azia.az
azia.az

Atasının büstünün qızıl suyuna salınması ilə bağlı gündəmə gələn yeni icra başçısı kimdir? - DOSYE

17-09-2024, 23:29

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Dövlət başçısının digər sərəncamı ilə Rüstəm Xəlilov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Rüstəm Xəlilovun dosyesini təqdim edirik:

 

Rüstəm Gülabba oğlu Xəlilov 1958-ci il iyunun 1-də Sabirabad rayonunun Hacıbəbir kəndində anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. 1980-ci ildən Sabirabad rayonunda kənd təsərrüfatı idarəsində aqronom, 1983-cü ildən rayon Komsomol Komitəsinin katibi, ikinci katibi, birinci katibi, 1989-cu ildən Sabirabad Rayon Partiya Komitəsinin Təşkilat və kadr işi şöbəsinin müdiri işləyib. Rüstəm Xəlilov 1991-ci ildən G.Xəlilov adına kolxozun idarə heyətinin sədri, 2000-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara gömrük keçid məntəqəsi rəisinin müavini vəzifələrində çalışıb. 2002–2005-ci illərdə fərdi təsərrüfatçılıqla məşğul olub. O, 2005-ci ildə 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib.

 

R.Xəlilov Milli Məclisin Regional Məsələlər Komitəsi yanında yaradılan İşçi qrupunun rəhbəri kimi çoxsaylı təkliflərin müəllifidir.

 

O, 2019-cu ilin dekabrında Hacıqabulun icra başçısı təyin edilmişdi.

 

O, 2017-ci ildə atası Gülbaba Xəlilovun büstünün qızıl suyuna salınması və insanların büstü məcburi ziyarətə aparılması ilə gündəmə gəlmişdi. R.Xəlilov bu iddiaları təkzib etmişdi: "Büst sovetlər dövründə qoyulub, mən, sadəcə, təmir etdirmişəm. İkincisi də büst qızıl suyuna salınmayıb. Atam sosialist əməyi qəhrəmanı idi. İndi hansı dövrdür ki, kimsə kiməsə heykəl qoydursun?! Həmin büst o vaxt kolxoz təsərrüfatına verilmişdi. Sonra kolxoz dağıldı. O büst də... Hər adam atasının abidəsini təmir etdirər dəə. Qızıl suyu boş söhbətdir. Deyilənlərin hamısı yalan söhbətdir. Bir də indi kimisə harasa məcburi ziyarətə aparmaq olar? Ona görə də kənd sakinlərinin məcburi ziyarətə aparılması cəfəngiyyatdır".


G.Xəlilovun büstü Nizami kənd bələdiyyəsinin binasının qarşısında ucaldılıb. O, bir vaxtlar məşhur pambıqçı olub, 1941-1944-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib, 1944-1955-ci illərdə isə əmanət kassasında müdir, müfəttiş, rayon icraiyyə komitəsinin katibi və maşın-traktor stansiyasının (MTS) aqronomu işləyib. 1955-ci ildən Sabirabad rayon Jdanov adına kolxoza sədrlik edib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 mart 1982-ci il tarixli fərmanı ilə əməkdə göstərdiyi nailiyyətlərə və qəhrəmanlığa görə Gülabba Ağaşirin oğlu Xəlilov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, eyni zamanda Lenin Ordeni və “Oraq və Çəkic” qızıl medalı alıb.

Mənbə:https://pravda.az/news/161228?view=show


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi