azia.az
azia.az

"Bu gün Azərbaycan vəkilliyinin ciddi bir problemi var"

27-12-2021, 15:23

"Bu gün Azərbaycan vəkilliyinin ciddi bir problemi var"
"Dekabrın 28-i Azərbaycanda “Vəkil günü”dür. Cənab İlham Əliyevin xüsusi diqqətinin nəticəsidir, vəkillərimiz artıq 3-cü ildir öz peşə bayramlarını qeyd edirlər. Vəkillərin peşə bayramının qeyd edilməsi dünyada geniş yayılmış bir təcrübə deyil və üstəlik digər prosessual şəxslər, təhqiqatçı, müstəntiq, hətta, hakimlərin ayrıca peşə bayramları olmadığı halda, "Vəkil günü"nün təsis olunması vəkilliyin nüfuzunun artırılması istiqamətində ciddi iradə nümayişidir".

E-huquq.az-ın məlumatına görə, bu sözləri deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Azərbaycan vəkilliyi inkişaf dövrünü yaşayır: "Xüsusən, son 4 ildə aparılan islahatlar vəkilliyin simasını müsbət mənada dəyişdirməkdədir. Lakin problemlər də var. Vəkillərin pensiya təminatı, ağır vergi və sosial ödəniş yükü, habelə, dövlət hesabına ödənilən məbləğin artırılma zərurəti kimi məsələləri dəfələrlə parlament tribunasından da səsləndirilib və məndə olan məlumata görə, yaxın dövrlərdə bu istiqamətdə ciddi yeniliklər gözlənilir. Həmçinin, vəkilliyə qəbul üçün tələb olunan təcrübənin azaldılması, habelə, cinayət prosesində vəkilə ittiham tərəfi ilə bərabər prosessual imkanların yaradılması kimi ciddi nüanslar həllini gözləyir. Amma bu, qanunvericilik səviyyəsində əsaslandırılıb həll edilə biləcək məsələlədir".

Deputat Azərbaycan vəkilliyinin çox daha ciddi bir problemi olduğunu deyib: "Bildiyimiz kimi, müdafiəçi müdafiə etdiyi şəxsin şəxsiyyəti baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz. Vəkil terrorçunu, qulduru da müdafiə edə bilər, bu o demək deyil ki, onları müdafiə edirsə, vəkil də cinayətkardır. Artıq biz cəmiyyətdə tədricən bu mühiti formalaşdıra bilməkdəyik. Lakin təəssüflər olsun ki, bəzi vəkillərimiz özləri hələ eyniləşdirmənin təsirindən çıxa bilmir. Bəzən görürük ki, vəkil hansısa müxalifət funksionerini müdafiə edərkən özü daha radikal bir müxalifətçiyə çevrilir. Adam müdafiə fəaliyyətini atıb bir kənara məhkəməni siyasiləşdirir, antidövlət kampaniyaları başladır və sair. Açıq deyim ki, xaricdən ayrı-ayrı qüvvələrin məhz belə vəkilləri qəsdən qəhrəmana çevirməsi, “dövlətlə döyüşməyin cəsarətli vəkilliyin göstəricisi olması” barədə məqsədli təbliğatı təəssüf ki, bu kimi hallara rəvac verir. Bilirsiniz, vəkil başa düşməlidir ki, onun rəqibi dövlət deyil, vəkil ittiham tərəfi ilə çəkişməlidir".

B.Məhərrəmov dövlətin vəkilliyi zəiflətməkdə maraqlı olmadığını bildirib: "Oxşar inkişaf yolu keçən bir sıra dövlətlərdə vəkillik icra hakimiyyətinin tabeliyindədir. Hətta, bəzilərində vəkil vəsiqəsini də Ədliyyə Nazirliyi verir. Azərbaycana baxaq, cənab Prezidentin 22 fevral 2018 və 3 aprel 2019-cu il tarixli Sərəncam, Fərmanlarında da müstəqil və güclü vəkillik institunun formalaşmasında dövlətin marağı ifadə olunur. Bu mənada, hesab edirəm ki, bu yersiz düşüncə və cəhdlərdən imtina edib, diqqəti peşəkar fəaliyyətə yönəltmək işin xeyirinə olar və inanıram ki, belə də olacaq".

O, çıxışının sonunda vəkilləri təbrik edib: "Başda Vəkillər Kollegiyasının sədri, sədr müavinləri, vəkil büro rəhbərləri olmaqla, hər bir vəkilimizi Peşə bayramı münasibəti ilə təbrik edirəm. Eyni zamanda vəkilliyin inkişafına ciddi dəstəyinə görə cənab Prezidentə, Parlament səviyyəsində dəstəyini əsirgəmədiyinə görə Sahibə xanıma və deputat həmkarlarıma təşəkkür edirəm".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi