Məşhur Məmmədov,
Milli Məclisin deputatı
Qadınlar zəifdir, lakin analar qüvvətlidir. (Viktor Hüqo)
Biz zərif Azərbaycan Qadınının necə mətanətli, qürurlu, güclü olmasını Vətən Müharibəsi dövründə bir daha gördük. Övlad, ata, həyat yoldaşı itkisi onların qəlbini mənəvi cəhətdən parçalasa da, düşmən önündə qürurlarını əymədilər, hər biri Şəhidinin Vətən yolunda getdiyindən qürurla bəhs edib, Vətən sağ olsun! – kəlməsilə bitirdilər sözlərini.
Hər il Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident İlham Əliyevin Azərbaycan xanımlarına ünvanladığı təbrikdə qadınların cəmiyyətdəki roluna yüksək qiymət verilir, onların fəaliyyəti təqdir olunur.
Cənab Prezidentin builki təbriki həmişəkilərdən şəhid, qazi, döyüşçü ailələrinə xüsusi təbrik, xüsusi ehtiram, xüsusi diqqət, xüsusi arzularla fərqlənirdi. Bu, cənab Prezidentin onları daim diqqət, qayğı və nəzarət altında saxlayacağına bir mesajdır.
Dövrümüzdə Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib və zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda öz sözünü deməkdədir. Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam kimi dövlət tərəfindən həyata keçirilən qadın, gender siyasətidir.
Hazırda ölkənin aparıcı partiyasının – YAP sədrinin birinci müavini Mehriban xanım Əliyevadır. Ölkənin Birinci vitse-prezidentinin, Milli Məclisin sədrinin də xanım olması ölkəmizdə xanımlara olan etimad, xanımlara olan diqqətdir.
Bütün bunlar müasir Azərbaycan qadınının obrazını, xarakterik xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, onun cəmiyyətin, ölkənin inkişafında nə dərəcədə mühüm rol oynadığını və bu istiqamətdə verdiyi töhfələrin əvəzsiz bir əhəmiyyətə malik olduğunu bariz şəkildə nümayiş etdirir.
İstənilən cəmiyyətin sürətli inkişafının təmin edilməsinin kökündə duran əsas məqam qadınlar üçün yaradılan şəraitdən bilavasitə asılıdır. Bəşər tarixi sübut edir ki, tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı xarakterə malikdir. Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsində, eləcə də ümumi tərəqqisində müstəsna rol oynayıb və oynamaqdadır.
Bütün zamanlarda cəmiyyətimizdə daim qadına böyük hörmət və ehtiram göstərilib, dünyaya həyat bəxş edən ana adı uca tutulub. Bu, Azərbaycan mentalitetinin, milli-mənəvi, mədəni dəyərlər sisteminin ayrılmaz və həmişəyaşar bir hissəsinə çevrilib. Yeni yüzillikdə də sürətlə qloballaşan müasir dünyaya inteqrasiya olunan demokratik Azərbaycan dövlətində qadın siyasəti yenə prioritet istiqamətlər sırasındadır. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev qadınların cəmiyyətin həyatında daha fəal iştirakına yönələn siyasəti uğurla aparmaqda, buna xidmət edən hüquqi bazanı zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirməkdədir.
Təmsil etdiyim Masallı 70 saylı Seçki Dairəsində həmişə qız uşaqlarının təhsili ilə maraqlanır, təhsil yolunda yaranan maneələrin aradan qaldırılmasında şəxsən yardımçı oluram. Tələbə və abituriyent seçicilərimin lazımi dərsliklərlə təmin olunmasına, istər ehtiyacı olanlara, istər oxumağa meyilli olanlara həvəsləndirici maddi, mənəvi yardımlar fəaliyyətimin prioritet hissəsidir.
Qadınlarımız nə qədər güclü, savadlı, qürurlu olarlarsa, onların tərbiyə verdiyi övladlar da cəmiyyətimizə layiqli vətəndaşlar olar.
Xanımlarımızı 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir, onlara uzun ömür, can sağlığı arzulayıram.