azia.az
azia.az

Bakının görkəmini pozanlar

16-02-2016, 13:52

Bakının görkəmini pozanlar Elanlar üçün xüsusi lövhələrin olmaması şəhərin görünüşünə xələl gətirir.

Azərbaycan, xüsusilə paytaxt Bakı öz görünüşü, həmçinin müasir üslublu binaları ilə göz oxşasa da bu gözəlliyi korlayan bəzi nüanslar var. Bir çox şəhər və rayonlarda binaların, obyektlərin, işıq dirəklərinin üzərinə, dayanacaqlara və s. yerlərə yapışdırılan elanlar həmin ərazinin mənzərəsini tamamilə korlayır, xüsusən bu elanlar cırıq olanda. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bir çox vətəndaşlar qadağalara məhəl qoymur, hətta bəziləri öz iradlarını bildirirlər.
Paytaxt sakini Ramin Heybətov bu elanların yapışdırılması üçün xüsusi lövhələrin olmadığından şikayət edir. "Düşünün, bir nəfər evini satmaq istəyir. Nə “makler”ə, nə qəzetə, nə də digər informasiya vasitələrinə bu barədə məlumat verməyə imkanı yoxdur. Çarə qalır kağıza yazıb divara elan yapışdırmağa”, - deyə sakin əlavə etdi.
Cəfərova Süsən isə əksinə, divarlara yapışdırılan və sonradan cırılan reklam kağızlarının şəhərin görkəmini pozduğunu deyir. Onun sözlərinə görə, səliqəsiz olduğundan insanlar heç həmin elanlara baxmaq istəmir. Bu tip elanlara paytaxtın bir çox ərazilərində rast gəlmək olar.
Sakinlər deyir ki, əvvəllər paytaxtın bəzi yerlərində pulsuz elan yerləşdirmək üçün xüsusi lövhələr olub və elanlar ora yerləşdirilib. Amma təəssüf ki, indi şəhərdə belə lövhələrə rast gəlmək olmur. Yalnız seçkilər zamanı təbliğat kampaniyası üçün xüsusi lövhələr ayrılır.
Rayon icra hakimiyyətlərindən isə bildirdilər ki, elanları hara gəldi yapışdırmağa icazə yoxdur. Bunun üçün xüsusi lövhələr mövcuddur. İcra hakimiyyətindən onu da əlavə etdilər ki, binalardan, işıq dirəklərindən, dayanacaqlardan həmin elan və bildirişlər mənzil təsərrüfat istismar sahələri tərəfindən təmizlənir. Eyni zamanda şəhər polisinə də bu barədə məlumat verilib. Elan və ya bildiriş yapışdırmaq istəyənlərə ilk dəfə xəbərdarlıq olunur, əgər onlar bu xəbərdarlığa məhəl qoymurlarsa, hətta məsuliyyətə də cəlb oluna bilərlər.
Reklam haqqında Azərbaycan Respublikasının Qanununa nəzər yetirsək, görərik ki, reklam - qadağan olunmuş vasitələr və üsullarla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdən kənarda, bu qanunla müəyyən olunmuş vaxtdan əvvəl, yaxud sonra yayımlandıqda, bu, qanunsuz reklam sayılır.
Amma sakinlər tərəfindən yerləşdirilən reklamların şəhərin görünüşünə xələl gətirməməsi üçün müəyyən tədbirlər görülməlidir. Buna nəzarət əsasən ayrı-ayrı icra hakimiyyəti orqanlarının üzərinə düşür.
Qonşu Rusiyada elan və reklamları yerləşdirmək üçün xüsusi yerlər ayrılır. Həmin ərazilərdə lövhələr ayrılır və müəyyən bir müddətə yapışdırılır. Daha sonra həmin lövhələr çıxarılaraq yenisi ilə əvəzlənir.
Vətəndaşlar nəzərə almalıdırlar ki, elanları və bu kimi bildirişləri müxtəlif binalara, dayanacaqlara yapışdırdıqca şəhərin görünüşü pozulur. Onu qorumaq isə xüsusi qurumlarla yanaşı, sakinlərin də borcu hesab olunur. Yəni hər birimiz şəhərimizin çirklənməsi deyil, əksinə daha da gözəl görünməsi üçün əlimizdən gələni əsirgəməməliyik.

Bakının görkəmini pozanlarBakının görkəmini pozanlarBakının görkəmini pozanlar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi