azia.az
azia.az

Bir stəkan çayın səmimiyyəti

23-11-2016, 11:09

Bir stəkan çayın səmimiyyəti
Mən səmimiyyətə çox inanan adamam. O da ola ki, səmimiyyət bir stəkan çay ilə ola. Əgər belədirsə, deməli, mən yüz faiz uduzmuşam

Hətta yoldaşım həmişə oğlanlarıma bərk-bərk tapşırır ki, əgər atanızla bir yerə getdiniz, gördünüz ki, atanıza xoş söz dedilər və qabağına da bir stəkan çay qoydular, o saat qoymayın o çayı içsin, çünki atanıza nə desələr, “hə” deyəcək, nə kağız versələr, ağına-bozuna baxmadan qol çəkəcək.
Bir sözlə “bir stəkan çay məsələsi” başıma çox oyunlar açıb.

Mənim bir stakan çayın səmimiyyətinə inanmağım hardan başladı?

Ötən əsrdə 90-cı illərinin əvvəlləri olardı. O vaxt Bakıda kitab çap eləyən nəşriyyatlar çox az idi. Hər şeyin pozulub yenidən qurulan vaxtında Türkiyənin iş adamları Bakıda öz işlərini uğurla həyata keçirirdilər. Qurduqlarının birinin adı “Göytürk” nəşriyyatı idi. Başçıları türklər olsa da, baş redaktor yazıçı-publisist Səfalı Nəzərli idi.

Nəşriyyat İçərişəhərdə ensiklopediyanın binasında yerləşirdi. Kənddə müəllim işləyirdim. Şeirlərimi götürüb gəldim həmin nəşriyyata. İçəri keçən kimi məni iki gülərüz qız qarşıladı. Mini yubka geyinmişdilər. Üzümə o qədər qəşəng gülümsəyirdilər ki, ağlım az qala başımdan çıxsın. Yer göstərdilər. Yumşaq kroslaya əyləşdim. Bütün ağrılarım yadımdan çıxdı. Tez qabağıma bir stəkan çay qoydular və yenə gülümsədilər. Yenə çay gətirdilər. Yenə gülümsədilər.

Əslində kənddən çıxanda məqsədim bura gəlmək deyildi, “Gənclik” nəşriyyatına, Zülfüqar Şahsevənlinin yanına gedəcəkdim, adı yadımdan çıxıb, bir şair tanışım Sabirin heykəlinin yanından yolumu döndərdi “Göytürk”ə. Dedi, sən niyə ora-bura gedirsən, sən tərəkəməsən, əsl türksən, özü də təhləsən, xeyli gözlərimin quruluşuna baxıb sonra dedi: “Ayə, olmaya sən qarapapaq türküsən?”. Çiyinlərimi çəkdim. Dedi, yüz faiz belədi, sən qarapapaqsan, igidsən, nərsən. Bəs özümüzünkünü qoyub kənar yerə niyə gedirsən?

Az qala sevindiyimdən uçam. Heç özüm haqqında belə şeyləri bilmirəmmiş. Dostum məni “Göytürk” nəşriyyatının qapısından içəri salıb qaçdı, dedi, içəridə deyərsən ki, məni filankəs göndərib. Sonralar öyrəndim ki, dostum müştəri tapmaqla nəşriyyatdan faiz alırmış.

Nəşriyyatın hesabdarı ilə kitabın qiymətini razılaşdıq. Mühasib türkiyəli qadın idi, qızlar azərbaycanlı. Mühasib kitabı dostumun dediyindən çox yuxarı hesabladı. Mən də çay içə-içə həmişəki kimi “hə” deyirdim. Burası vardı ki, o qadın baş redaktor Səfalı Nəzərli üçün bir balaca yer saxlayırdı, yəni haqq-hesabın sonunda Səfalı müəllim qonşu otaqdan çıxıb kitabın qiymətini 50 dollar aşağı salırdı. Bu 50 dollar türklərin bizə hədiyyəsi idi. Pulu-zadı verib qurtarandan sonra daha çay vermirdilər. Qızlar da üzlərindəki təbəssümü bir anda silib atırdılar. Elə peşiman olurdum ki...

Bir aydan sonra çıxan kitabıma baxıb az qala başımı ensiklopediyanın divarlarına çırpam. Kitab başdan-başa səhvlərlə dolu. Elə şeir var ki, sonuncu bəndi yoxdur. Hirs vurdu başıma. Az qala dəli olmuşdum. Özümə söz vermişdim ki, bir də “Göytürk”də kitab nəşr etdirsəm, heç qarapapaq deyiləm.

Aradan beş-altı ay keçəndən sonra yenə gəlirdim Bakıya. Dəyirdim “Yazıçı”ya, direktor Əkrəm Əylisli ilə bir az söhbət edirdim, sonra gedirdim “Gənclik” nəşriyyatına, ordan da “Azərnəşr” dəyirdim, amma kitab-zad vermirdim, hərlənib-fırlanıb gəlib çıxırdım yenə “Göytürk” nəşriyyatına. Özüm-özümə təskinlik verirdim ki, nə olsun elə-belə gedirəm, ölsəm də, ora bir də kitab verməyəcəm. “Göytürk” ün qapısını açan kimi yenə həm qızlar başlayardı üzümə gülməyə.
- Əfəndim, hoş geldiniz, bir çay içərmisiniz?

Yenə yumşaq kroslo, yenə təbbəssümlərin içində batıram. Artıq növbəti stəkandayam. Artıq qızın biri pərdənin arxasından mənə gülümsəyir. Başlayıram, növbəti kitabın qiymətini sövdələşməyə. Yenə mühasib qadın, baş redaktor Səfalı Nəzərli üçün 50 dollar yer qoyur, Səfalı Nəzərli də qonşu otaqdan çıxıb qiyməti 50 dollar aşağı salır.

Pulu verirəm. Pul verilən kimi qızlar üzlərindəki təbəssümü süfrənin üstü kimi yığışdırırlar.
Daha kreslo da yumşaq deyil. Artıq onun da üzü dönür.

İki aydan sonra kitabı götürməyə gəlirəm. Yenə başımı vurmağa divar gəzirəm. Şeirlər bir-birinin içində çap olunub. Bir şeirin sonuncu misrasi növbəti şeirin adı kimi verilib. Yenə bu cəhənnəmə. Sponsorun adı səhv gedib. İçəri keçirəm. Yenə dava-dalaş, mübahisə-zad. Deyirlər bu dəfə daha səhv eləmərik. Şeirləri səhv yazan qızı işdən qovmuşuq. Daha səhv olmayacaq. Kresloya çökürəm. Qızlar gülümsəyirlər, yenə çay gəlir, ağlım başımdan çıxır. Yenə növbəti kitabı sifariş verirəm.

İndi o vaxtdan 24 il keçib. Bilmirəm, “Göytürk” nəşriyyatı fəaliyyət göstərir, ya yox. İndi yenə məni bir stəkan çayla aldatmaq olur. Nə qədər edirəm, bir stəkan çayı soyuda bilmirəm. Beləcə, stolun üstə qoyub getməyə qıymıram.

Qəşəm Nəcəfzadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi