Azərbaycanda çimərliklərlə bağlı yeni qaydalar hazırlanır
“Çimərliklərlə bağlı komissiya yaradılıb, qaydalar hazırlanıb”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
E. Əzizov deyib ki, ola bilər ki, bəzi çimərliklərdə sıxlıq yaransın: “Biz bununla bağlı elektron sistem üzərində düşünürük. Vətəndaş evdən çıxmazdan əvvəl elektron sistemlə yer sifariş edə bilər”.
Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə bildirib ki, TƏBİB-in turizm məkanları ilə bağlı tibbi-metodik göstərişlər çimərliklərə də aiddir.
İ. Məmmədov deyib ki, həmin yerlərdə hüquqi şəxslər sosial məsafənin qorunmasına nəzarət edəcəklər: “Ola bilər ki, çimərliyin özünün də spesifik tələbləri olsun”.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə çimərliklərə nəzarətlə bağlı yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verildiyini bildirib.