Təbiətə 1200 azn ziyan dəyib - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, "Oba market"in qarşısında kəsilən ağacların yerinə yeniləri əkilib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən həmin ərazidə yeni ağaclar əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin araşdırması nəticəsində həmin ərazidə təbiətə 1 200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib.
******
Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, "Oba" marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət əsasında aparılan araşdırma başa çatıb.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ərazidəki ağacların kəsilməsinə görə təbiətə 1200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
"İlkin araşdırma zamanı "Oba" marketin qarşısındakı ağacların marketin rəhbərliyinin göstərişi əsasında kəsildiyinə əsaslı şübhələr yarandığından və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib”, - deyə Cavadov bildirib.
Vaqif Cavadov onu da qeyd edib ki, kəsilmiş və düzgün budanmamış ağacların yerinə yenilərinin əkilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Birliyinə rəsmi müraciət olunub.