azia.az
azia.az

Paris 10 noyabr bəyanatının qüvvədən düşməsi üçün hərəkətə keçib... - Fransaya nota verilə bilər

19-09-2021, 09:08


Fransanın ermənipərəst rəsmi şəxslərinin 44 günlük müharibədən sonra da Qarabağa qanunsuz səfərləri davam edir. Bu dəfə Fransa Milli Assambleyasının üzvü, qatı anti-Azərbaycan mövqeyi ilə seçilən Fransua Pupponi, həmçinin Arnuvil şəhərinin meri və Sarsel şəhərinin nümayəndəsi qanunsuz yolla Xankəndində olublar.
Paris 10 noyabr bəyanatının qüvvədən düşməsi üçün hərəkətə keçib... - Fransaya nota verilə bilər
Azərbaycan XİN-in Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, Pupponi çoxdan “qara siyahı”dadır və Arnuvil şəhərinin meri, Sarsel şəhərinin nümayəndəsinə qarşı da Azərbaycana giriş qadağası tətbiq ediləcək. “Fransa nümayəndələrinin bu məsuliyyətsiz və təxribatçı davranışı qəbuledilməzdir və bölgədə münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir”, - XİN rəsmisi vurğulayıb.

Lakin belə görünür, “qara siyahı” onların heç vecinə də deyil. Sözsüz ki, Fransa və Ermənistan bununla həm də konfliktin həll olunmadığı görüntüsü yaratmaqla Bakıya psixoloji təzyiq göstərmək istəyir. Yəni münaqişə bitibsə, Azərbaycan öz ərazi bütövlüyünü təmin edibsə, onda bəs belə səfərlər niyə və necə reallaşır?

Bu xüsusda rəsmi Bakının daha radikal addımlar atmasının zamanı çatmayıbmı? Fransanın bu demarşlarını necə durdumalı? İrana qarşı pis-yaxşı rıçaq tapıldı: Gorus-Qafan yolunda yoxlamalar başladı və Xankəndiyə gedən İran yük maşınları durduruldu. Bəs ermənidən çox ermənilik edən fransızları necə dayandırmalı? Bəlkə Fransaya da etiraz notası təqdim olunsun? Yəqin ki, Rusiya sülhməramlılarına da növbəti irad və tələb çatdırılmalıdır.

Yada salaq ki, rəsmi Bakı dəfələrlə əcnəbilərin Qarabağa qanunsuz girişinə narazılığını bildirib. Prezident İlham Əliyev fevral ayında keçirdiyi mətbuat konfransında belə bir ifadə işlətmişdi: “Biz Rusiya tərəfi ilə razılaşdıq ki, əcnəbilər ora yalnız bizim razılığımızla daxil ola bilərlər”.

Bununla belə, yenə də Azərbaycanın iradəsi sınağa çəkilməkdədir.

“Siyasi və hüquqi strateji araşdırmalar mərkəzi”nin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a şərhində bildirdi ki, 30 ilə yaxın müddətdə keçmiş Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransanın ermənipərəst siyasəti unudulmayıb: “Bu siyasət 44 günlük müharibə dövründə və ondan sonrakı proseslərdə daha da açıq şəkildə ermənipərəstliyini ortaya qoyub. Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqe nümayiş etdirilib və bu yanaşma özünü indi də göstərməkdədir. Fransanın rəsmi şəxsləri tərəfindən Azərbaycan ərazisinə qanunsuz daxil olma kimi addımların atılması Azərbaycan qanunvericiliyinə görə lazımi qaydada cavablandırılır. Həmin şəxslər arzuolunmaz şəxslər siyahısına daxil edilir, Azərbaycana girişləri ilə bağlı qadağalar tətbiq olunur. Azərbaycanın atdığı addımlar qanunlara uyğun addımdır. Bütün bunlar öz yerində, mən düşünürəm ki, burada diqqəti başqa istiqamətə yönəltmək lazımdır. Fransa 10 noyabr üçtərəfli bəyanatının qüvvədən düşməsi üçün proses başlayıb. Ermənistana o bəyanatın tələblərini həyata keçirməyə imkan verməyən də əsasən Fransadır. Təəssüf ki, başladılan bu prosesə üçtərəfli bəyanatı imzalayan tərəflərdən biri Rusiya göz yumur. Fransanın rəsmi şəxslərinin Xankəndiyə səfərlərinin son vaxtlar çoxalması da məhz qeyd etdiyimiz planın tərkib hissəsidir. Bəyanatın tələblərinin artıq işləmədiyi mənzərərəsini yaratmağa çalışırlar. Eyni zamanda, hər vəchlə çalışırlar ki, Azərbaycan da həmin üçtərəfli bəyanatın tələblərini pozsun. Məqsəd odur ki, üçtərəfli bəyanat qüvvədən düşsün.

Təbii ki, bəyanatın tələblərini tərəflər ikisi pozubsa Azərbaycanın istənilən an hüququ var ki, üçtərəfli bəyanatın qüvvədən düşməsi ilə bağlı hüquqi mövqe ortaya qoysun. Amma Azərbaycan hər vəchlə bəyanatın qüvvədən düşməməsinə, bəyanatın bütün tələblərinin icra edilməsinə nail olmağa çalışır. Bu gün Azərbaycan ərazisinə Fransadan qanunsuz səfərlərin edilməsi yolu ilə Azərbaycanı Laçın dəhlizi ilə bağlı radikal addımlar atma sövq etmək istəyirlər. Amma dövlət emosiyalarla hərəkət etməməlidir. Azərbaycan dövləti bu məsələdə müdrik davranır, təxribatlara uymur. Necə ki, Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində Azərbaycan dövlətinin yoxlamalar aparmaq hüququ var, Ermənistandan Laçın dəhlizinə daxil olan xarici vətəndşaları da yoxlamaq hüququ var".

Ekspert qeyd etdi ki, yaxın gələcəkdə Azərbaycan bu hüququndan istifadə edə bilər: “Söhbət dəhlizin bağlanmasından yox, dəhlizdən gedib-gələnlərin yoxlanmasından, giriş-çıxışa ciddi nəzarətin edilməsindən gedir. Belə olduğu halda istər Fransadan, istərsə də digər ölkələrdən gələnlərin Azərbaycan ərazisinə qanunsuz daxil olmalarının qarşısı alınacaq. Odur ki, Azərbaycan ərazisinə qanunsuz giriş çıxışın qarşısının alınmasının ən effektiv yolu Laçın dəhlizinə ciddi nəzarətin olmasıdır. Azərbaycan həm də bu məsələdə Rusiya sülhməramlıları ilə ciddi iş aparmalıdır”.

X.Bəşirov həmçinin vurğuladı ki, eyni zamanda Fransaya nota verilə bilər və Azərbaycanın buna əsasları var. Azərbaycan nota vasitəsilə həm də bəyan etməlidir ki, Fransanın bu gün atdığı addımlar, o cümlədən Fransa rəsmilərinin Azərbaycan ərazisinə qanunsuz daxil olmaları Minsk Qrupuna ehtiyac olmadığını, Minsk Qrupunun sülh prosesinə maneə olduğunu bir daha təsdiqləyir. “Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi