azia.az
azia.az

“Rədd olsunlar, getsinlər xarabalarına…”

26-07-2021, 18:48

“Rədd olsunlar, getsinlər xarabalarına…”
“Rədd olsunlar, getsinlər xarabalarına…”
Ölüm-dirim savaşına girərək doğma torpaqlarımızın 30 illik düşmən təcavüzündən azad edilməsində xidməti olan hər bir Azərbaycan övladı xalqımızın qürur mənbəyi, iftixar yeridir.
Ali Baş Komandanımız İlham Əliyevin möhtəşəm sərkərdəliyi ilə qazanılmış parlaq qələbədə heyrətamiz hünər göstərən zabit və əsgərlərimizin xidmətləri isə, təbiidir ki, bu mənada ölçüyəgəlməzdir.
Müharibənin başa çatmasından heç dörd-beş ay keçməmiş cəbhədə igidlik göstərərək “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilən, həm də savaş meydanında xəsarət alaraq aylarla müalicə olunan zabitin anasını məskunlaşdığı mənzildən əşyaları ilə birlikdə zorla çölə atıb taleyin ümidinə buraxmaq hansı vicdana, ədalətə sığışdırıla bilər?!
Lakin bu faktdır. Əslən Zəngilan rayonunun Sobu kəndindən məcburi köçkün olan, 26 il Xətai rayonunun Məhsəti küçəsində yerləşən köhnə radiozavodun yataqxanasında məskunlaşan Camalova Gülcamal Camal qızı məhz belə bir acınacaqlı vəziyyətə salınıb. O, leytenant Həsənov Həsən Mürvət oğlunun anasıdır. Yaralanan oğlunun sorağı ilə cəbhə bölgəsinə getməsindən istifadə edib qaldığı mənzilin divarını arxa tərəfdən dağıdaraq içəri soxulub və ev əşyalarına ciddi ziyan vurublar. Bu zorakılıq əməlini edən Elvin Qədirli adlı şəxsdir.
Elvin hərəkətinə haqq qazandırmağa çalışır. Bildirir ki, daxilində köçkün məskunlaşsa da, 2005-ci ildən həmin mənzili özəlləşdirib. İndi köçkünlərin torpaqları azad edilib. Rədd olsunlar, getsinlər xarabalarına…
Kütləvi qayıdış hələ başlamayıbsa, torpaqlar minalardan təmizlənməyibsə, necə getsinlər?
Bu sual onu qətiyyən düşündürmür.
Gülcamal ana özü deyir ki, dağlar qoynunda qərar tutan, təbiəti, saf sulu buz bulaqları ilə göz oxşayan Sobu kəndinin həsrətini çəkir, yol açılsaydı, ora indi düşünmədən, ayaqyalın qaça-qaça gedərdi...
Oğlu döyüş bölgəsində xidmətdə olan, nümayişkəranə atılaraq sındırılan ev əşyaları ilə birlikdə 26 il məskunlaşdığı yataqxana otağından zorla çıxarılan ana indi nə etməlidir?
Xətai və Zəngilan rayon icra hakimiyyətləri, eləcə də hüquq-mühafizə orqanları tərəfindən bu suala anlamlı, humanist yanaşma yoxdur. Haqq güclü olan tərəfdir, məntiqinə sökənirlər.
Redaksiyamız belə hesab edir ki, yuxarıda göstərilən hal yolverilməzdir. Ulu öndər Heydər Əliyev vaxtilə qətiyyətlə bildirirdi ki, torpaqlar işğaldan azad edilənədək heç kəs məcburi köçkünləri məskunlaşdıqları mənzillərdən çıxara bilməz. Azərbaycan Dövlətinin memarı əbədiyaşar şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi prinsiplərə qarşı çıxanların Vətənə, cənab Prezidentə sədaqətli olduqları barədə söylədikləri təmtəraqlı sözlərə inanmaq qeyri-mümkündür.
Aydındır ki, kütləvi qayıdış başlanan kimi zabit anası məskunlaşdığı yataqxananı tərk etməlidir və edəcək. Lakin bu gün qoçu ədası ilə onu məskunlaşma yeridən çıxaranlar və bu zorakılığa göz yumanlar Ümummilli liderin və ölkə başçısı İlham Əliyevin kursuna qarşı olduqlarını unutmasınlar və səvhlərinə tezliklə düzəliş versinlər.

Faiq Əzimzadə,
“Tarixin səhifələri” qəzetinin
baş redaktoru


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi