Allah nə üçün fahişə qadının dəfninə peyğəmbərini yolladı?!-SƏBƏB şoka salacaq
"Biharul-ənvar” və "Usuli-kafi” kitablarında imam Sadiqdən (ə) belə nəql olunur:
"Daim Allaha ibadət edən bir abid var idi. Bu şəxs bir an belə Allahı yaddan çıxarmadığı üçün şeytan nə qədər səy göstərsə də, onu ibadətindən yayındıra bilmirdi. Bütün planları nəticəsiz olan şeytan sonda qəzəblənərək nərə çəkdi. Onun övladları başına toplanıb "sənə nə olub ki, belə nərə çəkirsən” deyə soruşdular. Şeytan belə dedi: "Bu abidin əlində aciz qalmışam. Siz onu yoldan çıxarmaq üçün bir yol bilirsiniz?”
Övladlarından biri dedi: "Mən onu vəsvəsə edərəm ki, ehtiraslansın və bir qadınla zina etsin".
Şeytan dedi: "Bu nəticəsizdir. Çünki onda artıq qadınlara qarşı meyl ölüb”.
Başqa bir övladı "mən onu ləzzətli yeməklərə sövq edərəm, o, haram yeməklərə, şərab içməyə sürüklənər”.
Şeytan bu yolun da nəticəsiz olduğunu və abidin uzun illər ibadət etməsi səbəbindən onda təamlara qarşı da hərislik hissi olmadığını bildirdi.
Sonda balalardan biri abidin agah bir insan olmadığını vurğulayaraq ona aşiq olduğu ibadət yolu ilə nüfuz edilə biləcəyini söylədi. Bu fikir bəyənildi və həmin şeytan özü bir cavan simasında abidin ibadət etdiyi məkana üz tutdu. O qapını döydü. Abid qapını açıb cavandan (şeytandan) nə istədiyini soruşdu.
Şeytan dedi: "Mən müsəlmanam. Amma ata-anam bütpərəstdir. Onlar mənim namaz qılıb, ibadət etməyimə mane olur. Eşitdim ki, burada bir abid ibadətlə məşğuldur. Onun üçün sizin qapınıza gəldim. Siz insanların bütlərdən əl çəkib, Allaha inanmasını istəmirsinizmi? Mən də tək Allahı qəbul edib, ona ibadət edən biriyəm".
Abid bu sözləri eşidib gənc oğlan simasına girən şeytanı içəriyə dəvət etdi. Şeytan içəriyə daxil olar-olmaz "Allahu-əkbər” deyib namaza başladı. O qədər namaz qıldı ki, gün batdı və abid orucunu açan zaman cavana (şeytana) üz tutub "gəl süfrədə əyləş, bir şeylər ye, uzun zamandır ibadət edirsən” söylədi. Şeytan isə "sonra yeyərəm" deyib, yenidən namaza başladı. Abid orucunu açdıqdan sonra bir qədər də ibadət edib yatmaq istədi. Gəncin hələ də namaz qıldığını görüb ona "gəl yat, istirahət et” dedi. Amma şeytan "yox” deyib, bir saniyə belə durmadan növbəti namaza başladı.
Gecə yarı oyanan abid gəncin hələ də ibadətə məşğul olduğunu görüb özlüyündə "qəribədir, məndən də daha çox Allaha bəndəlik edən var imiş. Bu nə eşq, bu nə gücdür ki, yemək yemədən, yatmadan Allahla raz-niyaz edir. Bu necə bir məqamdır?!” deyə düşündü.
Abid şeytana yaxınlaşıb onun necə bu məqama çatdığını öyrənmək üçün namazı bitirməsini gözlədi. Amma şeytan abidə fikir vermədən namazı bitirən an digər namaza başlayırdı. Sonda abid Allaha and verərək ondan bir sualına cavab verməsini istədi. Şeytan abidə "tez soruş ki, vaxtım hədər getməsin” dedi.
Abid sualını sorşduqdan sonra şeytan dedi: "Mən bir günaha yol vermişdim. Sonra tövbə etdim. İndi də hər zaman o günahı xatırlayanda Allaha daha çox sığınıram və daha çox güc əldə edib Allaha ibadət edirəm. Sən də belə bir məqama çatmaq istəyirsənsə, naməhrəm bir qadınla zina edib daha sonra tövbə edə bilərsən.”
Abid bir qədər səssiz qalıb dedi: "Axı mən necə bu işi edim? Mənim zina etmək üçün fahişəyə verəcək pulum belə yoxdur.”
Şeytan iki dinar çıxarıb abidə uzatdı və şəhərdə fahişəlik edən qadının ünvanını ona söylədi.
Abid dağdan enərək şəhərə daxil oldu. Şeytanın dediyi yeri insanlardan soruşaraq oranı tapdı. Hər kəs abidin fahişə qadını onu doğru yola dəvət etmək üçün axtardığını sanırdı. Abid qadının evini taparaq qapını döyüb içəri daxil oldu. Qadına pulu uzadaraq ona nə istədiyini söylədi. Bu zaman qadın abidin üzünə baxıb onun günah əhli olmadığını və üzündən zöhd və təqva, nur yağdığını gördü. Allahın abidə lütfü səbəbindən qadının ürəyinə gəldi ki, abidi bu işdən çəkindirsin. Bu səbəbdən ona "nə səbəb oldu ki, mənim yanıma gələsən” deyə soruşdu.
Abid dedi: "Sənin nəyinə lazımdır, pulunu al, özünü mənim ixtiyarımda qoy”.
Qadın isə "sualıma cavab verməsən, sənə yaxın durmaram” deyib, israrla abidin cavab verməsini istədi.
Abid başqa çıxış yolu olmadığını görüb, başına gələnləri qadına danışdı və Allaha yaxınlaşmaq üçün günah edərək, sonra tövbə etmək istədiyini anlatdı.
Qadın üzünü abidə tutub dedi: "Mənim bu pula çox ehtiyacım var. Amma bil ki, səni şeytan mənim yanıma yönləndirib".
Abid qadının cavabında "o gənc mənə söylədi ki, bu günahdan sonra onun məqamına çata bilərəm!”
Qadın abidə dedi: "Ey abid! Haradan bilirsən ki, zina etdikdən sonra tövbə etmək tövfiqi tapacaqsan və ya tövbən Allah tərəfindən qəbul ediləcək?! Bəlkə Allah sən zina etdiyin zaman canını alacaq! O zaman Allaha nə cavab verəcəksən? Günah etdiyin zaman öldüyündən qüsl almaq fürsətin belə olmasa, nə olacaq?! Bütün bunlar bir kənara, səncə, bütöv bir parça yaxşıdır, yoxsa bir dəfə cırılıb, sonra yenidən tikilmiş bir parça? Səni günaha sövq edən şeytan olub!”
Abid bütün bu sözləri dinləsə də, yenə fikrindən daşınmadı. Qadın isə abidə belə dedi: "Mən buradan bir yerə getmirəm və hər zaman özümü sənin ixtiyarına verməyə hazıram. Amma sən öncə ibadət etdiyin yerə dön. Səni mənim yanıma göndərən cavanı hələ də orada ibadətə məşğul halda görsən, mənim yanıma gəl, söz verirəm ki, istəklərinə "yox” deməyəcəm.”
Abid nəhayət ki, qadının sözlərini dinləyib, ibadət etdiyi evə döndü. Amma cavan oradan getmişdi. Abid onu günaha çəkən şəxsin şeytan olduğunu anlayıb, pis fikirlərə düşdüyü üçün tövbə etdi və onu zinadan çəkindirən qadına dua etdi.
Belə nəql edilir ki, həmin zamanadək fahişəliklə məşğul olan qadın bu hadisədən çox keçmədən dünyadan köçür. Uca Allah həmin zamanın peyğəmbərinə vəhy edərək ondan qadının dəfninə getməsini tələb edir. Peyğəmbər qadının qapısına gələn zaman insanlar "Ya peyğəmbər! Nə üçün bu qadının qapısına gəlmisiniz” deyə soruşurlar. Peyğəmbər deyir: "Haqq övliyalarından olan qadının dəfni üçün bura gəlmişəm.”
İnsanlar "Ya peyğəmbər, o günahkar, fahişə bir qadın idi” deyirlər.
Peyğəmbər üzünü səmaya tutaraq "İlahi, övliyalarımdan biri dünyadan köçüb, onu dəfn et buyurdun. Amma insanlar onun fahişə olduğunu bildirir” deyə təəccübləndi.
Vəhy nazil oldu ki, "Ey peyğəmbər, insanlar doğru deyir. Bu qadın yaxın zamanlaradək fahişəliklə məşğul idi. Amma o abidi günahdan çəkindirdikdən sonra qapını bağlayıb özlüyündə "ey bədbəxt, sən abidə söylədin ki, bəlkə zina etdiyin halda Allah sənin canını aldı, Allaha nə cavab verəcəksən?! Amma özün ondan pissən. Bu günədək günah içində olmuşam. Bəs mən özüm nə üçün tövbə edib, bağışlanma diləmirəm!” Qadın daha sonra tövbə edib, ibadətə məşğul oldu və mömin olaraq dünyadan köçdü!”
"Kəbirə-günahlar”, c. 2, səh. 412 (brifinq.com)