Tanınmış junalist Əfqan Bəhluloğlu prezidentə müraciət etdi
Möhtərəm cənab Prezident!
Mətbuatın inkişafı ilə bağlı gördüyünüz işlər barədə nə qədər çox yazılsa da, yenə də azdır. Sizi Azərbaycanda söz azadlığı və plüralizmin boyük qarantı hesab edir, medianın inkişafına dövlət dəstəyinin verilməsinə, jurnalistlərin sosial rifahının yaxşılaşdırılmasına yönəlik təşəbbüsünüzü və bu təşəbbüsün gerçəkləşdirilməsi yolunda atdığınız əməli adddımları alqışlayırıq.Azərbaycanda həyata keçirilən iqtisadi strateğiyanın prioritet istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişafıdır.Azərbaycan Respublikasında sahibkarlığın inkişafı məqsədi ilə son illər xüsusi dövlət proqramları və sahibkarlıq fəaliyyətinə maneə olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş qərarlar qəbul edilmiş və digər tədbirlər həyata keçrilmişdir.Mən həmişə ədaləti öz ölkəmizdə axtarmağın tərəfdarıyam və heç vaxt öz hüquq mühafizə orqanlarına inamımı itirməmişəm.Ölkəmizdə, xüsusən də rayonumuzda baş verən hadisələri - müsbət hadisələri, çatışmazlıqları, neqativ halları işıqlandırmağa çalışıram.Bu, həmçinin bir ictimai nəzarətdir və dövlət başçısı kimi Siz çıxışlarınızda bunun zəruriliyini dəfələrlə bildirmisiniz.
Azərbaycan dövlətinin uğurlarına sevinən,möhtərəm Prezidentimizin fəaliyyətini hər zaman yüksək qiymətləndirən Mediatv.az İnformasiya Portalının baş redaktoru olaraq Sizə müraciət edirəm.
Möhtərəm cənab Prezident!
Bildirirəm ki, bu il iyul ayının 24-də ailəmlə birlikdə Masallı İstisu “Fatmeyi-Zəhra” şəfa sanatoriyasına istirahətə getdik. Evimizdə siqnalizasiya sistemi olmadığından və uzunmüddətli gedişi planlaşdırdığımız üçün istirahətə gedən zaman valideynlərimdən bizim üçün qalan, ailə quran zaman valideynlərimin aldıqları, övladlarımın ad günlərində yaxın qohumlar tərəfindən hədiyyə olunmuş qızıl-zinyət əşyalarını, özümün, yoldaşımın, oğlumun ümumvətəndaşlıq pasportunu və digər lazımi əşyaları özümüzlə götürmüşdük. Ailəmlə birlikdə İstisu sanatoriyasında dincələn zaman, İstisu “Fatimeyi-Zəhra” sanatoriyasının sahibi, cənub bölgəsində ən böyük vergi ödəyicilərindən biri olan İldırım Allahyarov mənə yaxınlaşaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları və polis rəisi tərəfindən təzyiqlərə məruz qaldığını, onun sahibkar kimi fəaliyyətinə maneəçilik törədildiyini və aylıq haqq tələb etdiklərini bildirdi. Mən də bir jurnalist olaraq sahibkarın şikayəti əsasında redaktoru olduğum Mediatv.az informasiya portalında 26.07.2019-cu il tarixdə “AQTA-nın əməkdaşları sahibkarı təhqir edir – rüşvət tələbinə boyun əymədiyinə görə” (http://mediatv.az/…/55891-aqta-nin-emekdaslari-sahibkari-te…) və 28.07.2019-cu il tarixdə “Tanınmış cənublu iş adamı Masallının polis rəisindən şikayət etdi” (http://mediatv.az/…/55927-tannms-cenublu-s-adam-masallnn-po…) sərlövhəli məqalələr dərc etdim. Dərc etdiyim məqalələri həm sosial şəbəkələrdə paylaşdım, həm də ki, aidiyyatı təşkilatların elektron poçtuna ünvanladım.
Adını çəkdiyim iki məqalə dərc olunduqdan sonra 28.07.2019-cu il tarixdə gündüz saat 14:20-16:30 intervalında mənə məxsus Mersedes-Benz markalı 99EM320 qeydiyyat nişanlı avtomobilim qarət olunur. Avtomobilin arxa yan şüşəsi sındırılaraq, yoldaşımın qol çantası aparılır. Yoldaşımın qol çantasında mənim, onun və oğlumun ümumvətəndaşlıq pasportu, bugünkü qiymətlərlə təqribən 20 min manatlıq qızıl-zinət əşyaları və digər qiymətli əşyalar oğurlanır. Hadisə yerindən dərhal DİN-nin “102” xidmətini məlumatlandırdım. Təqriban 25 dəqiqədən sonra Masallı RPŞ-nin əməkdaşları hadisə yerinə gəldilər və əl izlərini götürdülər. 04 avqustda Masallı RPŞ-dən mənə zəng olunaraq avtomobilimi qarət edən şəxsin tutulduğunu bildirdilər. Dərhal Masallı rayonuna yola düşdüm. Üzləşmə protokolu tərtib olundu. Nurlan Səmədov adlı şəxs avtomobilimin şüşəsini sındırdığını etiraf etdi, amma oğurlanan əşyaları götürdüklərini boynuna almadı.
Möhtərəm cənab Prezident!
Onu da nəzərinizə çatdırım ki, 11.08.2019-cu il tarixdə saat 21:00-da “Xəzər televiziyası”nın Xəbərlər proqramında və 12.08.2019 tarixdə saat 21:00-da “Space” telekanalında yayımlanan “Operativ hissə” verilişində bu hadisə polis tərəfindən ictimailəşdirilib. Sual olunur, əgər maddi sübut ortada yoxdursa, hadisəni törətmiş şəxs götürdüyü qızıl-zinyət əşyalarının böyük bir hissəsini etiraf etmirsə, görəsən Masallı RPŞ-si bu hadisəni hansı əsasla ictimailəşdirir?
Hadisədən təqribən bir ay sonra tam təsadüf nəticəsində bilmişəm ki, mənə, yoldaşıma və oğluma məxsus ümumvətəndaşlıq pasportu tapılıb, Göytəpə polis bölməsindədir. Bundan sonra Masallı RPŞ-ni məlumatlandırmışam.
Möhtərəm cənab Prezident!
Təxmin edirəm ki, bu hadisə mənim peşə fəaliyyətimlə bağlıdır və Masallı RPŞ-si haqda tənqidi məqalə dərc etdiyimə görə,yüzlərlə avtomobilin içindən mənim avtomobilimin seçilməyi bunu deməyə əsas verir. Əgər rayon polis şöbəsinin rəisi bu işdə qərəzli deyilsə, onda ötən müddət ərzində cinayət hadisəsi tamamilə açılmalı, qızıl-zinyət əşyaları geri qayıtmalı idi. Çox maraqlıdır ki, cinayəti törətmiş şəxs məlum olsa da, qızıl-zinyət əşyaları isə ortada yoxdur.
İkinci bir ehtimal isə bir qrup cinayətkar dəstənin Masallı RPŞ-si tərəfindən himayə olunmasıdır. Əgər belə deyildirsə, 20 iyulda bir avtomobil, 28 iyulda mənim avtomobilim qarət olunur və avqustun 1-də isə 2 telefon oğurluğu baş verir. Bu qeyd etdiklərim 10 gün müddətində, gündüz günorta çağı “İstisu” ərazisində baş vermiş və mənim bildiyim tam açılmamış cinayət hadisələridir.
Üçüncü bir ehtimal isə hadisəni törətmiş şəxs tamamilə başqa bir adam olduğu halda, bu hadisənin Nurlan Səmədov adlı şəxsin zorla boynuna qoymaqdır. Əgər belə deyilsə tapılmış ümumvətandaşlıq pasportları və qızıl-zinyət əşyaları onun tərəfindən etiraf edilərdi.
Dördüncü bir ehtimal isə mənim avtomobilimi bir nəfər deyil, bir neçə nəfər birgə qarət ediblər. Amma digər şəxslər isə Masallı RPŞ-si tərəfindən məqsədli şəkildə üzə çıxarılmır. Məqsəd isə ya qızıl-zinyət əşyalarını öz aralarında bölüşdürmək,ya da ki, polis rəisi haqqında tənqidi məqalə dərc etdiyimə görə cinayət işini obyektiv araşdırmayaraq tez-tələsik məhkəməyə ötürməkdir.
Möhtərəm cənab Prezident!
23.09.2019-cu il tarixdə Masallı RPŞ-də oldum. İşi aparan müstəntiq və əməliyyat işləri üzrə müavinlə görüşdüm. Onların bildirdiyinə görə saxlanılan Nurlan Səmədov tapılan ümumvətəndaşlıq pasportundan xəbəri olmadığını bildirir. Eləcə də dərhal götürülmüş əl izləri onun olmadığını təsdiqləyir. Heç bir maddi sübut ortada olmadığı, tapılmış ümumvətəndaşlıq pasportlarımızın onun tərəfindən atıldığı sübuta yetirilmədiyi və mənə dəymiş maddi ziyan ödənilmədiyi halda cinayət işinin yekunlaşması, bu işin dəqiq araşdırılmadığını, əsl cinayətkarın üzə çıxarılmadığını və bu işin mənim polis rəisi haqda tənqidi məqalələr dərc etdiyimə görə qərəzli apardığının sübutudur.
Cinayət işinin bu formada Masallı RPŞ-də aparılmasına qəti etirazımı bildirirəm.
Möhrərəm cənab Prezident!
Cinayət işinin obyektiv aparılmasında polis rəisinin qərəzli olduğunu, Bakı şəhərində yaşadığımı, ailə vəziyyətimlə əlaqədar mütəmadi olaraq Masallı rayonuna gedə bilmədiyimi nəzərə alıb, bui şin Masallı RPŞ-dən alınaraq Bakının rayonlarının birinə verilməsini, mənə dəymiş maddi zərərin ödənilməsini, qızıl-zinyət əşyalarının özümə qaytarılmasını, əsl cinayətkarın tapılması üçün aidiyyatı qurumlara müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Mediatv.az İnformasiya Portalının Baş redaktoru Əfqan Bəhluloğlu