azia.az
azia.az

16 yaşa qədər adam öldürməyə icazə verilir?

28-08-2017, 17:45

16 yaşa qədər adam öldürməyə icazə verilir?


Bakı şəhər prokurorluğundan verilən məlumata görə, Sabunçu rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qərarı ilə Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Fizuli oğlunun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatəti təmin edilib.

"Qaynarinfo"-nun verdiyi xəbərə görə, qərarın icrası Sabunçu İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Sabunçu Rayon Polis İdarəsinə həvalə edilib.

Xatırladaq ki, ilkin məlumatlarda Ağaəli Fərəclinin 14 yaşı olduğu bildirilirdi. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda A.Fərəclinin 16 yaşının olduğu açıqlanıb.

Qeyd edək ki, bu il mayın 3-də naməlum avtomobilin sürücüsü Sabunçu rayonu ərazisində hərəkətdə olarkən piyada, 24 yaşlı Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb. X. Məmmədova aldığı bədən xəsarətlərindən 3 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib.

Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb.
16 yaşa qədər adam öldürməyə icazə verilir?
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Porsche” markalı, 99-BS-999 dövlət nömrə nişanlı avtomobili idarə edən azyaşlı Ağaəli Füzuli oğlu Fərəcli tərəfindən törədilməsi müəyyən edilib.

Cinayət işi həmin Məcəllənin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs – F. Fərəcli tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə – azyaşlı oğlu A. Fərəcliyə verdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilib.

Xatırlatmaq istərdik ki, Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Füzuli oğlunun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatətlə çıxış edib. Amma Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda A. Fərəclinin 16 yaşının olduğu, yəni cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatdığı bildirilirdi. Biz bu məlumatların hansının doğru olub-olmamasını yoxlamaq üçün Sabunçu rayon icra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səbahət Hümbətovaya müraciət etdik. “Ağaəli Fərəclinin yaşı çatmadığına görə onu cinayət məsuliyyətinə cəlb etmək olmaz. Ona görə ki, onun 16 yaşı yalnız 2017-ci ilin avqust ayında olacaq. Hətta o, qəsdən adam öldürsə belə, onun yaş həddi çatmırsa, ona qarşı yalnız tərbiyəvi tədbirlər görülməlidir”, - deyə Səbahət Hümbətova "Qaynarinfo" saytına bildirdi.

“Cinayət Prosessual Məcəlləsinin 20.2 maddəsinə əsasən qəsdən adam öldürməyə görə 14 yaşından etibarən cinayət məsuliyyətinə cəlb edilə bilər. 14 yaşı olan şəxs həmçinin mənimsəmə məqsədi güdmədən avtomobil qaçırılmasına görə də cinayət məsuliyyətinə cəlb edilə bilər” – vəkil Elmar Süleymanov Səbahət Hümbətovanın dediklərini "Qaynarinfo" saytına belə şərh etdi.

Sonda vurğulayaq ki, Ağaəli Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur.

Qaynarinfo.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi