azia.az
azia.az

Mərkəzi Elmi Kitabxanada Azərbaycanşünaslıq şöbəsi yaradılıb

31-08-2020, 16:07

Mərkəzi Elmi Kitabxanada Azərbaycanşünaslıq şöbəsi yaradılıb

Azia.Az xəbər verir ki, Azərbaycanşünaslığın formalaşmasında tarixçilər, türkoloqlar, şərqşünaslar, qafqazşünaslar, dilşünaslar, etnoqraflar və digər elm sahələrini təmsil edən, həm klassik, həm müasir dövrün yaradıcı insanları, görkəmli alimlər iştirak etmişlər.

Azərbaycan kitabxanaları, o cümlədən AMEA MEK müstəqillik dövründə ölkənin həyatında baş verən yenilikləri, islahatları dəqiq əks etdirməklə yanaşı yeni texnologiyaların informasiya resurslarının, innovativ ideyaların reallaşdırılmasında fəal iştirak etməli, öz professional öhdəliklərini heç bir ambisiyadan çıxış etməyərək Azərbaycanımız naminə siyasi və sosial təhlükələri sovuşduracaq vətənpərvər cəsarətlə yerinə yetirməlidir. Məhz bu məqsədlə, AMEA MEK Azərbaycanşünaslığa dair bütün elmi resursları əhatə edərək elektron informasiya mühiti ilə dinamik əlaqəyə öz bəhrəsini verə biləcək, rekonstruksiya olunmuş Azərbaycanşünaslıq şöbəsinin yaradılmasına qərar vermişdir. Şöbənin əsas missiyası azərbaycançılıq dünyagörüşünün təbliğatçısı olmaqla yanaşı, azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürünün etibarlı və ciddi elmi informasiya bazasının formalaşmasıdır.

Şöbədə Azərbaycançılıq və Azərbaycanşünaslığa dair ictimai, humanitar, dəqiq və yer elmləri sahəsinə dair tədqiqatların nəticələri – dissertasiyalar, monoqrafiyalar, kitablar, elmi toplular və s. sənəd, materiallar toplanılır.

Həmçinin şöbədə beynəlxalq aləmdə qəbul edilmiş biblioqrfaik standartlara uyğun olaraq sistemləşdirilmə, ənənəvi (əvvəlki illərdə artıq dondurulmuş və nöqsanlı olan aparat-kataloqlar yenidən işlənilməklə) və elektron informasiya-axtarış aparatının yaradılması, ayrıca ən aktual hesab edilən materialların annotasiyalı elektron məlumat bazasının tərtibi, Azərbaycanşünaslıq baxımdan xarici dillərdə və

fərqli formatlarda olan əhəmiyyətli nəşrlərin xüsusi bölmələrinin əlavə edilməsi nəzərdə tutulur.

Azərbaycançılıq və Azərbaycanşünaslığın aktual mövzularına həsr olunmuş, həm Azərbaycan, həm də xarici dillərdə dövri-mətbuat materiallarının elektron məlumat bazasının təşkili də bura daxildir.

Eyni zamanda mütəmadi olaraq cari, retrospektiv, şəxsi və elmi-sahəvi biblioqrafik göstəricilərin nəşri də şöbənin fəaliyyətinin bir istiqaməti olacaqdır.

Yeni yaradılan şöbənin AMEA MEK-in kitabxana-informasiya şəbəkəsinin müasir informasiya-kommunikasiya texnologiyaları bazasında modernləşdirilməsini nəzərdə tutan konsepsiya əsasında əsasnamə və nizamnaməsi də işlənilmişdir.

Strateji məqsədimiz bütün dünya ölkələri ilə beynəlxalq əlaqələrdə informasiya mübadiləsini apara biləcək Azərbaycanşünaslıq üzrə elektron informasiya mərkəzinin yaradılmasıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi