azia.az
azia.az

Terrorçu zehnli molla rejiminin anti-Azərbaycan siyasəti

17-02-2023, 18:15


44 günlük İkinci Qarabağ – Vətən müharibəsində ölkəmizin qazandığı hərbi-siyasi qələbə, regionda artan gücü və üstün mövqeyi, görünür, heç də hər kəsin sevincinə səbəb olmadı, əksinə, illərdən bəri qurulan, rahat və arxayın şəkildə yürüdülən mənfur siyasi düzəni pozdu, gələcəyə yönəlik məkrli planları alt-üst etdi.

Yanvar ayının 27-si səhər saatlarında ölkəmizin Tehrandakı səfirliyinə qarşı törədilən məlum terror hücumu bu çirkin siyasətin davamı, dərin keçmişə söykənən, lakin “dostluq və qardaşlıq” pərdəsi arxasında gizlənən düşmənçilik mövqeyinin yeni və kəskin ifadəsi kimi özünü aşkar formada nümayiş etdirdi.

Səfirliyimizə qarşı törədilən bu hücum Azərbaycan hökuməti və ictimaiyyəti tərəfindən kəskin etiraza səbəb oldu. Prezident İlham Əliyev və Xarici İşlər Nazirliyi ilk andan hadisəni terror adlandırmaqla bu qanlı hadisəyə qəti və dəyişməz mövqeyini bildirdi.Ölkəmizin İrandakı səfirliyinin fəaliyyətinin müvəqqəti dayandırılmasına, səfirlik əməkdaşlarının, eləcədə onların ailə üzvlərinin acilən təxliyəsinə qərar verildi.Həyata keçirilmiş bu tədbirlər Azərbaycanın İran hökumətinə olan güvən və etimadının bitdiyinin aydın göstəricisi idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tehranda səfirliyimizə qarşı törədilən silahlı hücumla bağlı rəsmi “Twitter“ hesabında paylaşım edərək törədilmiş terror aktını şiddətlə qınadığını, günahkarların cəzalandırılmasını tələb etdi:

“Bu gün Tehrandakı Səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram.Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik.Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!"

Bu rəsmi münasibət qarşı tərəfin cinayəti ört-basdır etmək, onu məişət səviyyəsinə yendirmək səylərinə cavab olaraq, hadisənin sırf terror aktı olduğuna dair ən ali səviyyədə verilən layiqli qiymət idi.

Həmçinin dünya ölkələri, beynəlxalq qurumlar, təşkilatlar, hətta BMT səviyyəsində İran hakimiyyətinin diplomatik və hüquqi kontekstdə cavabdehliyinindərindən dərk edilməsi məqsədilə bu çirkin hadisəyə düzgün siyasi qiymət verildi, şiddətlə qınandı.

18 aprel 1961-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində dövlətlər arasında dostluq münasibətlərini inkişaf etdirmək, dövləti təmsil edən orqan kimi diplomatik nümayəndəliklərin funksiyalarının səmərəli şəkildə həyata keçirilməsini təmin etmək,eyni zamanda,diplomatik nümayəndəliklərin statusunu və funksiyalarını müəyyən etməkməqsədilə qəbul edilmiş ali beynəlxalq hüquqi sənəd (giriş hissə və 53 maddədən ibarət) olan Vyana Konvensiyasına əsasən hər bir dövlətin digər dövlətdə olan səfirliyi həmin dövlətin ərazisi hesab edildiyindən toxunulmazdır və hər bir dövlət onun mühafizəsinə, təhlükəsizliyinə hüquqi məsuliyyət daşıyır.

Belə ki, “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasının 22-ci maddəsinin 2-ci bəndində deyilir:

“Nümayəndəliyi hər cür hücumlardan və zərərlərdən qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.”

Lakin görünür, müasir dünya sivilizasiyasından özünü təcrid edən, hələ də saxta dini-siyasi ideoloji əsasda mağara üsuli-idarəsi ilə ölkəni idarə edən ibtidai düşüncə tərzli fars rejimi üçün bu kimi beynəlxalq hüquqi öhdəliklər yetərli sayılmır.

Qeyd edək ki, İrandan fərqli sivil və demokratik dövlət olaraq respublikamızdaməlum dövlətin, o cümlədən ölkəmizdə fəaliyyət göstərən digər xarici ölkələrin səfirlikləri, diplomatik nümayəndəlikləri, onların hər bir əməkdaşının təhlükəsizliyi beynəlxalq öhdəliklər və Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun şəkildə, yüksək səviyyədə təmin olunur.

Eyni zamanda, Azərbaycan tərəfi olaraq bizlər hər zaman öz mövqeyimizi aşkar şəkildə ifadə etmişik – bütün dövlətlərlə qarşılıqlı hörmət və ehtirama əsaslanan əməkdaşlıq münasibətlərini qorumaq və inkişaf etdirmək.Bu bizim açıq və aydın dövlət siyasətimizdir.Bu siyasət ölkəmizin qonşu ölkələr ilə də bağlı sabit və dəyişməz mövqeyidir.

Biz haqlı tərəf olaraq qarşı tərəfdən də sözdə deyil, əməldə də üzərinə götürdüyü öhdəlikləriicra etməsini gözləyirik.Bu bizim təbii və qanuni haqqımızdır.Ancaq indiki situasiyada İran tərəfinin bu silahlı faciənin qarşısını almaması və ya almaq istəməməsi fonunda gözləntimiz ondan ibarətdir ki, qarşı tərəf bu qanlı terror hadisəsini törədən şəxs və onun arxasında duran, onu himayə edən qüvvələrin, cinayətin təşkilatçılarının müəyyən edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində çox ciddi araşdırmalar aparsın, əməli tədbirlər görsün.

Lakin məlum qanlı hadisədən xeyli müddət keçməsinə baxmayaraq, İran tərəfinin baş vermiş aşkar terror aktına müəyyən məişət zəmini motivi yükləmək səyləri, istintaqın gedişi ilə bağlı Azərbaycan tərəfinə heç bir informasiya verməməsi, terrorçunun psixi pozğunluqlardan əziyyət çəkmiş zavallı şəxs kimi psixoloji dispanserə yatırması, hələ də dövlət səviyyəsində ölkəmizdən üzr istəməməsi və digər bu kimi faktlar məlum hadisənin bilərəkdən və düşünülmüş şəkildə həyata keçirildiyini, dövlət səviyyəsində qanlı terror hadisəsinin dəstəkləndiyini, himayə olunduğunu təsdiq edir.

Ümumilikdə isə son zamanlar İranda ölkəmizə qarşı qərəzli və düşmən ritorikasının sərtləşməsi, Azərbaycanla sərhəddə Araz çayı boyunca keçirilən təxribat xarakterli hərbi təlimlər rejimin ölkəmizə qarşı yürütdüyü anti-Azərbaycan siyasətinin əsl mahiyyətini əyani şəkildə nümayiş etdirir.Bu mənada ölkəmizə qarşı davam edən təhdidlər fonunda törədilən məqsədli xain terror hücumu onsuzda mürəkkəb olan münasibətləri daha da gərginləşdirməyə xidmət etmiş oldu.

Bizlərə yaxşı məlumdur ki, yalnız Tehrandakı səfirliyimizə deyil, Londondakı Azərbaycan səfirliyinə qarşı törədilən təxribatında arxasında məhz eyni qüvvələr dayanır.

Eyni zamanda, ölkəmizdə dünyəvi dövlətçiliyimizə qarşı din pərdəsi altında daxili sabitliyi pozmaq, iğtişaşlar törətmək məqsədilə xüsusi siyasi qruplaşmalar yaratmaq, casus şəbəkəsi formalaşdırmaq cəhdlərinin də şahidi oluruq.Lakin İran tərəfi anlamalıdır ki, regionun sabitlik adasına çevrilən Azərbaycanda mövcud vəziyyətidəyişmək, öz məkrli planlarını reallaşdırmaq cəhdləri baş tutmayacaqdır. Çünki bu gün ölkəmizdə xalq-iqtidar birliyi, Azərbaycan xalqının müdrikliyi, ali siyasi iradə və düzgün idarəetmə sistemi bu sahədə maraqlı qüvvələrin bütün mənfur planlarını al-üst edəcəkdir. 

Uzun illərdir Arazın o tayında yaşayan 40 milyona yaxın cənublu soydaşımızşovinist molla rejimi tərəfindən sistematik olaraq təzyiqlərə məruz qalır, doğma ana dillərində təhsil almaq imkanından məhrum edilir, milli kimliklərinin unutdurulmasına,assimilyasiyaya uğramasına çalışılır. Öz təbii haqqlarını, milli hüquqlarını tələb edənlər isə qəddar rejim tərəfindən həbs olunur və ya edam edilir, ailələri, yaxınlarıisə mütəmadi təqib və təzyiqlərə, qeyri-insani qadağalara məruz qalırlar.Hazırda İranın siyasi rejiminin əzablarına düçar olmuş, baş götürüb dünyanın müxtəlif ölkələrinə pənah aparmış minlərlə mühacir cənublu soydaşımız vardır.

Azərbaycan hər zaman beynəlxalq müstəvidə dünya azərbaycanlılarının, xüsusilə cənublu soydaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində ən ali səviyyədə dəyişməz münasibət sərgiləmiş, onların müdafiəsinə qalxmışdır.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11 noyabr 2022-ci il tarixdə Özbəkistanın Səmərqənd şəhərində təşkil olunmuş Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışı zamanı açıq şəkildə bildirmişdir:

“Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir.Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır.Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.”

Otuz ilə yaxın davam etmiş işğal dövründə haqsızlığa göz yuman, tarixi-mədəni abidələrimizin məhv edilməsinə, müqəddəs məkanlarımızın təhqir edilməsinə, məscidlərin tövlə kimi istifadəsinə susqunluq nümayiş etdirənriyakar İran rejiminədənsə indiki dövrdə daha aktiv şəkildə davranır, ölkələrin beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığından dəm vurur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 noyabr 2022-ci il tarixdə ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı qeyd etdiyi kimi:

“İran rəsmiləri, o cümlədən çox yüksək vəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər.Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu?Xeyr.Bunlar Azərbaycan xalqının verdiyi suallardır.Bu sualı təkcə mən vermirəm.Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir.Ona görə də indi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb.Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə, hər cür anti-Azərbaycan addımına cavab verəcəyik”.

Hələdə imperiya xəyalları ilə yaşayan,Azərbaycanı “Şimali İran” adlandıran şovinist İran hakimiyyəti anlamalıdır ki, son min ildə bu coğrafiyada yaranmış bütün dövlətlər – Böyük Səlcuqilər, Hülakilər (Elxanilər), Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar türk dövlətləri olmuş, türklər tərəfindən idarə edilmişdir.Bu tarixi gerçəklikləri nə qədər saxtalaşdırmağa çalışsalar da, ona müvəffəq olmayacaqlar.

Geosiyasi dəyişikliklərin qəbuledilməzliyi bəhanəsi ilə Zəngəzur dəhlizini Turan yolu adlandırmaqla əslində indiki rejim türk dövlətləri arasında genişlənməkdə olan qardaşlıq münasibətlərinin inkişafı fonunda böyük Türk birliyindən doğan qorxusunu aşkar şəkildə biruzə verir.

Görünür, riyakar rejim hələ də İkinci Qarabağ Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə qazanılantarixi Zəfər nəticəsində regionda formalaşan yeni geosiyasi reallıqları həzm edə bilmir.

Eyni zamanda, İranın mövcud siyasi rəhbərliyi uzun illərdir öz qurduqları sistemin yarıtmazlığı səbəbindən ölkədə tuğyan edən daxili böhrandan yayınmaq, xaricdə yeni düşmən axtarışı bəhanəsi ilə əhalini manipulyasiya etmək məqsədi güdür.

Lakin terrorçu zehni ilə hərəkət edən molla rejimi anlamalıdır ki, bu qısqanclıq hisslərindən yaranan düşmənçilik mövqeyi onun daha çətin və çıxılmaz hallarla üzləşməsinə gətirib çıxaracaqdır.

 

Coşqun MƏMMƏDOV

AMEA Rəyasət Heyətinin elmi katibi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi