azia.az
azia.az

Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir

27-08-2019, 01:03

Hikmət Şikarov,
Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri

 Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir

Azərbaycan özünün dövlətçilik təcrübəsi, ulu məskənlərimizin memarlıq abidələri, mədəniyyəti, milli - mənəvi dəyərləri ilə qədim tarixə malik bir ölkə olduğundan hər zaman, xüsusən də son illər dünya miqyasında özünə böyük maraq oyada bilmişdir. Bu marağa bir səbəb də onun güclü və nüfüzlu bir dövlət kimi tanınması, böyük bir yaşam tariximizin multikultural ənənələrini, tolerantlığı dünyaya inteqrasiya edə bilməsi ilə əlaqədardır. Bunlar ölkəmizin ictimai - siyasi həyatının aparıcı xətti olduğundan dövlətçilik ənənələrimizin yeni məzmunda və anlamda inkişafının ən ümdə təzahürüdür. Son illərin mənzərəsi onu göstərir ki, belə bir imicin qazanılması heç də asanlıqla başa gəlməmiş, bunlar azərbaycançılıq məfkurəsinin yeni anlamda təşəkkülü və inkişafına bütün ömrünü həsr etmiş milli düşüncəyə malik vətənpərvər insanların sayəsində qazanılmışdır. Heç şübhəsiz, ötən müddət ərzində Azərbaycanın müxtəlif sahələrdə möhtəşəm və tarixi nailiyyətlər əldə etməsini təmin edən fundamental amillər mövcuddur. Bu amillərin başında, əlbəttə ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətinin Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gəlir. Ümumiyyətlə, dövlətimizin milli maraqlarına, müasir dünyanın reallıqlarına, çağırışlarına uyğun mövqe və siyasət Azərbaycanın müstəqil dövlət kimi davamlı – dayanıqlı inkişafını təmin edən əsas amildir. Bu baxımdan, Azərbaycanın Birinci vitse - prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO - nun və ISESCO - nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dövlətimizin milli maraqlarına və xalqın mənafeyinə xidmət edən çoxşaxəli fəaliyyəti xüsusilə qeyd edilməlidir. Mehriban Əliyevanın xidmətlərini göz önündə canlandıranda görürük ki, o bu gün təkcə Azərbaycan üçün deyil, Türk Dünyası, Müsəlman Dünyası və ümumiyyətlə Dünyamız və İnsanlıq üçün Türk və Müsəlman Dünyasının şəriksiz qadın lideridir! O, ağlı, həyat tərzi və fəaliyyəti ilə nəinki ölkəmizdə, eləcə də Avropada, Qərbdə və təbii ki, Şərqdə böyük nüfuz qazanıb.  Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir
Ulu öndərin yaratdığı və özünün də müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992 - ci ildən Mehriban xanım partiyanın üzvü olaraq, vətənin çiçəklənməsi, xalq təfəkkürünün, milli düşüncənin yenilənməsi, müasir cəmiyyətin qurulması prosesinin fəal iştirakçısına çevrildi. O, yaxşı dərk edirdi ki, bütün zamanlarda milləti qədim, köklü xalq kimi tanıdan və dünya cəmiyyətində qəbul etdirən onun dili, mədəniyyəti, tarixi, milli - mənəvi dəyərləridir. Məhz buna görə də o, özünün hərtərəfli fəaliyyətini bu amillər, prinsiplər üzərində qurdu. Bütün ictimai şüuru ilə azərbaycançılıq ideologiyasına bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə fəaliyyət göstərməsi qısa bir zamanda Ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı. 1995 - ci ildə Azərbaycan Mədəniyyət Fondunun prezidenti, 2002 - ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi üzərinə böyük məsuliyyət götürərək, problemlərin dərinlyini dərk edərək, diqqətdən kənar sahələri inkişaf etdirərək onlara kütləvilik elementləri ilə zəngin olan ictimai məzmun verdi.
Həm ölkədə, həm də dünya miqyasında mədəniyyət, təhsil, xeyriyyəçilik, idman və digər sahələrdə çoxşaxəli fəaliyyət göstərən Mehriban xanım Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər daim yüksək qiymətləndirilir. O, təbiətin, cəmiyyətin və öz mənəvi tələbatlarının əvvəlcədən müəyyənləşdirdiyi bütün sahələrdə özünü reallaşdıra bilən həmahəng, məqsədyönlü və güclü qadınlar üçün etalondur. Onun bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də, müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib. O, insanları sevməklə özünü xalqa sevdirib. Sadəliyi və xeyirxahlığı ilə sevgi qazanıb və bu sevgi dünyanın da diqqətini cəlb edib. Dünya ictimaiyyəti Mehriban xanımın insan sevgisi ilə dolu ürəyinə heyran qalıb, onun təəssübkeşliyi, xeyir - duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələri alqışlayır. Bu gün dünya xalqları və ölkələri Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının kimliyinə, onun xarici gözəlliyinə və daxili zənginliyinə bələd olurlar.
Mehriban xanım Azərbaycan mədəniyyətinin fədakar elçisidir, xalqımızı, mədəniyyətimizi dünyada layiqli şəkildə tanıdır. O bu gün Qarabağ həqiqətlərinin yorulmaz təbliğatçısıdır və yüzlərlə gənc xanım, ziyalı da ondan örnək alır. Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial - mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək – bütün bunlar Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olmuşdur.
Mehriban Əliyeva 2013 - cü ildən Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi də (2005 - 2017-ci illər) Mehriban xanım sözün əsl mənasında xalqın elçisi olub. Mehriban xanım həm Milli Məclisin deputatı, həm də Heydər Əliyev Fondunun prezidenti kimi milli maraqlara əsaslanan uğurlu fəaliyyət göstərib. O, Milli Məclisin deputatı olarkən mühüm qanunvericilik təşəbbüsləri ilə çıxış edib və bu təşəbbüslərin hamısı xalqın mənafeyinə xidmət edib. Mehriban Əliyevanın həyata keçirdiyi möhtəşəm işləri, reallaşdırdığı qlobal layihələri ortaq bir xətt birləşdirir - humanizm, insanpərvərlik, mərhəmət. Bu ali mənəvi keyfiyyətlər Mehriban xanımın siyasi portretinin ən ümdə və ülvi cizgiləridir.
Azərbaycan Respublikasının Birinci vitse - prezidenti Mehriban xanım Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin sürətli və davamlı inkişafına yeni töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil Onun hər zaman dövlətçiliyimizə, xalqımıza xidmət etmək istəyi, arzusudur. O, öz fəaliyyəti ilə Azərbaycan xalqının sevgisi və rəğbətini qazana bilib. Bütün bu amillər Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse - prezidenti təyin edilməsini şərtləndirib. Reallıq budur ki, Mehriban xanım Əliyeva hazırda Birinci vitse - prezident kimi uğurla fəaliyyət göstərir, öz fəaliyyətində xalqımızın mənafeyini, dövlətimizin maraqlarını əsas götürür. Azərbaycanın Birinci vitse - prezidenti öz fəaliyyəti ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir, respublikamızı beynəlxalq miqyasda uğurla təmsil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi