər verir".
Ş.Ramaldanovun sözlərinə görə, rəhbər vəzifələrə N.Paşinyanın siyasətini düzgün həyata keçirə bilən, onu dəstəkləyən kadrların gətirilməsilə müşahidə ediləcək:
"Özünün inandığı kadrlar nə qədər çox olsa, bir o qədər stabillik faktı yüksəlir. Azərbaycan Prezidentinin müdrik addımının nəticəsi olaraq imzalanan “Moskva Bəyannaməsi” məhz sülhün bərqərar edilməsi, təxribatların azalmasına xidmət edən amildir. Revanşist qüvvələr və rəhbərləri gec-tez məhkəməyə cəlb olunacaq. Hazırda regiondakı geosiyasi vəziyyət və reallığa əsasən Azərbaycanın ağıllı siyasəti , diplomatiya sahəsində uğurlu gedişləri nəticəsində üçbücaq - Azərbaycan, Türkiyə, Rusiya yaranıb. Sözügedən üçbucaq iqtisadi layihələrin inkişafına, gələcəkdə nəzərdə tutulan Zəngəzur dəhlizinin açılmasına hesablanıb. Normal erməni xalqı, düzgün vəziyyəti qiymətləndirən cəmiyyət də, müttəfiqlik sənədindən sonra durumu real dəyərləndirə bilməsi üçün stabilliyə yönəlmiş addımdır. Müttəfiqlik Rusiya, Azərbaycan maraqlarını tam təmin edir. İnftastrukrun dirçəlməsində, imkanların inkişafında böyük rolu var. Prezidentin dediyi kimi, 14 böyük şirkət Azərbaycanda investisiya qoymaq, prosesdə iştirak etməklə bağlı müraciət ünvanlayıb. Belə vəziyyətdə Paşinyan üçün ölkəsində ikili yanaşmanın olmadığı komandanlığın təşkili vacibdir".
Mənbə:My Webpage