azia.az
azia.az

Bahçeli Türk Birliyi təklif edir

1-12-2016, 11:26

Bahçeli Türk Birliyi təklif edir
300 milyonluq türk toplumlarının birlik imkanları çoxdurmu?

Türkiyədə “Avropa Birliyi, yoxsa Şanxay Əməkdaşlıq Təşkilatı” müzakirələri davam etdiyi bir vaxtda daha bir alternativ təklif Milliyyətçi Hərəkat Partiyasından gəlib.

MHP sədri Devlet Bahçeli deyib ki, Türkiyə nə AB, nə də ŞƏT-ə üzv olmamalıdır.

O, Türkiyənin Azərbaycanla birləşməsini və Türk dünyası ilə birlik olmağı təklif edib. Sitat: “Türkük, türkçüyük, Turanın sevda və hədəfindəyik. Nə Avropa Birliyi, nə Şanxay Əməkdaşlıq Təşkilatı, biz deyirik ki, sonuna qədər Türk Birliyi! Niyə Azərbaycanla bir olmayaq? 300 milyonluq Türk Dünyasıyla niyə birlik olmayaq?”

Qeyd edək ki, Türk Birliyi, Turan ideyası yeni deyil, ən son olaraq 100 il əvvəl Azərbaycandan da fikir adamları Türk xalqlarının birliyinin yaranmasını təklif ediblər. Sibir, Altay, Ural, Şimali Qafqaz regionlarında yaşayan onlarla türkdilli xalqlar, o cümlədən Azərbaycan, Orta Asiyada Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan kimi dövlətlər, eləcə də 1949-cu ilə qədər mövcud olmuş Sincan-Uyğun Respublikası Türk toplumlarının Sakit okean sahillərindən bugünkü İraq ərazilərinə qədər yayılma coğrafiyasıdır.

Ancaq məlum olduğu kimi, Rusiyada bolşevik inqilabının baş verməsi, daha sonra SSRİ-nin yaranması böyük coğrafiyada siyasi türkçülük hərəkatının zəifləməsinə səbəb oldu. Bu oyanış yalnız SSRİ dağıldıqdan sonra, yəni 1991-ci ildə özünü büruzə verdi. SSRİ-nin dağılması ilə dünya xəritəsində birdən-birə 5 yeni türk respublikası peyda oldu. Həmin vaxt Türkiyə Cümhuriyyəti dövləti də yeni respublikalarda türkçülük fəaliyyətlərini dəstəklədi. Xüsusən də sovetlərin son illərində etnik münaqişə yaşamış, sovet hakimiyyətinə qarşı Milli-Azadlıq Mübarizəsi təşkil etmiş türk respublikalarında, xüsusən də Azərbaycanda Rusiyaya qarşı düşmən münasibətin fonunda milliyyətçilik inkişaf edirdi. İlk vaxtlarda SSRİ-yə olan ehtiyatlı münasibət səbəbindən məsafəli davransa da, sonradan Ankara müstəqil olmuş türk respublikalarında milliyyətçi fəaliyyətləri dəstəklədi. Türkoloji qurultayları təşkil olundu. Siyasi tərəflərlə yanaşı, dil, mədəniyyət, təhsil sahəsində əməkdaşlığın əsası qoyuldu. 1992-ci ildə ilk Türkoloji qurultay Antalyada keçirildi.

Bu fəaliyyət eyni zamanda 90-cı illərdə Yeltsin Rusiyasında da davam etdirildi. Ancaq 2000-ci ildə Putinin hakimiyyətə gəlməsindən sonra Rusiyada mərkəzləşdirmə siyasəti gücləndi. Nəticədə 90-cı illərin azadlıq ab-havasında türkçülük fəaliyyətlərinin genişləndiyi Rusiyanın türk federal subyektlərində məhdudiyyətlər əhəmiyyətli dərəcədə artdı, siyasi və mədəni idarəçilik Moskvaya daha güclü şəkildə bağlandı. Bu dövrdən sonra Türkiyənin özünün də Orta Asiya türk respublikaları ilə münasibətlərində müəyyən passivlik yarandı.

Bu sırada yalnız Azərbaycan istisna təşkil etdi. Azərbaycan Türkiyə ilə daha da yaxınlaşdı, mədəni, ədəbi, iqtisadi, ticarət və siyasi-diplomatik əlaqələr daha da gücləndi. Hətta bir dönəm iki ölkənin konfederasiyada birləşməsi təklifləri ortaya atıldı. Ancaq hər nə qədər ideoloji, tarixi və mədəni əsasları olsa da, Sakit okean - Sibir çöllərindən İraqa qədər yayılmış 300 milyonluq türk toplumlarının siyasi birliyi hələlik real deyil. İlk növbədə bu birliyin əsasını təşkil edəcək dil birliyi yaradılmayıb.

Eyni etnik və dil kökləri olsa da, türk toplumları arasında zamanla dil fərqi kəskinləşib. Bir sıra xalqların bir-birini başa düşməsi belə mümkün deyil. Bu səbəbdən də mütəxəssislər ilk olaraq mədəni əlaqələrin güclənməsi, dil birliyinin yaradılmasına çağırırlar.

Əgər bu gün 6 türk respublikası prezidenti bir araya gələndə rus dilində danışırsa və ya tərcüməçiyə ehtiyac yaranırsa, deməli, ortada hələ mədəni birlik yoxdur. Bunun üçün mədəniyyət və elm sahəsində ciddi yol qət olunmalıdır. Siyasi birlik üçünsə hələlik danışmaq tezdir. Bu sahədə ən çox məsafə qət edən Türkiyə və Azərbaycandır ki, hazırda bu iki ölkə arasında bütün sahələrdə yaxın əməkdaşlıq mövcuddur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi