azia.az
azia.az

Zəfər tarixinin qəhrəmanlarından biri-Goranboylu İŞ ADAMI

3-02-2023, 12:37


Haqqında söhbət açacağımız Mustafayev  Fəxrəddin Abbas oğlu 7 aprel 1958-ci ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində anadan olub. Goranboy rayonunda orta məktəbi müvəffəqiyyətlə bitirib, texnikumda  avtomobil nəqliyyatının istismarı üzrə təhsil alıb. Bundan sonra Kənd Təsərrüfatı Akademiyasının idarəetmə fakültəsini bitirib. Vətəninə,  xalqına yararlı vətəndaş olmağa çalışan Fəxrəddin Mustafayev Birinci Qarabağ müharibəsi dövründə 43 nəfərlə billikdə vətənin müdafiəsinə qalxıb. Nizami ordunun olmadığı, silah-sursatın çatışmadığı bir vaxtda  işğalla üz-üzə qalan Goranboy  rayonunun  müdafiəsinə qalxaraq 6 nəfər iş adamı ilə birlikdə öz vəsaitləri hesabına (hərəsi 50 min manat qoymaqla) BTR döyüş texnikası alıb. Şiddətli döyüşlərin getdiyi müddətdə keçmiş DQMV və  Şaumyan(kənd) ərazisindəki dövlət qurumlarında işləyən məsul şəxslərdən 7 nəfər tutuldu. Kəşfiyyat məlumatları əsasında məlum oldu ki, ermənilər Laçın-Şuşa-Kəlbəcər istiqamətində hücuma başlamağa hazırlaşırmışlar. Bu məlumatdan sonra goranboylular müdafiəyə qalxaraq bütün  postları möhkəmləndirdi. Fəxrəddin Mustafayev həmin günləri belə xatırlayır:
“Nizami ordu olmadığına görə düşünürdük ki,  bir sıra rayonlar kimi Goranboy da işğal oluna bilər. Buna görə rayon əhalisi özünümüdafiə üçün ayağa qalxdı. Goranboylulardan ibarət batalyon  yaradıldı. Bu batalyonun üzvləri olaraq növbəli sistemlə Şəfəq kəndi istiqamətində posta qalxırdıq. Maraqlı hadisələrdən biri posta qalxan zaman baş vermişdi. Mən 3 nəfər döyüş  yoldaşımla birlikdə səhvən ermənilər yaşayan  əraziyə keçdik, ancaq dərhal vəziyyətin nə yerdə olduğunu başa düşdük və yalnız cəld tərpənərək oradan uzaqlaşmağımız sayəsində əsir düşmədik.
3 dəfə ölümlə qarşılaşmışam. Ancaq buna baxmayaraq bütün təhlükələrə sinə gərib döyüşə davam etmişik”.
Həmin çətin günlərdə Goranboy üçün etdiklərinə görə rayon sakinləri Ağa Əkbərovun, Fəxrəddin Mustafayevin, Azər İbrahimovun adlarını heç vaxt unutmazlar. Söhbət zamanı F.Mustafayev 2016-cı ilin Aprel hadisələrindən də söz açdı: “ 2016-cı ilin aprel döyüşlərində də əlimizdən gələni əsirgəmədik. Şəhid generalımız Polad Həşimovla da elə o zaman döyüş bölgəsində tanış olmuşduq. Ayağından yaralanmışdı. Onun nə qədər mətin, nə qədər cəsur bir hərbçi olduğunu öz gözlərimlə görmüş, cəsarətinin canlı şahidi olmuşdum.  Əvvəldən də dostluq etdiyim polkovnik İlqar Mirzəyev də döyüşlərdə şücaət göstərirdi. Və elə həmin döyüşlərdə də şəhid oldu.  Bu yerlərdə vaxtilə olan xidmətimizə görə yaxşı təcrübəmiz var idi. O zaman nə qədər xahiş etsək də, bizi ön xəttə göndərən olmadı”.
Fəxrəddin bəy 44 günlük Vətən müharibəsi dövründə də öz vətənpərvərliyini bir daha ortaya qoyaraq xeyirxah əməllərini davam etdirib.  Onun dediklərindən: “Vətən Müharibəsi günlərində gecəmizi-gündüzümüzə qatıb əsgərlərimizə kömək etməyə çalışdıq. Hamı Dəmir yumruq altında birləşdi, hər kəs əlindən gələni etməyə çalışdı. Həmin vaxtlar Lənkəran rayonunun  Polis rəisi olan, hazırda isə Sumqayıtın Polis rəisi işləyən Azad Fəqanəliyev, Goranboy rayon prokuroru Kamran Məmmədov, Goranboy rayon Məhkəməsinin sabiq hakimi İsmayıl Abdurəhmanlı, Goranboy rayonunun deputatı Ağalar Vəliyev, digər millət vəkili Anar Məmmədov ordumuza mənəvi dəstək olmaqla yanaşı, yardım payları da aparırdılar. Diqqət çəkən əsas məqam isə bu idi ki, yardımı kimdənsə göndərmir,  şəxsən özləri aparmağa çalışırdırlar. Misal olaraq onu göstərmək istərdim ki, Azad Fəqanəliyev həmin ağır günlərdə şəxsi vəsaiti hesabına bölgəyə 70-dən çox çadır və digər zəruri avadanlıqlar göndərmişdi.
44 günlük müharibə ərəfəsində Azərbaycanın hər yerindən mənim tanıdığım çoxsaylı insanlar orduya yardım üçün səfərbər olmuşdular, biz onların göndərdikləri yardımları bütün istiqamətlərə daşıyırdıq. İsti tuman-köynək, corab, odeyal və digər geyim ləvazimatlarının əsgərlərə çatdırılması üçün bir neçə dostlarımla səfərbər olmuşduq.  Kolbasa, su, çörək və ilaxır, nə göndərilirdisə, biz də öz vəsaitimiz hesabına çatışmayan qalan şeyləri alıb ünvana göndərirdik. Onu da bildirim ki, hara gedirdimsə, oğlum Abbas da mənimlə birlikdə hərəkət edirdi Bir yumruq altında birləşdik və düşməni əzdik.  Yaxşı xatırlayıram, İSBAm sədri Samir Adıgözəlli öz dostaları ilə bir neçə maşınla yardım gətirmişdi, onların arasında jurnalist Subut Mehdiyev də var idi. Oğlu Elşən Mehdiyev  Suqovuşan istiqamətində döyüşürdü. Onların gətirdiyi yardımın üç istiqamətdə çatdırılmasını təşkil etdik. Həmin yardım 200 kq kolbasa-sosis, 500 dəst isti tuman-köynək, 1000 dəst isti corab və sairədən ibarət idi.  Tapqaraqoyunlu,  Söyüdlü və digər istiqamətlərdə mərkəzləşdirilmiş məntəqələr yaradılmışdı. Goranboy rayon hüquq-mühafizə orqnları da bu məntəqələrə nəzarət edir, neqativ halların baş verməsinin qarşısını alırdılar”.
Vətən Müharibəsi günlərində “Hər şey vətən üçün, hər şey qələbə üçün” şüarı altında ordumuzun və Ali Baş Komandanın ətrafında birləşdik ki, bu da sonda zəfər qazanmağımıza gətirib çıxardı.
Əlbəttə ki, hər birimiz bu qələbəyə görə, torpağı vətən edən şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandana və Fəxrəddin Mustafayev kimi vətənpərvər vətən oğullarına borcluyuq.
Qarabağ Azərbaycandır!

Subut Mehdiyev

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi