Deputat: “Xarici ölkələrdəki məktəblərdə valideynlərin ianəsi hesabına bir çox işlər görülür”
“Təhsil naziri Emin Əmrullayevin bu gün keçirdiyi brifinqdə səsləndirdiyi bəzi fikirlər, təəssüflər olsun ki, ictimaiyyət tərəfindən düzgün anlaşılmayıb. Nazirin fikirləri tamamilə fərqli məcralara yönləndirilib. Hesab edirəm ki, Emin Əmrullayevin məktəblərdə pul yığımının könüllü prinsiplərə əsaslanmasının problem yaratmayacağı fikri normaldır, çünki bu, dünya praktikasında müşahidə edilir. Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə şagirdlərin valideynlərinin ianəsi hesabına bir çox işlər görülür. Xeyriyyəçilər təhsil aldıqları müəssisələrə müəyyən mənada dəstək olurlar”.
Bunu Pravda.az-a açılamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, məzunların şagirdlərə və yaxud da məktəbin maddi-texniki bazasının yaxşılaşdırılmasına kömək etmələri normal qarşılanmalıdır: «Sadəcə olaraq, bu, şəffaf səkildə həyata keçirilməli və heç bir məcburiyyətdən söhbət getməməlidir. Hesab edirəm ki, həmin ənəni gələcəkdə Azərbaycanda da aktivləşəcək. Belə olan halda, həm iş adamları, həm də məzunlar vaxtilə oxuduqları məktəblərə vəfa borclarını yerinə yetirmək üçün lazımi dəstəyi göstərəcək və ianələr verəcəklər. Bu ənənə Avropada, eləcə də Amerikada artıq həyata keçirilir. Fikrimcə, təhsil sahəsində həyata kecirilən bütün islahatlar yaxın illərdə bəhrəsini verəcək. Valideynlərin övladlarının daha yaxşı məktəblərdə və universitetlərdə oxuması kimi istəkləri reallaşacaq”.
Qeyd: Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə bildirib ki, məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir: “Bu, cəmiyyətin xroniki problemidir. Mən oxuduğum müddətdə də belə problem var idi. Rüşvətin əleyhinəyəm. Valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır”.