azia.az
azia.az

Təndir çörəyinin ətri

18-10-2019, 12:18

Təndir çörəyinin ətri Lalə Ziyadqızı

Novruzun çərşənbə tonqalının ətrafındayıq. Hava xoş, amma dumanlıdır. Təbiətin oyanış nəğməsini sədalandıran bu xoş görüntü yadıma 91 il ömür sürmüş bir ağbirçəkdən uşaq ikən eşitdiyim bu sözləri saldı: ”Deyərdilər, yazağzı gələn duman özü ilə bar gətirər, məhsul bol olar”... Qəribə idi ki, o, “deyərdilər” sözünü xüsusi bir intonasiya ilə söyləyirdi. Deməli, bu ifadənin yaşı o qadının yaşından da qədim imiş... Hikmətinə qurban olduğum el-obamın nə qədər müdrik deyimləri varmış...
İnşallah, bu il məhsulumuz daha bol olar. Çünki bərəkəti Allahdan istəmişik. Və nə yaxşı ki, bu gün də ”ocağımız isti, suyumuz, cörəyimiz bol olsun” deyib uşaqlı-böyüklü təndiri xatırladan tonqal üstündən adlayıb diləklərimizi dilə gətiririk...
Ağız ədəbiyyatında obraz mücəssəməsi olan təndir nəsildən-nəsilə keçən milli ornamentimizdir. Bu kürə şəkilli çevrədə bişən çörəklər ətri ilə həmişə örnəklik qazanıb. Ölkəmizdə elə bir insan tapılmaz ki, sarı buğda unundan bişən təndir çörəyinin ətrinə biganə qalsın. Bu əvəzolunmaz ətri duyduqca, sanki uşaqlıq və gənclik illərinə yenidən qayıdırsan, bir anlıq gözlərin önündə xoş xatirələr canlanır, nostalji hisslər yaşayırsan... Analarımızın sevə-sevə bişirdiyi çörəyi elə təndir başındaca motal şoru, keçi pendiri ilə necə də şirin-şirin yeyərdik! Vaxt, zaman keçdikcə, texniki imkanlar artdıqca nədənsə təndir də, orada bişən çörəyin ətri də tədricən uzaqlaşmağa, əlçatmaz olmağa başladı... Təndir çörəyinin ətri Hamı şəhər həyatı yaşamağa tələsdi. Elə bil ki, insanlar yalnız bir amala xidmət etdi: ”nəyin bahasına olursa olsun, mütləq paytaxtda və ya paytaxətrafı ərazilərdə evim olmalı, orada yaşamalıyam”. Beləliklə də, əhalinin böyük hissəsi - 51%-i şəhərə yığıldı. Kəndlərdə evlərin bir qismi sahibsiz, torpaqlar insan əlinin zəhmətinə, alın tərinə həsrət qaldı. Yaradılmış bolluqdan kor-koranə, israfçılıqla istifadə edilməsi vəziyyəti o yerə çatdırdı ki, 1 milyarda yaxın dünya əhalisinin həsrət qaldığı çörəyin qalıqları hətta zibil qablarına atıldı, heyvan yemi kimi istifadə olundu. Çörəyə, torpağa belə münasibət kənd həyatının gözəlliyini də özü ilə apardı. Sanki bulaqların suyu qurudu, zümzüməsi kəsildi, quraqlıq oldu, şən nəğməli quşlar susdu. Bu, milli folklor nümunəmiz olan təndirin, təndir çörəyinin də arxa planda qalmasına zəmin yaratdı...
…Dünyada 2010-cu ildən başlanan iqtisadi böhran dalğası Azərbaycan vətəndaşına da təsirsiz ötüşmədi. Ötən ilin sonunda manatın devalvasiyası baş verdikdən sonra sanki insanlar yuxudan ayıldı, uzun illərdir haray çəkən torpaqların səsini eşitməyə başladılar. Beləliklə, insanlar beş-beş, on-on şəhərdən kəndə üz tutdular. Əkin sahələri şumlanmağa, becərilməyə başladı, uzun illərdir insan nəfəsinə ehtiyac duyan evlərdə işıq yandı. Deyəsən, təndir çörəyinin ətri kəndlini öz doğma el-obasına qaytarmağa başladı axı...

Taxıl başlıca strateji məhsuldur

Rəsmi rəqəmlərə görə Azərbaycanda 4,5 milyon ha ərazi kənd təsərrüfatına yararlı sayılır. Hazırda bunun 30 faizindən, yəni 1 milyon 583 min hektarından istifadə olunur. Qalan torpaqlar qışlaq, örüş və biçənək sahələridir. Əkinə yararlı 600 min ha sahə torpaq sahəsi isə işğal altındadır.
Dövlətimizin prioritet sahələrindən biri də ərzaq təhlükəsizliyinin həllində ən başlıca strateji məhsul olan taxıl istehsalını artırmaqdan ibarətdir. Statistik rəqəmlərə nəzər yetirdikdə görürük ki, 2014-cü illə müqayisədə 2015-ci ildə ölkəmizdə 600 min tondan artıq, yəni 2,9 milyon ton taxıl istehsal edilib. Lakin bu əhalinin ehtiyacını yalnız 64% səviyyəsində ödəyir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda bu məsələyə toxunan ölkə başçısı idxaldan asılılığı aradan qaldırmaq üçün iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı aidiyyəti qurumlara öz tapşırıqlarını verdi. Yəni, kiçik təsərrüfatlarda məhsuldarlıq hər hektarda 23-24 sentner olduğu halda iri fermer təsərrüfatlarında bu rəqəm 50, bəzən daha çox olur. Lakin bununla yanaşı kiçik və orta taxılçılıq təsərrüfatlarının inkişafına da şərait yaradılması göstərişini verən cənab Prezident qətiyyətlə bildirdi ki, bütün səmərəli metodlardan istifadə etməklə biz özümüzü 100 faiz taxılla təmin etməliyik. Onu da qeyd edək ki, kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən olan taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan təlabatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan təlabatının ödənilməsində mühüm rol oynayır. Bu məqsədlə taxılçılıq təsərrüfatının inkişafına diqqətin daha da artırmaq üçün dövlət tərəfindən 1 hektara təxminən 100 manat subsidiya verilir ki, bunun 40 manatı texniki işlərə, qalanı isə torpağın qidalandırılması məqsədilə gübrə alınması üçün nəzərdə tutulur.
Ümumilikdə ölkəmizdə kənd təsərrüfatının inkişafı dövlətin diqqət və qayğısı ilə tam əhatə olunub. Kənd təsərrüfatında torpaq və əmlakdan səmərəli istifadəyə imkanlar artırılıb, qəbul edilən qanunlar, dövlət proqramları, ayrılan subsidiyalar kənd təsərrüfatının bütün sahələrinin paralel inkişafına yol açıb. Belə olan təqdirdə kənd təsərrüfatı məhsullarına, o cümlədən taxıla olan tələbat daxili bazar hesabına formalaşmalıdır. İdxaldan asılılığı aradan qaldırmaq ən böyük missiyamız olmaqla yanaşı torpaqda səmərəli, yaradıcı şəkildə işləməyi bacarmalıyıq.

“Torpaq deyir: - öldür məni, dirildim səni”

Dahi Azərbaycan şairi Nizami Gəncəvi yazır ki, günlərin birində Süleyman şah seyrə çıxdığı zaman qoca bir əkinçinin qan-tər içində torpağını becərdiyini görür. Süleyman havaların isti keçməsi və suyun çatışmazlığı ucbatından əkinçinin əməyinin hədər gedəcəyinə heyfslənərək deyir:

İsti dəni qovurur alovlanan tarlada,
Məhsul ələ gələrmi susuz yanan tarlada?

Qoca dedi: “İncimə. Qoy deyim sözümü mən,
Nə suya, nə torpağa dikmişəm gözümü mən.
Halal zəhmət itməyib, əlləşmək deyil eyib,
Tanrı: “Səndən hərəkət, məndən bərəkət deyib...”


Doğurdan da, ana adlandırdığımız torpaq insan zəhmətini heç vaxt əvəzsiz qoymayıb. Əbəs yerə demirlər ki, ruzisi torpaqdan olandan bəla da uzaq qaçar. Torpağa əyilən, zəhmət çəkən hər kəs bunun bəhrəsini mütləq görür, öz güzəranını düzəldir, üstəlik də ölkənin məhsul bolluğuna sanballı töhfələr verir. Torpaq deyir ki, öldür məni, dirildim səni. Aqrar sahənin bilicisi olan mütəxəssislər də bu deyimdə böyük hikmət olduğunu təsdiqləyirlər. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov “əkin sahələrində yüksək məhsuldarlığa nail olmaq üçün torpaqlardan düzgün istifadə edilməlidir” fikrini səsləndirdi. Seleksiyaçı alim vurğuladı ki, taxıl istehsalının artırılmasının əsas yolları torpaq becərmələrinin və gübrə verilməsinin səmərəli üsullarından, optimal səpin müddəti və normalarından, keyfiyyətli toxum materialından istifadə edilməsindən, əkinlərin xəstəlik, ziyanverici və alaqlardan vaxtlı-vaxtında mühafizə olunmasından ibarətdir.
Göstərilən becərmə kompleksinə daxil olan əhəmiyyətli tədbirlərdən biri taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Taxılçılıq üçün lazım olan ən zəruri aqrotexniki tədbirlər düzgün, tələb olunan qaydada yerinə yetirilərsə məhsuldarlıq 35 sentnerdən yuxarı olar. Məlumdur ki, bu sahədə dövlət toxum, gübrə, eləcə də texnika cəhətdən hər cür lazımi köməklik göstərir, lakin çoxları hələ də taxılçılığa primitiv, qayğısız münasibət nümayiş etdirirlər. Bu, təkcə taxılçılıqla məşğul olan mütəxəssislərin deyil, həm də hər bir torpaq mülkiyyətçisinin ümdə vəzifəsidir.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert, aqrar mütəxəssis Vahid Məhərrəmov isə deyir ki, respublikamızda taxıllar əsasən 2 torpaq-iqlim şəraitində, suvarma və dəmyədə becərilir. Suvarılan sahələrin 47 faizi, dağlıq ərazilərin 40 faizində müxtəlif dərəcədə şoranlaşma, səhralaşma, bir sözlə deqradasiya prosesi gedir ki, buna qarşı ciddi tədbirlər görülməlidir, əks halda bu gələcəkdə istehsala (xüsusən taxılçılığa) əks təsir göstərə bilər.
Deyilənlərdən belə qənaətə gəlmək olur ki, təknədə çörəyimizin, ruzimizin bol olmasını istəyiriksə torpaqla düzgün rəftar etməli, onu mənfi ünsürlərdən qorumalıyıq. Xalqımızın tarixi soz abidəsi olan “Dədə Qorqud”da deyildiyi kimi ”Torpağı əkib-becərməsən, onu qorumağa dəyməz! Əgər onu qorumasan, əkib-becərməyə dəyməz!”

Çörək bol olarsa....

Azərbaycanda çörəyin qiyməti buğda idxal edilən ölkələrdəki qiymətdən də kifayət qədər ucuzdur. Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub. Dövlət Taxıl Fondunun rəhbəri Zülfüqar Məmmədov bildirir ki, Azərbaycanda un və un məhsulları qıtlığı yoxdur. Hazırda ölkənin Dövlət Taxıl Fondunda 750 min ton həcmində buğda tədarük edilir. Bütün fors-major hallarda isə ölkədə mövcud olan un fabriklərini yüksək keyfiyyətli ərzaqlıq buğda ilə təmin etmək mümkündür. Bu, qəlbi vətən, xalq eşqi ilə döyünən hər bir azərbaycanlını sevindirir. Çünki çörək bütün nemətlərin önündə durur. Xalqımız həmişə dar məqamlarda “çörək haqqı”- deyə bu müqəddəs nemətə and içir, Tanrıdan çörəklə imtahana çəkilməməsini diləyir, ən hörmətli qonağını duz-çörəklə qarşılayırlar. Bəzən haqsızlıqla üzləşəndə də “səni görüm çörək tutsun”- deyə qarğış edilməsi bu müqqədəs nemətin hər şeyə qadir olduğunu bir daha təsdiqləyir. Ona görə də hamılıqla çalışaq ki, torpağımızda bol taxıl yetişdirək, onun hər sünbülünü, hər dənini vaxtında, itkisiz toplayaq. Xalq şairimiz Səməd Vurğunun dediyi kimi:

Torpağa düşməsin havayı bir dən,
Çörək bol olarsa, basılmaz Vətən!


Bu yazıda məqsəd torpaq, sosial həyat və buğda fonunda bioloji ehtiyacların ödəyicisi olan çörəyin - ələlxüsus da təndir çörəyinin həyati məğzinə, unudulmuş, sahibsiz qalmış təndirlərə diqqət çəkməkdir. Ümumiyyətlə, çörəyi uca tutmaq və qorumaq hamımızın ən ümdə borcudur. Qoy dəyirmanlarımız həmişə taxıllı, anbarlarımız dolu, çuvallarımız unlu, təknələrimiz çörəkli olsun. Qoy sarı buğdadan bişən təndir çörəyimizin ətri bütün aləmi bürüsün! Və bununla biz həm də bir çox milli nümunələrimizə, o cümlədən də təndirimizə sahib çıxmağa cəhd edən mənfur qonşumuza sübut etmiş olarıq ki, ən azı 3 min illik tarixi olan, xalqımızın maddi-mədəniyyət nümunəsi sayılan təndir onlara deyil, məhz Azərbaycan xalqına mənsubdur...
Bu gün şəhər mühitində qovrulan insanlar milli zəminlərə - məqsədə uyğun təndirə, təndir çörəyinə və s. nə qədər yaxınlıq göstərsə, həyat qayğıları bir o qədər az olar.

----------------------------------------
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi