Bakıda potensial təhlükəli daha üç bina tikintisi aşkarlandı
Bakıda mənşəyi məlum olmayan, kustar sexlərdə istehsal edildiyi təxmin edilən armaturlardan istifadə etməklə çoxmərtəbəli yaşayış binaları inşa etməkdə olan daha 3 şirkətlə bağlı məlumat əldə etmişik. Əməkdaşlarımız aşkar ediblər ki, bu iri inşaat layihələrindən biri Bakının Suraxanı rayonunun Zığ qəsbəsində, Zığ yolu küçəsi, 93 ünvanında həyata keçirilir. Həmin ünvanda 10 mərtəbəli yaşayış kompleksinin inşasını “Şahinlər” MMC adlı şirkət sifariş verib. Tikintini podratçı qismində “Nyu Sfera İnşaat” MMC şirkəti həyata keçirir. Hər iki şirkət “Nyu Sfera” şirkətlər qrupuna daxildir. İnşaat işlərinin əsas hissəsi görülüb, əməkdaşlarımızın çəkdikləri fotolardan da göründüyü kimi, inşaat meydançasında hansı müəssisə tərəfindən istehsal edildiyi bəlli olmayan, yəni üzərində ticarət nişanı daşımayan armaturlar qalaqlanıb.
Keyfiyyəti və standartlara uyğunluğu şübhə doğuran armaturlardan istifadə etməklə çoxmərtəbəli yaşayış binası inşa edən digər şirkət isə “Valensiya” MMC-dir. Bu şirkət sifarişçi qismində Bakının Xətai rayonunda, N.Tusi küçəsi, 69 ünvanında - “Movida Plaza” şadlıq sarayının yaxınlığında çoxmərtəbəli yaşayış binasının inşasını həyata keçirir. İnşaat işlərini bu şirkətin sifarişi ilə podratçı qismində “Evrostroy-SS” MTK adlı şirkət aparır. Qeyd edək ki, bu ilin fevralında Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Evrostroy-SS” MTK şirkətinin adını barəsində Prezident Administrasiyasına ən çox şikayət daxil olan tikinti şirkətləri arasında göstərmişdi. Kustar üsulla istehsal edilmiş armaturlardan istifadə etməklə riskli inşaat işlərinin həyata keçirildiyi növbəti ünvan isə Bakının Nərimanov rayonunda, Ə.Əlizadə küçəsindədir. Həmin küçədə inşa edilən çoxmərtəbəli yaşayış kompleksinin inşaat meydançasında da kustar sexlərdə istehsal edildiyi təxmin edilən armaturlar qalaqlanıb. Kompleksin inşasını “İmişli İnşaat” adlı şirkət həyata keçirir.
Bundan əvvəl virtualaz.org Bakıda potensial təhlükəli yaşayış binaları inşa edən bir neçə şirkət barəsində yazmışdı. İnşaatın kustar sexlərin istehsalı olan armaturlarla aparılması bu binaların dayanıqlığı ilə bağlı ciddi risklər yaradır. Çünki inşaatın özəyi olan armaturlar keyfiyyət standartlarına cavab vermirsə onların beton daxilində korroziyası daha sürətlə gedir. Nəticədə belə binalar müəyyən zaman keçdikcə ya orta güclü yeraltı təkanların təsiri ilə, ya da öz-özünə uça bilər. Xəbər verildiyi kimi Prezident İlham Əliyev bu günlərdə sahibkarlıq obyektlərində yoxlamaların dayandırılmasına dair qanuna edilmiş dəyişiklikləri təsdiqlədi. Həmin dəyişikliklərə əsasən tikinti obyektlərində yoxlamaların aparılmasına qoyulmuş moratorim aradan qaldırılır. Bu mühüm dəyişiklikdir, çünki yoxlamaların dayandırılmasından istifadə edən bəzi inşaat baronları tikinti təhlükəsizliyi normalarının pozulması hallarına yol verirlər.