Səbail rayonunda Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “SÖNMƏZDİR, ƏBƏDİDİR HEYDƏR ƏLİYEV!” adlı anım mərasimi keçirilmişdir
Hər il olduğu kimi Ümummilli Liderimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu Öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin, çoxsaylı qonaqların və Heydər Əliyevin ailə üzvlərinin iştirakı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə hərs olunmuş “SÖNMƏZDİR, ƏBƏDİDİR HEYDƏR ƏLİYEV!” adlı anım mərasimi keçirilmişdir.
Səhnədəki monitorda Ulu Öndər Heydər Əliyevin portreti canlandırılmışdır. Azərbaycan Respublikasının Xalq artisti Rauf Abdullayevin bədii rəhbəri və baş dirijoru olduğu Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında Qara Qarayevin “Matəm odası” səsləndi. Orkestrin ifası zamanı ekranda Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video fraqmentlər nümayiş etdirildi.
Tədbirdə qeyd olunmuşdur ki, düz 15 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. O, xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir.
Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə rəhbəri İlham Əliyevin sayəsində davam edir. Bu siyasəti son 15 ildə davam etdirən Prezident İlham Əliyev milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına bacarıqla transformasiya edir.
XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.
Tədbir Soltan Hacıbəyovun “Karvan” simfonik lövhələri ilə davam etdi və Heydər Əliyevin gənclik illəri, ölkə rəhbəri kimi çalışdığı dövr, onun Azərbaycanın inkişafı və tərəqqisi üçün gördüyü işləri əks etdirən video-fotolar nümayiş olundu.
Anım gecəsi Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” ilə bitmişdir.
Anım mərasimi çox təsirli və yaddaqalan keçdi.