Bağışlama ilə vəsiyyətnamənin fərqi, problem yaradan hallar
Azia.az bloqu Valyuta.az-a istinadla Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Qasım Q.Şaliyevin "Hüquq məhəlləsi"ndə “Bağışlama, yoxsa vəsiyyətnamə”yazısını təqdim edir.
Evimi oğluma, qızıma verdim, amma...
İnsanlığın yarandığı ilk günlərdən bu günə, insanlar ailəsinin və digər yaxınlarının layiqli həyat yaşaması üçün çalışırlar. Həyatın rutin axışında insanlar özlərinin malik olduqları əşyaları, mülkləri, maddi dəyəri olan sərvətləri üçüncü şəxslərə əvəzsiz, eyni qarşılıq olmadan ötürməklə həmin şəxslərin özlərini daha yaxşı hiss etməsi və gündəlik həyatlarını daha keyfiyyətli keçirmələrinə nail olurlar, ən azından başda belə bir niyyət xüsusi motivasiya qaynağı olur.
Ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır.
Nəticədə ən ali insani dəyər olan mülkiyyət hüququnun insana bəxş etdiyi əsas hüquqi imkanlardan birisi də, insanın xüsusi mülkiyyətində olan əmlaklar barəsində azad iradələri ilə sərəncam verə bilməsidir.
Bu baxımdan təsadüfi deyil ki, Konstitusiyamızda da mülkiyyət hüququnun mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olduğu qeyd edilib, habelə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməyəcəyi nəzərdə tutulub.
Bununla belə, milyonlarla insandan təşəkkül etmiş cəmiyyətdə isə ictimai münasibətlər kifayət qədər qəliz və qarışıqdır. İnsanların digər şəxslərlə hər hansı məzmunda daxil olduğu ictimai münasibətlərin gedişatında başda umduğu, arzuladığı nəticəni sonda tapmır və bu maraqlar toqquşmasında yeni məzmunda mübahisələr yaranır, başda vəkillərdən hüquq dəstəyi alınmadan yol verilən hərəkətlərin nəticələrin “yox edilməsi” xahiş edilir.
Bu mövzulardan biri də, ətrafımızda “Evi mənə baxmaq şərti ilə nəvəmə bağışlamışdım, indi mən sağ ola-ola evi satışa qoyublar”, “Evi vəsiyyətnamə ilə oğluma bağışlamaq üçün notariusa getdim, indi baxıram kupça onun adınadır”, “Sağ olanda vərəsəlik olmur, ancaq bağışlama olur” məzmununda sözlər eşidir, davamında isə qanun tələblərinin səhv bilinməsinə görə yaranan məhkəmə mübahisələrindən nəsə əldə etmə barədə uzun söhbətlərin şahidi oluruq.
Belə olan halda, bağışama ilə vərəsəliyin mahiyyəti barədə qısa icmal bilgilərə ehtiyac vardır.
Bağışlama ilə bağlı qeydlər.
Qüvvədə olan qanunvericiliyə əsasən, insanın sağ ikən öz əmlakını və ya onun bir hissəsini digərə tərəfə əvəzsiz ötürməklə həmin şəxsin zənginləşdirilməsini təmin edən hüquqi imkan bağışlamadır və bu zaman hədiyyə alan bu bağışlama qarşılığında bir qayda olaraq nəsə etmək öhdəliyi daşımır. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bəzən bağışlama müəyyən öhdəliklə şərtləndirilə bilər, bu zaman hədiyyə alan hədiyyənin qəbul edildiyini bildirməlidir. Əgər bağışlama müqaviləsində belə bir şərt yoxdursa, bu halda hədiyyə alanın belə bir öhdəliyi də olmayacaq.
Gündəlik həyatımızda qarşılaşdığımız əşyalar, əmlak hüquqları (tələblər), şirkət səhmləri - payları, habelə hədiyyə alanın əmlak vəzifəsindən azad edilməsi də bağışlamanın mövzusu ola bilər.
Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənirsə, bağışlanma etibarlı hesab edilir.
Burada xüsusi toxunulmalı zəruri qeyd budur ki, bağışlama qarşı tərəfin müəyyən öhdəliyi ilə şərtləndirilə bilər. Praktikada ən çox mübahisənin də bu istiqamətdə yarandığı bir gerçəkdir. Belə ki, hüquqi imkan olmasına baxmayaraq, bağışlama üçün tərəflər arasında razılaşdırılmış şərtlər müqavilə mətninə imza vaxtı salınmır, nəticədə hədiyyə alan bir müddət o “şərtlərə” riayət etsə də, davamında “sözündən” keçərək bağışlayan tərəfi “yarı yolda” qoyur. Davamında, müqavilə şərti kimi təsdiqlənmədiyinə görə bağışlayan tərəf uzun məhkəmə mübahisələri sonunda əksər hallarda məyus olur.
Təcrübədə mübahisə yaradan daha bir məsələ isə, bağışlamadan imtina halı ilə əlaqədardır. Bağışlamadan imtinadan danışmaq üçün, ilk öncə etibarlı bağışlama müqaviləsinin mövcud olması qeyd edilməlidir. Qüvvədə olan qanunvericiliyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; hədiyyə alan, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə, hədiyyə verən bağışlamadan imtina edə bilər. Lakin bu imtina da qeyri müəyyən müddətdə irəli sürülmür, belə ki, imtina əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində bağışlamadan imtina imkanı hədiyyə verənə tanınır.
Vəsiyyətnamə ilə bağlı qeydlər.
Bağışlamadan fərqli olaraq, vəsiyyətnamə şəxsin özünün ölümündən sonra öz əmlakını və ya onun bir hissəsini üçüncü şəxslərə ötürə bilmə imkanıdır. Bağışlama zamanı şəxs sağ ikən əmlakı üçüncü şəxslərə keçirsə, vəsiyyətnamə zamanı isə, şəxs öldükdən sonra əmlakı üçüncü şəxslərə keçir. Vəsiyyətnaməni şəxs özü tərtib etməlidir, yəni bağışlamadan fərqli olaraq vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Göründüyü kimi, vəsiyyətnamə şəxsin ölümündən sonra miras əmlakının bölüşdürülməsi ilə əlaqədar bir hüquqi əqddir, yəni qanunvericilik şəxsə “ölümündən sonra əmlakını istədiyi kimi bölüşdürmə” imkanını tanıyıb. Bunun məntiqi nəticəsidir ki, vəsiyyət edən mirasdan kimin və hansı miqdarda pay almalı olduğunu müəyyənləşdirməyi başqa şəxsə tapşıra bilməz. Daha bir önəmli xüsus budur ki, şəxs qanun üzrə vərəsələrdən (ailə fərdlərindən) birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.
Bilinməli olan digər məqam budur ki, vəsiyyatnamə notariat formasında və ya adi yazılı qaydada tərtib oluna bilər. Vəsiyyətnamə notariusda təsdiq olunduqda iki şahidin yanında yazılır və bu zaman şəxs notariusun yazdığı vəsiyyətnaməni onun sözlərindən yazıldığını müəyyən edərək notariusun və şahidlərin yanında imzalamalıdır. Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) vəsiyyətnamənin təsdiqi zamanı şahid ola bilməzlər.
Bağışlamadan daha bir fərq gizliliklə bağlıdır. Belə ki, notarius, şahid, habelə vəsiyyətnaməni şəxsin əvəzinə imzalamış şəxslər vəsiyyətnamənin məzmunu, tərtibi, dəyişdirilməsi və ya ləğvi barədə məlumatları miras açılanadək açıqlaya bilməzlər. Yalnız şəxs öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir.
Vəkil tövsiyəsi kimi sonda qeyd edə bilərəm ki, bağışlama və vərəsəlik sənədləşməsinin düzgün həyata keçirilməməsinə görə əmlak hüquqlarının müdafiəsi ilə bağlı gələcəkdə uzun mübahisələr və məhkəmə çəkişmələri etməkdənsə, bu qəbildən münasibətlərinə daxil olarkən əmlakınızı hədiyyə vermək və ya vəsiyyət etmək istədiyiniz şəxslərlə münasibətlərinin daha düzgün tənzimlənməsi və başdan düzgün hüquqi zəmində müzakirəsi aparılması vaxtınızın, pulunuzun və sağlığınızın itməsinin sığortasıdır.