azia.az
azia.az

Pambıq "oyun"una qurban gedən heyvandarlıq - Yem baha, örüş yeri satılıb, ət istehsalı azalıb...

20-11-2023, 20:09

Ölkədə ət istehsalı ilə bağlı durum yaxşı deyil. Çünki iribuynuzlu mal-qaranın, qoyunun, keçinin sayı azalır. Son bir ildə təkcə 705 min baş qoyun sayının azalması qeydə alınıb. Bütün bunlar ət istehsalında, məhsulun qiymətində özünü göstərməyə bilməz.
Azia.az Bizimyol.info-ya istinadla xəbər verir ki, iribuynuzlu mal-qaranın sayında 4 faizdən çox azalma var. Qoyun və keçilərin sayında da təxminən eyni mənzərədir. Ət istehsalının zəifləməsi istər-istəməz ölkədə məhsulun qiymətinin artmasına xidmət edir. Əsas ərzaq predmetlərindən biinin belə bahalaşması sosial vəziyyətin ifadəsində əhəmiyyətli rol oynayır. Yəni heyvandarlıqdakı mövcud tendensiya sosial-iqtisadi müstəvidə çox vacib hadisədir. Belə vəziyyət yarandıqda müstəqil ekspertlər bir sıra amilləri qabardırlar. Həmin amilləri xüsusi ardıcıllığa diqqət yetirmədən sıralamaq olar. O mənada ki, əhəmiyyətlilik dərəcəsinə görə düzməmək, sadəcə, vacib nüansları qeyd etməkdən söhbət gedir.

Birincisi, zamanla fərdi təsərrüfatlar sıradan çıxmağa başlayıb. Bölgələrdə insanlar bir sıra çətinliklərlə üz-üzə qalırlar. Susuzluq təsərrüfatların nəinki inkişafına mane olur, ümumiyyətlə, idarə edilməsinə imkan vermir. Azərbaycanın ən böyük problemlərindən biri heyvandarlığa da ciddi əngəldir. Su hövzələri ayrı-ayrı məmurların təsərrüfatlarına xidmət edir. İnhisar kəndliyə göz açmağa imkan vermir.

İkincisi, kəndli örüş yerlərini itirir. Bələdiyyələr ucqarlarda torpaq sahələrini satdıqca heyvandarlığın da əl-qolu bağlanır. Üstəlik, hökumətin bir neçə il əvvəl prioritet seçdiyi pambıqçılıq bu sahəyə böyük zərər vurdu. Heyvandarlıq sahələrinə aid bir sıra torpaqlarda, örüş yerlərində pambıq əkildi. Sonradan məlum oldu ki, pambıq istehsalı istənilən səmərəni gətirmir. Ara yerdə heyvandarlıq sarsıldı. İndi də nəticələri aradan qaldırmaq olmur. Təsəvvür edin, hər il pambıq istehsalının gətirdiyi gəlir 200 milyon manatı keçmir. Amma ət idxalına bundan 12-13 dəfə çox vəsait xərclənir. Pambıq "oyun"undansa, aqrar məhsullara diqqət ayrılsaydı, daha yaxşı nəticə əldə etmək olardı.

Üçüncüsü, yem çox bahalaşıb. Qiymətlərin kəskin artması fərdi təsərrüfatla məşğul olanları yaman günə qoyub. İndi hökumət deyir ki, süni mayalanma ilə say artırılacaq. Kəndlini tamamilə əldən salandan, inhisara bu qədər göz yumandan sonra hansı addım atılsa da, sanki heç bir effekti olmayacaq. Hökumətin aqrar sektorla bağlı konkret planı, konsepsiyası olmalıdır. Hər şey çox kor-təbii təsir bağışlayır. İqtisadiyyat heç bir halda belə idarə edilə bilməz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi