“Peygəmbər yaşına çatdım, ona görə...” - Qurbanqulu hakimiyyəti oğluna ötürür
Berdiməhəmmədov bildirib ki, iki il əvvəl 63 yaşına - Məhəmməd Peyğəmbərin yaşına çatıb. Siyasətçi onu da bildirib ki, bundan sonrakı fəaliyyətini Türkmənistan parlamentinin yuxarı palatasının sədri kimi davam etdirməyə qərar verib. Prezident “geniş həyat və siyasi təcrübəsinin” parlamentarizmdə tətbiq etməsinin ölkəsi üçün faydalı olacağını vurğulayıb. Berdiməhəmmədov həmvətənlərini əmin edib ki, o, həm də ölkəsinin rifahı naminə səylərini əsirgəməyəcək.
Qurbanqulu Berdiməhəmmədovun prezidentlik müddəti 2024-cü ildə başa çatır. Qurbanqulu Berdiməhəmmədovun yeganə oğlu 40 yaşlı Sərdar Berdiməhəmmədovun atasının varisi kimi hazırlaması ilə bağlı iddialar var. Türkmənistan liderinin oğlu Rusiya XİN-in Diplomatiya Akademiyasını bitirib. O, bir müddət Prezident yanında Karbohidrat Ehtiyatlarının İdarə Olunması və İstismarı üzrə Dövlət Agentliyinin rəhbərliyində çalışıb. Daha sonra Sərdar Berdımuxammedov Axal vilayəti prokurorunun köməkçisi, XİN-də departament rəhbəri vəzifələrində işləyib ,hazırda baş nazirin müavinidir.
“Azadlıq”radiosuna istinadən xəbər verilir ki, türkmənlərin çoxu aylardır avtoritar hökumətin başında gözlənən siyasi dəyişiklikdən danışırlar. Dövlətin nəzarətində olan media isə Sərdarın “düha”sını müzakirə edir. O, “xalqın qayğısına qalan” lider kimi təsvir olunur. Son bir ildə koronavirusa görə Sərdar Berdıməhəmmədov kölgədə qalıb. Bunun əvəzinə Qurbanqulu Berdıməhəmmədov nəvəsi Kərimlə birlikdə ictimaiyyət qarşısına çıxıb.
Berdiməhəmmədov Qazaxıstan hadisələrindən dərhal sonra Dövlət Təhlükəsizlik Şurasının iclasını keçirib, Milli Təhlükəsizlik Nazirliyinə internetdə müstəqil mənbələrin bloklanmasını sərtləşdirmək, təhlükəsizliyi gücləndirmək göstərişi verib
Qurbanqulu Məlikqulu oğlu Berdiməhəmmədov 29 iyun 1957-ci ildə Türkmənistan SSR-in Aşqabat vilayətinin Göytəpə rayonunun Babarap kəndində anadan olub.
1979-cu ildə Türkmənistan Dövlət Tibb İnstitutunun ilk öncə stomatologiya fakültəsini, sonradan isə aspiranturasını bitirib. Tibb elmləri namizədidir. Əmək fəaliyyətinə 1980-ci ildə həkim-stomatoloq kimi başlayıb. 1995-1997 illər - Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin Stomatologiya mərkəzinin müdiri işləyib.
1997-2001-ci illərdə Türkmənistanın səhiyyə və tibb sənayesi naziri olub. 2001-ci ildən etibarən - Türkmənistanın Nazirlər Komitəsinin sədrinin müavini işləyib. 2006-cı ilin noyabrında Minskdə keçirilmiş MDB sammitində Türkmənistanı təmsil edib.
Türkmənistanın birinci prezidenti Səfərmurad Niyazovun vəfatından Dövlət Şurasının qərarı ilə prezidentin səlahiyyətlərini icra edib.
26 dekabr 2006 il tarixində Xalq Şurasının 2507 nəfər nümayəndəsinin yekdil dəstəyi ilə Türkmənistanın prezidentliyinə namizədliyini irəli sürüb. 11 fevral 2007 il tarixində keçirilmiş prezident seçkilərində 89,23 % səs toplayaraq qalib gəlib.
2012-2017-ci illərdə yenidən prezident seçilib.
Orxan ƏLİYEV,