azia.az
azia.az

Həbsdəki sabiq başçı Namiq Zeynalovun törətdiyi cinayət əməllərinin bir ucununun, qardaşı Akif Zeynalova və onun yaxınlarına bağlılığı da iddia olunur

17-12-2020, 04:42


Dövlət Təhlükəsizlik Xidməti və hüquq-mühafizə orqanları əməkdaşlarının bu yaxınlarda Cəlilabad rayon İcra Hakimiyyətinin binasında keçirdikləri xüsusi əməliyyat nəticəsində saxlanılaraq, Bakıya gətirilən, bundan dərhal sonra, ölkə rəhbərinin sərəncamı ilə, tutduğu vəzifədən azad edilən icra başçısı Namiq Zeynalovla bağlı ilginc faktlar üzə çıxaran araz.az xəbər portalının əməkdaşları, əldə etdikləri məlumatlar əsasında hazırladıqları maraqlı bir yazını ötən həftə oxucularının diqqətinə çatdırıb. Öncə həmin yazıda Namiq Zeynalovun bu vəzifəyə gətirilməsində, onun qardaşı Akif Zeynalovun qudası, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əlinin olduğu xüsusi vurğulanıb. Əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyən Akif Zeynalov barədə də, həmin yazıda ətraflı məlumat verilib. İddia olunub ki, Zakir Fərəcovun qudası müavin vəzifəsi tutduğu dövrdə, öz işiylə bir nəfər vətəndaşı belə razı salmayıb. Buna baxmayaraq, o, indi də, vəzifə başındadır. Ərazi Maliyyə Müfəttişliyinin rəisi olsa da, bu adamın maliyyədən belə xəbəri yoxdur. Akif Zeynalovun bu vəzifəyə təyinatı, hətta, bir vaxtlar çoxlarında təəccüb hissi də yaradıb. Həmin yazıda o da bildirilib ki, Zakir Fərəcovun yuxarılara əli çatdığından, kürəkəni, Akif Zeynalovun oğlu Əkrəm Zeynallını belə yüksək bir vəzifəyə -- Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin etdirə bilib. Necə ki, Namiq Zeynalovu da, ölkənin Cəlilabad kimi böyük bir rayonunun İcra Hakimiyyətinin başçısı qoydurub.
Həbsdəki sabiq başçı Namiq Zeynalovun törətdiyi cinayət əməllərinin bir ucununun, qardaşı Akif Zeynalova və onun yaxınlarına bağlılığı da iddia olunur


Həmin yazının davamı olan bu yazıda oxucularımızın diqqətinə onu çatdırmaq istəyirik ki, yuxarıda deyilənlər, üstəlik, mötəbər və etibarlı mənbələrdən aldığımız yeni məlumatlar onu deməyə əsas verir ki, mətbuatın əvvəllər yazdığı kimi, 2018-ci ilin fevral ayında -- hakimiyyətin idarəetmədə islahatlar kampaniyasına start verdiyi bir vaxtda bu məsul vəzifəyə təyin edilən Namiq Zeynalov uzun müddət Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri vəzifəsini tutan, hazırda isə, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri vəzifəsində çalışan Kərəm Həsənova deyil, qohumu Zakir Fərəcova daha yaxın olub. Ona görə ki, cinayətkar icra başçısı necə oturub-durmaq göstərişlərini, həmişə, onun kadrı kimi, Zakir Fərəcovdan alıb. Bütün bunlar isə, yuxarı dairələrdə hamisi hesab olunan Kərəm Həsənovu və onun Cəlilabaddan seçilən deputat qardaşı Malik Həsənovu dəfələrlə qəzəbləndirib də. Onlar nə qədər etsələr də, vəzifə başında Namiq Zeynalovun müstəqil addım atmaq cəhdinin qarşısını heç vaxt ala bilməyiblər.

Bu səs-küylü məsələ ilə bağlı araz.az saytını bilgiləndirən mənbə iddia edir ki, Cəlilabad rayonunun Namiq Zeynalovdan əvvəlki heç bir başçısı yuxarılardakı hamisindən icazəsiz hansısa bir qərar qəbul etmək həddində olmayıb. Namiq Zeynalov isə, qohumu Zakir Fərəcova arxalandığından, bu məsul vəzifədə işlədiyi qısa müddət ərzində istədiyini edib də. Daha doğrusu, qohumundan xüsusi göstərişlər alaraq, çox oyunlardan çıxmağı bacarıb. Nəticədə, Namiq Zeynalov icra başçısı işlədiyi qısa müddət ərzində, çoxsaylı tənqidlərə tuş gəlib. Hətta başçının özünün və yaxın kadrlarının bənzərsiz qanunazidd hərəkətləri barədə redaksiyalara daxil olan kifayət qədər şikayət xarakterli müraciətlər əsasında, ölkə mətbuatı da, saysız-hesabsız tənqidi yazılar dərc edib. Ən təəccüblüsü odur ki, onun vəzifə başında səlahiyyətindən sui-istifadə etməsi və saysız-hesabsız qanunsuzluqlara yol verməsi nəticəsində, hətta, bir ara Cəlilabadda əhali üsyanı da yetişib. Buna baxmayaraq, o, hətta, bənzəri olmayan istədiyi qanunsuz əməllərə qol qoymaqdan belə çəkinməyib. Rayon sakinləri tərəfindən də, başçının törətdiyi xoşagəlməz əməllərin hamısı qanunazidd kimi xarakterizə olunub. Bir sözlə, ölkə rəhbərinin etimad göstərib, Cəlilabad rayonuna təyin etdiyi bu başçının adı bir çox qalmaqallı məsələlərdə hallanıb. Bütün bunları, araz.az-ın əldə edərək, işıqlandırdığı konkret faktlar da sübut edib.

Mediada gedən məlumatlara görə, Namiq Zeynalov ondan əvvəl həbs olunan digər icra başçılarından heç nə ilə fərqlənməyib. Hətta ölkədə aparılan anti-korrupsiya əməliyyatları, fəaliyyətlərində qanunsuzluğa daha çox yol verən məmurların bu və ya digər formada cəzalandırılması barədə Prezident İlham Əliyevin dediklərini, ölkə başçısının islahatlar çərçivəsində rayon rəhbərlərinə tapşırıq və tövsiyələrini nəzərə almayan bir başçı kimi tanınıb. Təsdiqedici bir çox vacib məqamlar da, onun haqqında iddiaların əsassız olmadığına şübhə yeri qoymayıb. Elə, barəsində mediada bu tip xoşagəlməz faktlar daha çox tirajlandığına və bu faktlar təsdiqini tapdığına görə də, görünür, sonda, hüquq-mühafizə orqanları hərəkətə keçməyə qərar veriblər.

Bir daha qeyd etməyi lazım bilirik ki, Namiq Zeynalovun Kərəm Həsənovun kadrı olması iddiası yalnız ona görə ortaya atılıb ki, o, icra başçısı təyin edilməzdən əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalşıb. Konkret desək, hazırda həbsdə olan bu şəxsin vaxtilə Kərəm Həsənovun tabeliyində çalışması, məhz onun əmri ilə rəis müavini təyin edilməsi, Cəlilabadın əslən oralı olan Prezident Administrasiyasının bu şöbə müdirinin kurasiyasında olması səbəbindən bu idda irəli sürülüb. Və bu iddialarda o da vurğulanıb ki, Kərəm Həsənov öyrəndikdən sonra ki, hamiliyində olan başçı, başqasının göstərişi əsasında onun başı üzərindən işlər görüb, hər dəfə buna çox qəzəblənib. Hətta Cəlilabad məmurları da, baş verənləri biabırçılıq kimi qiymətləndiriblər və bunlar heç vaxt onların xoşuna gəlməyib. Bütün törətdikləri isə, göründüyü kimi, sonda Namiq Zeynalova baha başa gəlib.

Sonda, onu da qeyd etmək istərdik ki, indiyədək redaksiyamıza ötürdüyü faktların dəqiqliyinə şübhə etmədiyimiz etibarlı bir mənbədən əldə etdiyimiz son məlumata görə, istintaq araşdırması zamanı, Namiq Zeynalovun törətdiyi cinayətlərin bir ucununun qardaşı Akif Zeynalovun yaxınlarına bağlılığı da üzə çıxıb. Bu istiqamətdə araşdırmalarımız davam etdiyindən, yazını hələlik bu yerdə saxlamağı lazım bildik. Bu mövzu ətrafında redaksiyamıza daxil olan digər faktların dəqiqliyinə də tam əmin olduqdan sonra, onların hamısını zaman-zaman dərc etməyi planlaşdırmışıq. Odur ki, araz.az-ı izləməyi unutmayın.
Teref.az olaraq qarşı tərəfin mövqeyini i.əqıandırma\a hazırıq!
Teref.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi