azia.az
azia.az

Sabunçuda çoxillik şam ağacları amansızcasına məhv edilib- VİDEO/FAKT

30-09-2024, 14:54

Neçə illərdir ki, ölkəmizin şəhər və rayonlarında həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı məsələlər, yaşıllıqların məhv edilməsi, azyaşlıların oynadıqları, yaşlı insanların istirahət etdikləri və s. ərazilərin zəbt olunması kimi problemli məsələlər, bu gün də ölkə gündəmini zəbt edən əsas mövzulardan biri hesab olunur. Diqqət yetirmək lazımdır ki, Prezident İlham Əliyev cənabları keçirilən müşavirələrdə heç bir əsas olmadan yaşıllıqların məhv edilməsinə, qanunsuz tikinti işləri ilə bağlı məsələlərə xüsusi diqqət yetirir və vəzifə sahibi olan hər kəsə bu yöndə ciddi tapşırıqlarını verir. Bundan əlavə, onu da qeyd edək ki, 21 avqust 2024-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçılarının və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilir. Müşavirədə bir sıra məsələlər, yəni paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərinin vəziyyəti, ələlxüsus qanunsuz tikililərlə bağlı məsələlər ciddi şəkildə müzakirə olunur və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər də nümayiş etdirilir. Müşavirədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov hər bir məsələnin, o cümlədən qanunsuz tikinti işləri ilə bağlı məsələlərin ölkə rəhbəri tərəfindən daim diqqətdə saxlandığını və bununla bağlı lazımi tapşırıqlar verildiyini bir daha müşavirədə iştirak edənlərin diqqətinə çatdırır.

Çox təəssüf hissi ilə qeyd edək ki, Prezident İlham Əliyev cənabları vəzifə sahibi olan hər kəsə ciddi tapşırıqlarını versə də, hal-hazırda Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsi, Birinci döngə-179 ünvanında ciddi qanunsuzluq əməllərinə qol qoyulmaqdadır. Belə ki, qeyd olunan ünvanda baş alıb gedən qanunsuzluqlarla bağlı redaksiyamızı məlumatlandıran və ətraf ərazidə yaşayan sakinlər bildirirlər ki, “Həmin ünvanda köhnə tikili olsa da, hal-hazırda tikilinin ön hissəsində müəyyən artırmalar həyata keçirilir. Ən böyük qanunsuzluq isə, həyata keçirilən artırmaların yerində olan çoxillik şam ağaclarının ucdantutma məhv edilməsi oldu. Yəni, həmin ərazidə çoxillik yaşıl şam ağacları olsa da, tikinti işlərini aparan şəxs həmin ağacları məhv etdirdi. Söz yox ki, həmin şəxs belə bir addımını atarkən, ilk əvvəl aidiyyəti dövlət qurumlarından icazə alır və daha sonra “yaşıl soyqrım” aksiyasını həyata keçirir”.

Bəli, bütün bunlar onu göstərir ki, cənab Adil Vəliyevin icra başçısı olduğu Sabunçu rayonunda nə ölkə rəhbəri İlham Əliyev cənablarının, nə də ki, Bakı ŞİH-nin başçısı cənab Eldar Əzizovun verdiyi tapşırıqlara məhəl qoyulmur. Baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsi, Birinci döngə-179 ünvanı gözdən uzaq, könüldən qıraq ərazi olduğu üçün, bu gün həmin ünvanda yaşıllıqların kütləvi şəkildə məhv edilməsi, qanunsuz tikinti işlərinin həyata keçirilməsi və s. sanki adi məişət məsələlərindən biri hesab olunur. Bir sözlə, hal-hazırda cənab Adil Vəliyevin icra başçısı olduğu Sabunçu rayonunun müəyyən ərazilərində əsl dərəbəylikdir. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

Nyus.Az




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi