"Mesaj vasitəsilə şəxsiyyətin alçaldılması təhqir hesab edilmir" — AÇIQLAMA
"Vətəndaşların bir çoxu sual verir ki, məni təhqir edən şəxsi cinayət məsuliyyətə cəlb etmək olar?
Təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə şəxsiyyətin şərəf və ləyaqətinin qəsdən nalayiq formada alçaldılması nəzərdə tutulur".
Bu sözləri Demokrat.az-a açılamasında vəkil Turan Abdullazadə deyib.
"Şəxsin şərəf və ləyaqətini iki və daha çox şəxsin görə biləcəyi formada alçaltmaq təhqir hesab edilir. Mesajda, şəxsi "e-mail" vasitəsi ilə, üzbəüz formada şəxsiyyətin alçaldılması təhqir hesab olunmur, buna görə cinayət məsuliyyəti nəzərdə tutulmur.
Sübut oluna bildiyi halda şəxsə mənəvi ziyan vuran, sarsıntı yaşadan, şərəf və ləyaqətini ləkələyən şəxslər mülki məhkəmə icraatı qaydasında məhkəməyə verilə bilər. Məhkəmədə vurulan zərərin əvəzinin ödənilməsi tələbi irəli sürülə bilər".