azia.az
azia.az

Küçə inqilablarının yeni rəngi və adı: “Sarı jiletlər” - TƏHLİL

5-12-2018, 10:06

İndiyə qədər baş verən “qızılgül”, “narıncı” və “ərəb baharı” adlanan inqilabları artıq “Sarı jiletlər” hərəkatının əvəzlədiyi bildirilir
Qabaqcıl Avropa ölkələrini etiraz dalğaları bürüməkdədir. Noyabrın 17-də Fransada yanacağın artmasına qarşı keçirilən mitinqlərlə başlayan proseslər Avropanın digər ölkələrinə də yayılmağa başlayıb. Belçika və Hollandiyadan sonra Almaniyada da Fransaya dəstək aksiyası keçirilib.


Bu hərəkat “Sarı jiletlər” adlanır. Bu da təsadüfi deyil. Belə ki, noyabrın 17-də Fransada aksiyaları üzərində partlayıcı maddə olan, sarı jilet geyinən şəxsin başlatmasıdır. Digər ölkələrdə Fransadakı aksiya iştirakçılarına dəstək verənlər də sarı jiletlərdə mitinqlər keçirirlər.

Ekspertlər cərəyan edən prosesləri inqilab kimi qələmə verməyə başlayıblar. İndiyə qədər baş verən “qızılgül”, “narıncı” və “ərəb baharı” adlanan inqilabları artıq “Sarı jiletlər” adlanan hərəkatın əvəzlədiyi bildirilir. Aksiyaların digər ölkələrə də yayıla biləcəyi ehtimal edilir.

AZİA.AZ xəbər verir ki, Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, Avropa əsrlər boyu Spartak, kəndli, protestant kimi müxtəlif üsyanlara şahidlik edib: “Fransa daima inqilabların, müharibələrin, müxtəlif hərəkatların mərkəzi rolunu oynayıb. Onu Avropanın ”barıt çəlləyi" adlandırmaq olar. Burada baş verən hadisələr bütün Avropaya yayılıb, tarixin gedişatını dəyişdirib. “Sarı jiletlər” üsyanının da Avropaya yayılmaq təhlükəsi bununla izah oluna bilər. Avropa Rusiyadan atıla biləcək raketlərdən ehtiyatlandığı halda, onun öz daxilindən vətəndaşlar sarı jilet geyinərək sosial zəmində iğtişaşlara başladılar. Fransadakı hadisələrin dizel yanacağının bahalaşmasına olan etirazdan başlayıb prezident Makronun istefasına və hökumətin ədalətsiz siyasətinə qarşı çevrilməsindən belə bir nəticəyə gəlmək olar ki, aksiya əvvəlcədən siyasi məqsədlə planlaşdırılmış hərəkat olub. Bu hadisələrin 1968-ci ildə başlayan De Qolla qarşı iğtişaşlardan sonra Fransada ən genişmiqyaslı iğtişaşlar olduğu qeyd edilir. Bu müqayisənin aparılması təsadüfi deyil. De Qoll da Makron kimi Avrosentrizm tərəfdarı olan prezident olaraq ABŞ-ın Avropanın siyasətinə müdaxiləsinə qarşı çıxaraq, Avropanın öz məsələlərinin qitə ölkələri tərəfindən həllinə tərəfdar çıxmış, bununla da Atlantizmdə çatlar yaranmışdır. 1962-ci ildə o, NATO əsgərlərinin bir neçə sutka ərzində Fransa torpağını tərk etməsi göstərişi vermişdi. İndi də sanki tarix təkrar olunur və bu dəfə də ABŞ-Fransa qarşıdurmasının ön cəbhəsində Fransa dayanır. 1968-ci il hadisələri hətta De Qoll kimi təcrübəli siyasətçinin, dünya müharibəsində uzun döyüş yolu keçmiş generalın siyasi karyerasına sarsıdıcı zərbə vurmuşdu. 50 il sonra Makronun belə bir qarşıdurmaya sürüklənməsi heç şübhəsiz ki, onun da prezident kimi siyasi karyerasında böhranlı dövr kimi yadda qalacaqdır".
Politoloq əsas şübhələrin yenə də ABŞ üzərinə yönəldiyini də qeyd etdi: “Bu, təbiidir. Çünki Makronun vahid Avropa ordusu yaratmaq istəməsi birmənalı olaraq NATO-nun zəifləməsinə, Avropada ona alternativ olan yeni bir siyasi təsisatın meydana gəlməsinə səbəb ola bilər. Bu, Atlantik okeanının hər iki tərəfini - ABŞ və Avropanı birləşdirən Atlantizm ideologiyasında dərin təfriqə yaratmaqla yanaşı, ABŞ-ın silah istehsal edən hərbi konsernlərinə milyardlarla dollar zərər verə bilər. Digər tərəfdən, Avropa kimi nəhəng geosiyasi nüfuz dairəsinin nəzarətdən çıxması ABŞ-ın ən böyük geosiyasi güc itkisi sayıla bilər. Üstəlik, Avropanın Rusiya, Çin və İranla birləşib ABŞ-a qarşı yeni qütb yaratması Amerikanın tarixi boyu qarşılaşdığı ən böyük zərbə olardı. Fransadakı hadisələr böyük ehtimalla Makrona və Avropadakı anti-Amerika, avrosentrist qüvvələrə xəbərdarlıqdır. Fransa bunun kim tərəfindən niyə edildiyini yaxşı bilir. Baxmayaraq ki, ABŞ-dakı 13 koloniya İngiltərə ilə müstəqillik uğrunda müharibəyə başlayanda ona yardım edən, hətta ”Azadlıq abidəsi" yollayan Fransa olmuşdu. Lakin bugünkü Fransa ABŞ-ın dünya işlərində ona mane olmağa çalışan dövlətlərdən biridir. Orta Şərqdə və Cənubi Qafqazda Fransa ABŞ-a mane olmağa çalışır. Anqlo-sakson mədəniyyətinə qarşı frankofon mədəniyyətini yaymağa çalışan Fransa Liviyada, Suriyada, özünün Afrikadakı keçmiş müstəmləkələrində ABŞ-a qarşı müqavimət göstərir. Üstəlik, Gürcüstanda öz keçmiş vətəndaşı və diplomatı olmuş Salome Zurabişvilinin Rusiyanın İvanaşvili vasitəsilə yardımı sayəsində ABŞ-ın dəstəklədiyi Vaşadze ilə mübarizədə qalib gələrək onun prezident seçilməsinə nail olur. Xanım prezident Gürcüstan-Rusiya savaşında Rusiyanı haqlı bilir və bu barədə hətta kitab yazıb. Fransa Ermənistanda ABŞ-ın hakimiyyətə gətirdiyi Paşinyanla yaxınlaşmağa, onu Vaşinqtonun təsirindən uzaqlaşdırmağa, Rusiya və İrana qarşı loyallaşdırmağa çalışır. Bu gün Fransada baş verən hadisələr Makronun bu canfəşanlıqlarına son verməsi üçün xəbərdarlıqdır. Yeri gəlmişkən, vaxtilə şah rejimi dövründə ABŞ və İsraillə yaxın olan İranda inqilabın banisi Xomeyni də məhz İrana Fransadan, bu ölkənin hərbi təyyarəsində gəlmişdi. İnqilab yolu ilə ABŞ-ı İran kimi strateji müttəfiqdən məhrum edən Fransa Avropa Birliyinin buranı Amerikadan qoparmasına nail oldu. İrana nüvə silahı yaradılmasına kömək etməkdə şübhəli bilinən ölkə də məhz Fransadır. Odur ki, Fransadakı proseslər yeni bir dəyişikliklərin qarşısını almaq üçün okeanın o tayından olan xəbərdarlıq sayıla bilər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi