azia.az
azia.az

Bakıda gecəylə sökülmüş tikili ixtilafı: tərəflər bir-birini suçlayır - FAKTLAR

18-12-2021, 13:46


Bakıda idmançıların klubunu gecə ilə uçuran tikinti şirkətinə qarşı açılan cinayət işi üzrə qərar çıxarılıb. İşi araşdıran Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi İsa Həbibzadə cinayət təqibi ilə bağlı icraata xitam verilməsi haqda qərar qəbul edib.
Bakıda gecəylə sökülmüş tikili ixtilafı: tərəflər bir-birini suçlayır - FAKTLAR
Xəbər verilir ki, “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə Cinayət Məcəlləsinin 187-ci (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi açılmışdı.

Əvvəlcə xatırladaq ki, şirkət idman klubunu sahibinin icazəsi və razılığı olmadan qanunsuz olaraq gecə saat 4 radələrində söküb. İlham Sərdarov məsələ ilə bağlı bütün rəsmi qurumlara müraciət edib. Lakin bu günə qədər problemin həll yolu tapılmır. Klub rəhbəri dəymiş ziyanı, kompensasiyanı ala bilmir. Çünki tərəflərin şərtləri bir-birini qane etmir.

Bu azmış kimi, şirkət ondan şikayətçi olub. Belə ki, şirkət rəsmiləri həm "Musavat TV"yə, həm də digər yerli mediaya video müsahibələrində klubun sökülməsinin tikinti qəzası olduğunu demişdilər. Şirkət rəsmiləri İlham Sərdarovla danışıqlar apararaq məsələnin həllinə çalışdıqlarını da söyləmişdilər.

Amma sonradan şirkət Xətai Rayon Məhkəməsinə iddia ilə müraciət edib. Rəsmi olaraq “RS Construction” MMC olaraq qeyd edilən şirkət ("Olympus Park") iddia ərizəsində göstərib ki, İlham Sərdarov 1 milyon manat təzminat ödəməlidir. Bunu da belə əsaslandırır ki, İlham Rəhimov mətbuata verdiyi açıqlamalarla şirkətin işgüzar nüfuzuna xələl gətirib.

Bundan sonra İlham Rəhimov Xətai Rayon Məhkəməsinə qarşılıqlı iddia təqdim edib. İlham Sərdarov iddia ərizəsində göstərir ki, sökülən qeyri-yaşayış sahəsi mülkiyyət hüquqi ilə ona məxsusdur.

Xatırladaq ki, bir müddət əvvəl də Fövqəladə Hallar Nazirliyi şirkətin tikinti işlərini dayandırmışdı. Adı çəkilən şirkət İlham Sərdarovun razılığı olmadan onun idman klubunu içərisində əşyaları olmaqla gecə yarısı sökmüşdü. İlham Sərdarov bu cinayət hadisəsi ilə bağlı bir ildən çoxdur rəsmi qurumlara və məhkəmələrə müraciət edib.

Şirkət isə vətəndaşların evinin, əmlakının qanunsuz olaraq sökülməsini tikinti qəzası kimi şərh edirdi.

Qayıdaq son qərara...

Qeyd etdiyimiz kimi, Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsi cinayət təqibi ilə bağlı icraata xitam verilməsi haqda qərar qəbul edib. Belə nəticəyə gəlinib ki, İlham Sərdarova məxsus idman zalının bir hissəsini şirkətin ekskavatorunu idarə edən Elşən Zeynalov adlı şəxs əvvəlcə bilmədən uçurub. Sonra isə tikilini uçurması barədə şirkət rəhbərliyinə məlumat verib. Guya şirkət rəhbərliyi də qəzalı tikintini saxlamamaq üçün, başqalarının təhlükəsizliyini təmin etmək üçün binanın qalan hissəsini söküb. Həm də əşyaları içərisində ola-ola…

Ekskavatorun sürücüsü hadisə günü baş verənləri detallı şəkildə danışarkən deyib ki, həmin gün kənar şəxslərin gəlişinin qarşısı alınması üçün əraziyə giriş bağlanıb, mühafizəçilər cəlb olunub. Onun dediyinə görə, məqsədləri İlham Sərdarova məxsus zalı yox, onun yanındakı tikilini sökmək imiş. Ərazini bağlamaqda məqsədləri isə gecə saat 4-də oraya gələ biləcək kənar bir şəxsin xəsarət ala bilmə ehtimalının qarşısını almaq olub...

Zeynalov bildirib ki, söküntü edən zaman anidən kiçik səhvə yol verib və ekskavatorun çalovu İlam Sərdarova məxsus qeyri-yaşayış sahəsinə dəyib və divar uçaraq tikintinin içərisinə tökülüb. Hətta onu da qeyd etməyi unutmayıb ki, təhlükəsizlik tədbiri o qədər güclü təşkil olunub ki, hadisə zamanı xəsarət alan olmayıb.

İlham Sərdarov isə deyir ki, həmin gün onun əraziyə girməsinə icazə verməyiblər. Hətta səhər tezdən belə dağıdılmış əmlakına baxmağa qoymayıblar. Onun dediyinə görə əraziyə bu qədər mühafizəçinin cəlb edilməsinin də səbəbi budur.

“İşçi heyətinin və qeyri-vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün, qalan tikilinin hər an uçma ehtimalını nəzərə alaraq qalan binanın sökülməsi üçün şirkətin məsul şəxslərinə məlumat verdim”- deyə Zeynalov əlavə edir.

Onun sözlərinə görə, bundan sonra rəhbərlik qalan tikilini sökməyi tapşırıb.

Ekskavatoru sürən Zeynalov sonda bildirib ki, məhkəmə bu hadisənin onun tərəfindən ehtiyatsızlıqdan törədildiyini nəzərə almalıdır.

İlham Sərdarovun vəkili İntiqam Hacıyev isə bildirir ki, bu deyilənlərin və qərarda göstərilənlərin özü belə bir-birini təkzib edir: “Əgər birinci hərəkət doğrudan da ehtiyatsızlıqdırsa və vətəndaşın mülkü dağıdılıbsa, tikinti şirkətinin rəhbərliyi sonradan söküntü qərarını necə verə bilər? Tikinti rəhbərliyi kimdir ki, tikilinin təhlükəli, qəzalı olması barədə gecə saat 4-də qərar verir və göstəriş edir ki, qalan tikili sökülsün?! Bunun özü elə bir cinayətdir və etiraf edilir”.

Qərarda o da göstərilir ki, ekskavator sürücüsü Elşən Zeynalov bu cinayəti törətməyə heç kim tərəfindən təhrik edilməyib.

Buna görə də Cinayət Məcəlləsinin 186.2-ci (qəsdən əmlakı məhv etmə) maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilib.

Ekskavator sürücüsü Cinayət Məcəlləsinin 187.2-ci (ehtiyatsızlıqdan özgə əmlakını məhv etmə) maddəsi ilə təqsirli bilinib. 8 noyabrda imzalanan aministiya tətbiq edilib və bu maddə ilə də cinayət təqibi üzrə icraata xitam verilib.

İlham Sərdarov dəymiş zərərin miqdarı isə 162 min 194 manat olaraq müəyyən edilib.

Zərərçəkmiş İlham Sərdarov bildirib ki, prokurorluğa təqdim etdikləri videogörüntülər tədqiq edilməyib: "Günorta vaxtı iki dəfə zalımıza daxil olublar, əşyaları daşıyıblar. Bunlar nəzərə alınmayıb. Mənim mülkiyyətimi istədikləri kimi hesablayırlar. Qiymətləndirmə çox gülüncdür. Bazar qiyməti məlum olan materiallar çox ucuz yazılıb. Bazarda 40 manata olan dik, 25 manata hesablanıb. Tikintidə həmişə 15 faiz gözlənilməyən xərclər var ki, bu da nəzərə alınmayıb. Ərazinin hasarı, dəmir barmaqlıqlar, nərdivanlar belə nəzərə alınmayıb".

Depozitə 162 min manat pul qoyublar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində şirkətin mənim obyektimin yerində tikilən binasına qadağa qoyub. Şirkət rəhbərliyi gedib Şəhərsalmada deyib ki, guya razılaşmışıq və 162 mini də buna görə ödəyiblər. Onları aldatmaq istəyiblər, amma mənə zəng edən zaman həqiqəti öyrəndilər".

İlham Sərdarov daha bir maraqlı məlumat əldə etdiyini bildirib: "Şirkətin "28 May" layihəsində də mənzil sökülmüşdü. Orada da eyni variant idi. Guya ekskavator evi səhvən söküb. Maraqlısı isə budur ki, orda da ekskavatoru idarə edən Elşən Zeynalov olub. Sizcə, bunlar təsadüfdür?".

Qeyd edək ki, sübutların qiymətləndirilməsi və cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilib.

İlkin Muradov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi