Aydın Quliyev: "Paşinyan üç hədəfin üzərində oyun oynayır"
"Paşinyan bəzi siyasi bəyanatlarla Azərbaycanın içinə təsir göstərmək istəyir".
Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Ermənistan baş naziri Nikol Paşinyanın son günlər Dağlıq Qarabağ və onun statusu barədə sərsəm iddialarına münasibət bildirərkən qeyd edib.
Siyasi ekspertə görə, İlham Əliyev son illərdə bir neçə bəyanatla Ermənistanda ictimai və müxalif rəyi hakimiyyətə qarşı yerindən oynada bildiyi üçün Paşinyan da həmin üsuldan Azərbaycana qarşı istifadə etmək istəyir: "Məsələn, İlham Əliyevin çox da uzaq olmayan keçmişə aid bu sözlərini yəqin ki, hamı xatırlayır: İrəvan tarixən Azərbaycan şəhəridir. Biz İrəvana mütləq gedəcəyik. Saakyanın rejiminin yıxılmasında bizim böyük rolumuz oldu. Bizim illərdən bəri dediklərimizi erməni cəmiyyəti Sarkisyan xuntasına dedi və sair. Bu bəyanatlar hər zaman Ermənistan cəmiyyəti ilə hakimiyyət arasında dərin təlatümlər doğurub. İndi də Paşinyan bəzi siyasi bəyanatlarla Azərbaycanın içinə təsir göstərmək istəyir. Məsələn, Qarabağ Ermənistandır. Azərbaycan sülh istəyirsə Arsaxla danışmalıdır. Torpaq qaytarmaq yox, yeni torpaqlar tutmaq haqda fikirləşirik. Qarabağ Azərbaycandan ayrılmaq hüququna malikdir və sair. O bu sərsəm bəyanatları Azərbaycan xalqını, Əliyev hakimiyyətini və müxalifəti qıcıqlandırmaq üçün verir. Bu boşboğaz adam üç hədəfin üstündə oyun oynayır. Azərbaycan hakimiyyəti onun oyununu başa düşür, odur ki, əsəbləşib özündən çıxmır, cavab bəyanatları ilə onu ifşa edir. Azərbaycan xalqı da tələyə düşmür, çünki gözlərini prezidentin siyasətinə dikib.Təəssüf ki Azərbaycanın radikal müxalifəti Paşinyanın tələsinə düşür və onun alətinə çevrilir.Paşinyan məhz istəyir ki, Azərbaycan müxalifəti İlham Əliyevin hakimiyyəti ilə onun hakimiyyətini müqayisə etsin və üstünlüyü Paşinyana versin.Bizim radikal müxalifət elə bunu edir və həm də bundan çox zövq alır. Daha Paşinyanın tələsinə düşmək başqa cür necə ola bilər ki?!"