azia.az
azia.az

Akim Bədəlovun “Azərişıq”a sədr təyin ediləcəyi iddia olunur

1-10-2018, 08:40

Agentlik rəhbərinin yeni vəzifəyə hazırlaşdığı deyilir

“Azərişıq” ASC-nin sədri Baba Rzayev “Azərenerji” ASC-yə prezident təyin ediləndən bəri onun keçmiş vəzifəsinə təyinat olmayıb.

Xatırladaq ki, bu il sentyabrın 4-də ölkə prezidentinin sərəncamı ilə Etibar Pirverdiyev “Azərenerji”nin rəhbəri vəzifəsindən azad olunub. Onun yerinə prezidentin digər sərəncamı ilə “Azərişıq” sədri Balababa Rzayev təyin edilib. Artıq dörd həftəyə yaxındır ki, “Azərişıq” sədri postuna təyinat aparılmayıb.

B.Rzayevin təyinatından sonra cəmiyyətdə “Azərişıq” ASC-nin də yenidən “Azərenerji”yə birləşdiriləcəyinə dair məlumatlar yayılıb. Lakin əldə etdiyimiz məlumata görə, hazırda bir sıra dövlət qurumlarında “Azərişıq”a rəhbər təyinatı ilə bağlı gözləntilər var. Belə qurumlardan biri də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyidir. Agentliyin rəhbəri Akim Bədəlovun cidd-cəhdlə “Azərişıq” rəhbərliyinə hazırlaşdığı bildirilir. Bu hazırlıq barədə Agentlikdə xeyli müzakirələrin aparıldığı qeyd olunur. Qurumun işçilərindən qəzetimizə verilən məlumata görə, agentlikdə yüksək vəzifə tutan bir neçə şəxs təyinatla bağlı xəbəri alandan sonra Akim Bədəlova yaxınlaşmaq uğrunda əməlli-başı mübarizə aparırlar.

Onu da qeyd edək ki, Akim Bədəlov 1956-cı ildə Naxçıvan səhərində anadan olub. Fizika və riyaziyyat (Geofizika) üzrə fəlsəfə doktorudur. A.Bədəlov Xəzər dənizinin Riyazi Hidro-dinamik Modelinin müəllifidir. O, hidrodinamika, okeanoqrafiya, geofizika və riyaziyyat üzrə iki kitabın və 20-dən yuxarı elmi məqalələrin müəllifidir. Moskva Elmlər Akademiyasının Okeanologiya və Okeanoqrafiya İnstitutunda və sonra isə Azərbaycan Təbii Sərvətlərin Kosmik Tədqiqatları İnstitutunda işləyib. “Xəzər” (Kaspi) Elmi və Texnoloji Mərkəzin direktoru və sonra isə Direktorlar Şurasının sədri vəzifəsində çalışıb.

2012-ci ildə yaradılan Alternativ və Bərpa Olunan Enerji Məsələləri Dövlət Şirkətinin, 2013-cü ildə isə eyni adlı Agentliyin rəhbəri təyin olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi