“Polislərin təzyiqinə məruz qalmağımla bağlı məsələ Vəkillər Kollegiyasının rəhbərliyinin nəzarəti altındadır”
“Peşə fəaliyyətimi yerinə yetirərkən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qalmağımla bağlı məsələ Vəkillər Kollegiyasının rəhbərliyinin nəzarəti altındadır. İnanıram ki, bu məsələ tez bir zamanda öz ədalətli həllini tapacaq”.
Bunu e-huquq.az-a Vəkillər Kollegiyasının üzvü, vəkil Toğrul Rzayev bildirib.
O qeyd edib ki, hadisə ilə bağlı Vəkillər Kollegiyasının rəhbərliyi ilk gündən diqqət və qayğısını göstərib:
“Peşə fəaliyyətim və müvəkkilimin hüquqlarının müdafiəsi ilə bağlı yaranmış problem barədə Vəkillər Kollegiyasının rəhbərliyinə müraciət etdim. Müraciətimdən dərhal sonra Kollegiyanın sədri Anar Bağırov diqqət və qayğısını əsirgəmədi. Məsələnin qısa zaman ərzində müsbət həll olunacağına inanıram. Göstərilən diqqət və qayğıya görə öz və vəkil korpusu adından başda cənab sədr Anar Bağırov olmaqla Kollegiyanın bütün rəhbərliyə minnətdaram. Xüsusi ilə vurğulamaq istəyirəm ki, Anar Bağırov həmişə Vəkillər Kollegiyasının nüfuzunu qaldırıb, eyni zamanda vəkillərin hüquqlarının qorunması üçün durmadan çalışır".
Kollegiya üzvü əlavə edib ki, vəkillik hər bir dövlətin vəndaşlarının fundamental hüquqlarının keşiyində duran mühüm institutdur: "Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə bəzi şəxslər məsələni şişirdir və öz məqsədlərinə uyğun şəkildə istifadə edirlər. Onlar vəkilliyin nüfuzuna, fəaliyyətinə xələl gətirməyə çalışırlar. Bu isə yolverilməzdir. Xahiş edirəm ki, həmin şəxslər bu barədə paylaşım edərkən diqqətli olsunlar”.