azia.az
azia.az

Azərbaycanda ölən şəxsin pensiya kapitalı varisinə veriləcək? - Komitə sədri AÇIQLADI

28-01-2022, 14:30

Azərbaycanda ölən şəxsin pensiya kapitalı varisinə veriləcək? - Komitə sədri AÇIQLADI
Azərbaycanda ölən şəxsin pensiya kapitalının varisinə ötürülməsi ilə bağlı məsələ zaman-zaman gündəmə gəlsə də, bu məsələ hələlik öz həllini tapmayıb. Bu günlərdə parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında komitə üzvləri şəxs vəfat edərkən onun pensiya kapitalının taleyi ilə bağlı məsələ qaldırıblar. Bəs görəsən bu məsələ ilə bağlı qanunvericliyə dəyişiklik edilə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev cavablandırdı. O bildirdi ki, bu məsələ komitə iclasında deputatların subyektiv fikri kimi səsləndirilib:

“Hazırda Milli Məclisdə belə bir qanun layihəsi hazırlanmır. Azərbaycanda pensiyaçı vətəndaş dünyasını dəyişirsə, onun pensiya kapitalından pensiya hüququ olan ailə üzvləri istifadə edə bilər. Məsələn, kişi vəfat edirsə və onun pensiyası həyat yoldaşının pensiyasının məbləğindən çoxdursa, sağ qalan şəxs vəfat edənin pensiyasından istifadə edə bilər. Həmçinin, ailə başçısının itirildiyi zaman onun pensiyası əmək qabiliyyəti yaşda olmayan övladlarına və ya uşaqlıqdan əlil olan ailə üzvü bu pensiyanı ala bilər”.

Deputat bildirib ki, dünya təcrübəsində özəl sosial sığorta fondları var:

“Bu fondlar da könüllü sosial sığorta fondu hesab edilir və yığılan vəsaiti həmin şəxsin varisi istədiyi şəkildə istifadə edə bilir. Lakin Azərbaycanda icbari sosial sığorta, yəni dövlət sosial sığorta fondu var. Burada icbarilik prinsipi əsas götürülür. Özəl və könüllü sosial sığorta fondları olmadığına görə, bizim qanunvericiliyimizdə belə bir qanun yoxdur. Ona görə digər hallarda pensiya kapitalından istifadə etmək imkanı da olmayacaq. Hazırda Milli Məclisin gündəliyində bu məsələ yoxdur. Aprel-may aylarında əmək pensiyaları sahəsində indiyədək aparılan islahatlar, əldə olunan nəticələr, qarşıya çıxan çətinliklər və perspektivlər mövzusunda dinləmə keçirməyi planlaşdırırıq. Həmin dinləmənin nəticəsi olaraq qanunvericiliyə dəyişiklik təşəbbüsü olarsa, biz bu məsələni qanunvericiliyə gətirəcəyik. Srağagün komitənin iş planında müzakirələr zamanı isə deputatlar öz subyektiv fikirlərini bildirib”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi