azia.az
azia.az

Könül Nurullayeva: Prezidentin Qarabağda yandırdığı Novruz tonqalı bizim əbədi Zəfər tonqalımızdır

20-03-2022, 19:51

Könül Nurullayeva: Prezidentin Qarabağda yandırdığı Novruz tonqalı bizim əbədi Zəfər tonqalımızdır
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq ikinci ildir ki, Novruz bayramını doğma Qarabağda qeyd edirik. Ötən il Qarabağın tacı olan Şuşada, Cıdır düzündə Novruz tonqalı qalandı. Bu, həm də bizim zəfər tonqalımız idi.
Ulu öndər Heydər Əliyev hər zaman deyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram.”

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ulu öndərin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı.

Novruz Azərbaycan xalqının dəyəridir. Əsrlərdir, xalqımız Novruzu milli bayram kimi, dəyərli ənənə kimi yaşadır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı olan Novruz Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.

Prezident İlham Əliyev tərəfindən Qarabağda yandırılan bayram tonqalı bizim əbədi zəfər tonqalımızdır. Tezliklə Böyük Qayıdış sayəsində həmvətənlərimiz öz doğma yurdlarına dönüb, əvvəlki kimi, bayram tonqalları yandıracaqlar. Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri aparılır. İndi əsas məsələ keçmiş məcburi köçkünlərimizi tezliklə doğma yurda qaytarmaqdır. Prezident İlham Əliyevin xalqımızı təbrikində də söylədiyi kimi, bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. Hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi nümayiş etdirməli, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirməliyik.

Könül Nurullayeva,
Milli Məclisin deputatı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi