azia.az
azia.az

Paşinyan oğlunu Azərbaycanda saxlanılan erməni əsgərlərinə dəyişməyi təklif etdi

9-06-2021, 11:31



Ermənistanda dünəndən etibarən start götürən seçkiqabağı kampaniya keçmiş prezidentlər Robert Köçəryanla Serj Sərkisyanın baş nazir Nikol Paşinyana qarşı çox sərt hücumları ilə müşayiət olunur. Əvəzində Paşinyan da onları ağır ifadələrlə təhqir edir. Seçki kampaniyasını gərginləşdirən məqam həm də budur ki, Robert Köçəryanın başçılıq etdiyi “Ermənistan” blokunun reytinqi artır və artıq keçmiş prezidentin komandasına səs verməyə hazır olanlar 20 faizi keçib.

Paşinyan oğlunu Azərbaycanda saxlanılan erməni əsgərlərinə dəyişməyi təklif etdi

Paşinyanın reytinqi isə Azərbaycanla sərhədddə baş verənlər, bir-birinin ardınca erməni hərbçilərinin əsir götürülməsi və 44 günlük müharibədə ölən erməni əsgərlərinin bir qisminin meyitlərinin morqun zirzəmisinə necə gəldi atılmasına dair görüntülərin yayılması fonunda aşağı düşür. Son rəy sorğularına görə, Paşinyanla Köçəryanın şansları təxminən bərabərləşib.

Paşinyan seçkiqabağı çıxışları zamanı tez-tez birmənalı qarşılanmayan bəyanatlar da verir və bu da rəqiblərinin ona hücumları artırmasına əlavə imkan yaradır. Məsələn, Paşinyan ötən gün seçicilər qarşısında deyib ki, Azərbaycanda saxlanılan əsirlər (əslində onların əksəriyyəti hərbi əməliyyatların dayandırılmasından sonra partizan fəaliyyəti üçün ərazilərimizə keçmiş diversantlardır və tezliklə məhkəmə qarşısında dayanacaqlar,-red.) gərək “bir-iki ay da dözsünlər”, çünki indi onların qaytarılması üçün danışıqlar nəticə vermir və deməli məsələ seçkilərdən sonraya qalacaq. Paşinyan onların Bakı həbsxanasında “Ermənistanın müstəqilliyi və suverenliyi üçün mübarizə apardıqlarını” deyib.



Bu deyilənlərə cavab olaraq Serj Sərkisyan Paşinyanı “utanmaz, həyasız” adlandırıb. Və Ermənistan hakimiyyətini “azərbaycanlıları əsir götürmədiyi üçün” qınayıb. Və Paşinyana təklif edib ki, oğlu Aşotu Azərbaycanda saxlanılan 20-25 erməni əsgərinə dəyişsin.

Paşinyan isə çox keçmədən bu deyilənlərə cavab verib, Ermənistanın keçmiş prezidentlərini “sutenyor və insan alverçiləri” adlandırıb.



“Sənə, uzun illərin rəsmi sutenyoruna və insan alveri üzrə mütəxəssisə deyirəm ki, mən buna razıyam. Və Əliyevə rəsmən deyirəm-oğlumu bütün əsirlərə dəyişməyə hazıram. Rəsmən deyirəm. Serjik və Robik, alqı-satqı üzrə mütəxəssislər olaraq sizə bu məsələ ilə bağlı danışıqlar aparmaq səlahiyyəti verirəm. Əgər bu işdən bir neçə min dollar qazansanız lap yerinə düşər”,-Paşinyan bildirib.

O, əlavə edib ki, oğlunu Azərbaycanda saxlanılan erməni əsgərlərinə dəyişmək barədə dedikləri emosional sözlər deyil, rəsmi təklifdir.

Köçəryanın tənqidlərinə və onu duelə çağırmasına cavab olaraq isə Paşinyan bildirib ki, birdən bu təklifə razı olar, silahı götürər və darağı onun alnına boşaldar. “Bundan sonra deyəcəklər ki, bu nə zorakılıqdır, qatillərdir?”,-Paşinyan deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi