azia.az
azia.az

Ordumuz iki yerdə irəliləyib, Nikol məcburdur - Şərh

2-09-2019, 16:03


Ermənistanda vəziyyət Paşinyanın vəd etdiyindən çox-çox fərqlidir.
Ordumuz iki yerdə irəliləyib, Nikol məcburdur - Şərh
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əli Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın son dövrlər Dağlıq Qarabağla bağlı səsləndirdiyi bəyanatlar barədə danışarkən deyib. O, Qarabağ kartının erməni rəhbərlərin əlində hər zaman bir vasitə olduğunu söyləyib:

“Levon Ter-Petrosyandan tutmuş Ermənistanın bütün prezidentləri, baş nazirləri və digər siyasi xadimləri Qarabağ kartını öz hakimiyyətlərini gücləndirmək, cəmiyyətin fikrini yayındırmaq üçün istifadə ediblər və edəcəklər.

Əgər Azərbaycan müharibəyə başlayıb, ərazi bütövlüyünü bərpa etsə, Ermənistan rəhbərliyi yenə də Qarabağ kartından istifadə etməyə davam edəcək.

Bildiyimiz kimi, Paşinyan özlərinin inqilab hesab etdikləri bir hərəkat nəticəsində hakimiyyətə gəlib. Həm bundan öncə, həm də hakimiyyətə gəldikdən sonra Paşinyan ərtafına və xalqa xeyli vədlər verib. Bu vədlərin böyük hissəsi ”demokratikləşmə” və “iqtisadi rifah”la bağlı idi. Hökumət bu istiqamətdə müəyyən addımlar atsa da, hələ ki, vəziyyət arzuolunandan və Paşinyanın vəd etdiyindən çox-çox fərqlidir. Kiçik və kasıb ölkədə əhalinin rifahını qısa zaman ərzində yüksəltmək demək olar ki, mümkünsüzdür. Demokratikləşməyə gəldikdə isə Paşinyan hələ ki, siyasi rəqiblərindən qisas almaqla və Qarabağ klanını zəiflətməklə məşğuldur.

Özünü Qərbə demokrat kimi sırımağa çalışan Paşinyan hərdən demokrat libasına da girməli olur. Onun Qarabağa dair təzadlı bəyanatları da bunun nəticəsidir. Paşinyan həm Qarabağ mövzusunda “Papadan çox katolik” olmaq, həm də Qərbdə “demokrat” imicini yaratmaq və onu qoruyub saxlamaq istəyir. Təbii ki, bu iki məsələ bir-birinə ziddir. Hərçənd bəzi Qərb dairələrində Paşinyan barədə illüziyalar mövcuddur, lakin hesab edirəm ki, bu illüziyalar o qədər də dərin kök salmayıb.

Bundan əlavə, Paşinyanın hakimiyyəti dövründə Ordumuzun Naxçıvan və Qazax istiqamətində irəliləməsi də onu narahat edir və Nikol öz vətəndaşlarına buna dair reaksiyasını göstərməyə məcburdur”.

Ə.Hacızadə hazırkı vəziyyətdə Azərbaycanın qarşısında duran əsas məsələlərdən də bəhs edib:

“Bunu 3 prinsiplə izah etmək olar: birincisi, müdafiə və hücum potensialını əvvəl olduğu kimi, bundan sonra da daim gücləndirmək, təkmilləşdirmək; ikincisi, Ermənistanın siyasi-iqtisadi blokadası siyasətini davam etdirmək; üçüncüsü, Paşinyan hökumətinin və şəxsən özünün bu təzadlı açıqlamalarını əlimizdə əsas tutaraq, diplomatik, siyasi, informasiya cəbhəsində aktiv əməliyyatlar keçirmək.

Təbii ki, Azərbaycan istənilən ssenariyə hazır olmalıdır. O ki qaldı beynəlxalq təşkilatlara və ATƏT-in Minsk Qrupuna, həmsədrlər bu münaqişədə kimin işğalçı, kimin işğala məruz qalmış tərəf olduğunu açıqlamaqdan hələ də boyun qaçırır. Bu yanaşma ilə fəaliyyət göstərən beynəlxalq təşkilatlardan ədalət və obyektivlik gözləməyə dəyməz”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi