azia.az
azia.az

Qənirə Paşayeva Balıkəsirdə Xocalı həqiqətlərini danışıb

22-02-2016, 12:59

Qənirə Paşayeva Balıkəsirdə Xocalı həqiqətlərini danışıb Millət vəkili Qənirə Paşayeva Balıkesirdən dünyaya səslənib. Lent.az-ın məlumatına görə, Türkiyənin Balıkesir bölgəsində Balıkesir Azərbaycan Dərnəyi, Balıkesir Universiteti azərbaycanlı Öyrənciler Dərnəyi ,TurAz Topluluğunun təşkilatçılığı ilə “Xocalı Soyqırımını unutmadıq” adlı tədbirdə rəsmi şəxslər, ziyalılar, alimlər, sənət adamları və gənclər geniş şəkildə iştirak ediblər.

Xocalı Soyqırımı ilə bağlı sənədli filmin nümayiş edilməsindən sonra tədbirin açılışında çıxış edən tədbirin təşkilatçısı Balıkesir Üniversiteti Azerbaycanlı Öyrənciler Başkanı, TurAz Topluluğu Kurucusu və Başkanı İsmayıl Salmanov, Balıkesir Azərbaycan Dərnəyi Başkanı Sayın Ayhan Candemir, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova, İzmir Azərbaycan Kardeşlik və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban Xocalı Soyqırımı ilə bağlı çıxış edərək gənc nəsillərimizin tarixi həqiqətləri daha geniş bilməsinin və dünyaya daha geniş yayılmasında fəallıqlarını artmasının vacibliyindən danışıblar.
Tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva çıxışına son günlər Türkiyədə terror hücumları, hadisələri zamanı şəhid olan insanlarımızın ailəsinə və qardaş Türkiyəyə başsağlığı verərək terrora qarşı mübarizədə qardaş Türkiyənin yanındayıq deyib. O, daha sonra bildirib: “Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin də işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik“, – deyib.
Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bunları söyləyib: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik”. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.
Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”.
Millət vəkili Azərbaycanın qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib. O, deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir.
Tədbirin sonunda millət vəkili Q. Paşayevaya və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibovaya təşkilatçılar tərəfindən plaketlər təqdim olunub.
Tədbirdən sonra millət vəkili Q.Paşayeva Balıkesirdə təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb və geniş müzakirələr olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi