Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? — TƏBİB-dən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, avqustun 11-də Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına dəyişiklik edib. Açıq havada olan kafe və restoranların gələn həftədən açılması gözlənilir. Eyni zamanda rayonlara gediş-gəliş də bərpa edilə bilərmi?
Bununla bağlı KONKRET.az-a danışan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, hazırda rayonlara gediş-gəliş məsələsi müzakirə olunur:
“Bununla bağlı qərar qəbul edilərsə, bu barədə brifinqdə məlumat veriləcək. Ümumiyyətlə rayonlara gediş-gəlişə icazə verilməsi ilə bağlı qərarı Operativ Qərargah verir”.
Professor Adil Qeybulla deyib ki, rayonlara gediş-gəlişi açmaqla Bakı şəhərinin yükünü az da olsa azalmaq lazımdır:
“Təbii ki, rayonlara gediş-gəlişlə bağlı qaydaların hazırlanması vacibdir. Belə ki, Bakı şəhərindən hansısa rayona gedən şəxsin postda tempuraturu ölçülməlidir. Bundan əlavə istirahət mərkəzlərində, qapalı məkanlarda, rayonun özündə belə karantin davranışlarının gözlənilməsi vacibdir. Müxtəlif qonaq evlərinin, otellərin fəaliyyəti tənzimlənməlidir. Yəni bunun kimi qaydalar hazırlandıqdan sonra insanların rayonlara gediş-gəlişinə icazə vermək olar”.