azia.az
azia.az

Qadınlarımızı bəşəri sevgi ilə şərəfləndirən 8 Mart ucalığı

8-03-2021, 03:01

Qadınlarımızı bəşəri sevgi ilə şərəfləndirən 8 Mart ucalığı
8 Mart Beynəlxalq Qadınlar Günü Azərbaycanın milli təntənələri sırasında da layiqli yer tutur. Bu, hər şeydən əvvəl, tarix boyu ata-babalarımızın ailədə və cəmiyyətdə qadınlara bəslədiyi sevgi-sayğının sonsuzluğundan və hörmət-ehtiramın yüksəkliyindən irəli gəlir.

Azərbaycan cəmiyyətində qadınların ana-bacı, qız-gəlin kimi xətirhörməti həmişə uca olub. Buna görə də qadınları şərəfləndirən və qadınların şərəfləndirdiyi 8 Mart günü beynəlxalq aləmdə tarixə qədəm basdığı ilk illərdən Azərbaycanda da geniş əks-səda verib. Bir əsrdən artıqdır ki, Azərbaycan bu günü milli və bəşəri sayğı səviyyəsində qeyd edən ölkələrin sırasındadır. Müstəqillik illərində isə 8 Mart ana-bacılarımızın qədir-qiymətini duyub-anlamaq baxımından hər birimizin həyatına bol sevinc, yeni arzular, səmimi təbriklər gətirən bir bayrama çevrilib.

8 Mart Beynəlxalq Qadınlar Günü artıq illərdən bəri eyni gündə dünyanın hər yerində, hər bir ailədə böyük sevgi və təntənə ilə qeyd edilən, bəlkə də, yeganə bayramdır. Bu, isə bütün dünyada qadınların kişilərlə bərabər hüquqlarının bir daha etiraf olunması, beynəlxalq aləmdə təsbit olunması və hər bir ölkədə eyni dərəcədə gerçəkləşməsi arzuistəyinin zəruriliyi ilə bağlıdır. Bu bayram bizə beynəlxalq həyatdan gəlsə də, xalqımıza çoxdan doğma və əziz olub.

Xoşbəxlikdən ölkəmizdə qadın azadlığının tarixi də bir əsrdən artıqdır. Milli dövlətçiliyimizi bərpa etmiş Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara kişilərlərlə bərabər hüquqlar verməsi milli tariximizin ən öyünclü faktları sırasında yer alıb. Ötən sovet epoxasının sivil, üzağardan addımlarından da biri qadınların cəmiyyətdə rolunun yüksəldilməsi ilə bağlı olub.

Müstəqillik illərində isə ümummilli bayramlar sırasında 8 Martın yeri, dəyəri bir az da artıb. Ana, qadın şərəfinin tarixən çox uca tutulduğu ölkəmizdə qadınların adı ilə bağlı bu bayram hər il həyatımızı cəmiyyətin zərif məxluqa olan ehtiramı və qədirbilənliyi ilə mənalandırır. 8 Martın yaratdığı sevinc duyğuları və sayğı anlayışı min illərdən bəri milli bayram kimi qeyd edilən Novruzqabağı milli əhvalı və təntənəni də ikiqat artırır.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi ənənənin davamı olaraq, hər il 8 Martda Prezident İlham Əliyev dövlətimizin və xalqımızın adından Azərbaycan qadınlarını səmimi təbrik edir, onlara ən xoş arzularını çatdırır. Bu ali münasibət qadınlar gününün daha bir ümumxalq bayramı kimi ölkəmizdə yüksək səviyyədə qeyd edilməsinə yüksək stimul yaradır. Belə bir diqqətin nəticəsidir ki, qadınlarımızın cəmiyyətdə mövqeyi və nüfuzu ildən-ilə yüksəlir. Həm evdə, həm də bayırda həyatın ikiqat yükü altında olan qadınlarımızın yükünü azaltmaq, şərəfini yüksəltmək üçün dövlətimiz mümkün olan hər şeyi edir, hər birimiz onların qayğısını azaltmaq, məmnunluğunu artırmaq üçün hər bir fədakarlığa hazırıq.

Hər 8 Mart bayramı qadınların cəmiyyətdə rolunun və onlara sevgi-sayğının yüksəldilməsi ilə bağlı ölkəmizdə də görülən işlərin hesabatına, həllini gözləyən məsələlərin isə önə çəkilməsi vəzifəsinə çevrilir. Bu gün Azərbaycan qadını evdə və işdə, ölkədə və beynəlxalq aləmdə dərin zəkası, yüksək hissiyyatı, hərtərəfli bacarığı, çağdaş dünyanın çağırışlarına mükəmməl cavabları ilə mötəbər mövqeyə yüksəlmişdir. Həyatın elə bir sahəsi yoxdur ki, qadınlarımız orada yüksək səviyyəli iştirakları ilə təmsil olunmasınlar. Dövlətimizin ikinci ali şəxsi səviyyəsinə yüksəlmiş Birinci vitseprezident Mehriban xanım Əliyevanın ölkəmizdə və dünya miqyasında gerçəkləşdirdiyi humanist missiya, çoxşaxəli fəaliyyət Azərbaycan qadınının beynəlxalq aləmə təqdim etdiyi nadir örnək kimi qəbul olunur.

Təsadüfi deyil ki, ailələrdə, kollektivlərdə baharın ilk çiçəklərini, dünyanın ən ətirli və yaraşıqlı güllərini 8 Martda analarımıza, qız-gəlinlərimizə, ulu Dədə Qorquddan üzü bəri “başım baxtı, evim taxtı”– deyib öydüyümüz xanımlarımıza təqdim edirik. Ən tərifli sözlərimizin, uca diləklərimizin ünvanı bundan sonra da analarımız, bacılarımız, qız balalarımız olacaq.

Builki 8 Martı Azərbaycan cəmiyyəti ikiqat bayram sevinci ilə qarşılayır. Analarımızın yetirdikləri qəhrəman övladlar yaralı Qarabğımızı 30 illik əsarətdən xilas edib, düşməndən xalqımızın intiqamını almaqla ana-bacılarımıza, qız-gəlinlərimizə builki bayramın ən böyük hədiyyəsini töhfə ediblər. Budəfəki bayramda Azərbaycan qadınlarını xalqımıza tariximizin ən böyük qələbəsini bəxş etmiş övladlar böyüdüb, tərbiyə etdiklərinə görə ikiqat minnətdarlıq duyğuları ilə təbrik edirik. Şəhid analarının qarşısında ən müqəddəs duyğularla baş əyirik, yurdsevərlik zirvəsində əbədiyyətə qovuşmuş övladlarının qalib ruhuna ulu tanrıdan sonsuz rəhmət diləyirik.

Qoy bir də Ana Vətənimizə namərd yağı ayağı dəyməsin! Torpaqlarımızın ətirli gül-çiçəkləri bir daha şəhid qanınını andırmasın! Analarımızın nəsibi azad yurdumuzda əmin-amanlıq və səadət olsun!

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə doktoru


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi