Qulu Məhərrəmli: “Şeyx Nəsrullahın davamçılarını efirə çıxarıb, reklam etmək olmaz”
Azərbaycan telekanallarında tez-tez cin çıxarma olaylarına şahidlik edirik. Özlərini cindar kimi təqdim edənlər guya bədəninə cin girmiş şəxslərə müxtəlif hərəkətlər edərək, onların bədənindən “cin çıxarırlar”.
Bu günlərdə yenə də kanalların birində bir nəfərin qadını ayağından asıb, bədən nahiyələrini şillələdiyi, bununla guya müalicə edildiyi görüntülənib. Həmin kadrlar sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Kimisi kanalları, kimisi bu cür cəhalətə inananları tənqid edib. Eyni zamanda insanın bədəninə cinin, girə bilməməsi, cinin, ümumiyyətlə, mövcud olmamasını yazanlar var. Belə bir adət də var ki, xüsusilə də yeni doğulan uşağa cin yaxınlaşmaması üçün onun paltarına sancaq, yastığının altına buna bənzər əşyalar qoyurlar.
İlk olaraq bu suala cavab tapaq ki, insanın bədəninə cin girə bilərmi?
Azərbaycanda, məlum olduğu kimi, əsasən nədənsə qorxmuş adamların aparıldığı çıldaq, xəstələrin, uşağı olmayanların aparıldığı müxtəlif ocaqlar mövcuddur. Bunların da mistik qüvvələrlə əlaqəsindən bəhs edilir. Lakin bu yerlərin heç birində bədəndən cin çıxarma, cinin qovulması və ya digər bu kimi proseslər həyata keçirilmir. Cindarlara son zamanlar daha çox televiziyalar qapı açıb, onların bir növ piarını aparırlar...
Cinlərə gəlincə, Qurani-Kərimdə 72-ci surə var ki, bu, “Cin surəsi” adlanır. Orada cinlərdən və onların bir-biriləri ilə dialoqundan bəhs olunur. Dindarlar da bildirirlər ki, cinlərin insana psixoloji təsirini heç kim inkar etmir, amma fiziki olaraq cinin insanın bədəninə daxil olmasından nə Qurani-Kərimdə, nə də peyğəmbərin hədislərində bəhs olunur.
Qurani-Kərimdə bildirilir ki, Allah cini və insanları ona itaət etməsi üçün yaradıb. İnsanların bir dəstəsi ibadət edir, onlara mömin deyilir, ibadət etməyənlər günahkar hesab edilir, Allahı inkar edənlər isə kafirlərdir. Üzdə özlərini mömin kimi göstərənlər, altda isə İslamı baltalayanlar münafiqlərdir. Dini ekspertlərin fikrincə, eləcə də cinlərin də Allaha inananları, inkar edənləri, müsəlman və kafirləri var. Yekun olaraq söyləmək olar ki, bir cinin insan bədəninə girməsi dinə və müqəddəs kitaba görə mümkün deyil.
Müqəddəs Quran mələyin, insanın və cinin yaranmasından xəbər verir. İnsanın torpaqdan, mələklərin nurdan, cinlərin isə tüstüsüz oddan yarandığı bildirilir. Bəşəri elm nə mələyin, nə cinin oddan yaranmasını sübut edilə bilməyib.
Telejurnalist Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirib ki, televiziyalar ictimai fikri nəzərə almırlar:
“Bu barədə dəfələrlə kəskin tənqidlər olub. Ancaq televiziyalar yenə də həmin süjetləri verməkdə davam edirlər. Bu cür əcaib təqdimatların qarşısını ilk növbədə televiziyanın özü və rəhbərliyi almalıdır. Çünki hər şeyi telekanalın kommersiya maraqlarına qurban vermək olmaz. Müəyyən bir səviyyə var və bunu da daim qorumaq lazımdır. Verilişi hazırlayan hər bir kəs də bunun üçün cavabdehdir. Ancaq təəssüf ki, bizdə kütlənin hətta ən aşağı, keyfiyyətsiz seqmentinə istinadən bu cür verilişlər hazırlanır. Həqiqətən də sual doğurur ki, bütün bunlar nə zamana qədər davam edəcək və qarşısını kim almalıdır? Məncə, ilk növbədə bu cür yazıların, qınaqların olması vacibdir. İkincisi isə bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) göstərişi olmalıdır ki, belə məsələlərə diqqətlə yanaşsınlar. Məsələnin incəliyi budur ki, çox zaman MTRŞ yaradıcı prosesə qarışa bilmir. Elə hallar var ki, bu, birbaşa olaraq xurafatın təbliğatı və yayılmasıdır. İnsanlar belə şeyləri görəndə illüziyalara qapılıb, reallıqdan uzaqlaşırlar. Bu gün Azərbaycan cəmiyyətinin önündə gedənlər kimlərdir? Doğrudanmı onlar cin çıxaranlar, falçılardır? Yoxsa bu millətin önündə ziyalılar, dəyər daşıyanlar, Azərbaycan cəmiyyətinin inkişafı ilə bağlı narahatlıq keçirən insanlar var? Televiziyalar əslində bu cür adamlara istinad etməli, ictimai müzakirələr aparılmalıdır. Keçilməz bir mövzudursa, diskussiyadırsa, yalnız o zaman bəzi fraqmentləri göstərmək olar. Ancaq ümumiyyətlə, Şeyx Nəsrullahın davamçılarını bu şəkildə efirə çıxarıb, reklam etmək olmaz. Çünki bunun cəmiyyətə pozucu təsirləri olar”.
Fərqanə Mehmanqızı: “Elmi izah yalnız budur ki, insanların psixoloji durumu pisləşir, onlar hallüsinasiya görməyə başlayırlar”
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan psixoloq Fərqanə Mehmanqızı bildirdi ki, “cin çıxardıram” deyənlər bir növ fırıldaqçılardır: “Onlar insanların zəif psixoloji durumundan istifadə edib pul qazanırlar. Əgər hər hansı bir fırıldaqçılıq olmasaydı, bu psixoloji duruma paranoiklik deyə bilərdik. Özlərində cin olduğunu düşünən insanlar əslində ağır depressiya, paranoiklikdən əziyyət çəkirlər. Əziyyət çəkdikləri zaman kim onların vəziyyətini ”anlayırsa", həmin şəxslərə üz tuturlar və aldanırlar. Reallıqda təbii ki, belə bir hal yoxdur ki, insanlar cinlər tərəfindən təcavüzə uğrasınlar. Bu məsələnin dini tərəfini də araşdırmışam və cinin insan bədəninə girməsi dinimizdə də mövcud deyil. Kimsə bunu din adından deyirsə, mövhumatdan başqa bir şey deyil. Ola bilər ki, hansısa şəxs kitab çap edər və orada cinin insan bədəninə daxil olmasını qeyd edər. Bu kitaba istinad edib, din adından danışmaq olmaz. İnsanlar bu məsələyə inanmalı deyil. Elmi izah yalnız budur ki, insanların psixoloji durumu pisləşir, onlar hallüsinasiya görməyə başlayırlar. Bu, psixoloq, psixiatr tərəfindən müalicə oluna bilir. Hansısa fırıldaqçının ritual əməlləri nəticəsində onun sağalması baş verə bilməz. Debillik, idiotizm kimi psixologiyada müəyyən xəstəliklər var. Bu kimi xəstəliklər kənardan “içərisinə cin girib” deyə xarakterizə oluna bilər. Ancaq bunun hamısının elmi izahı var".
Əli RAİS,
“Yeni Müsavat”